Türkiyənin məşhur şoumeni və iş adamı, çempionşip təmsilçisi “Hall Siti”nin sahibi Acun Ilıcalı “TV100” kanalında efirə gedən “Az Önce Konuştum” verilişində gündəmə düşəcək açıqlamalar verib.
Fərqli mövzulara toxunan Acunun sözlərini olduğu kimi diqqətinizə çatdırırıq:
“Söz-söhbətə baxmayaraq? bizim “Exxen” kanalında hələ ki Türkiyə çempionatını yayınlamaq fikrimiz yoxdu. Çempionlar Liqası bizə kifayət edir. Bu mövsüm ÇL baxımlı keçir. Pley-offda da maraqlı cütlər var. Mən “Hall Siti”ni aldığım dönəmdə komandada problemlər var idi. Fanatlar əvvəlki rəhbərliyin siyasəti üzündən komandadan küsmüşdü. Amma bizim gəlişimizdən sonra “Hall Siti”nin azarkeş sayı iki dəfə artdı. Şimali Avropada bir klub alanda istənilən halda müəyyən etirazla qarşılaşırsan. Amma mən özümü fanatlara qəbul etdirə bildim. Bütün dünyanı az qala iki dəfə gəzib-dolaşmış bir insan kimi deyə bilərəm ki, Avropada ingilislərin bu qədər fərqli olduğunu düşünməmişdim. Onlara heyran qaldım. Türklərə də çox böyük simpatiyaları var. Gözəl qonaqpərvərlik nümunəsi sərgiləyirlər. Orda küçədə gəzərkən yerli əhalidən aldığım enerji türklərdən aldığım enerji ilə eyni səviyyədədi. Amma açığı, belə qısa müddətdə bu cür sevgiyə necə nail olduğumu özüm də anlamıram. Bizim futbolda xaosun bu dərəcədə böyük olmasınını səbəbini dərk etmirəm. Yunanıstan da bu baxımdan bizimlə eyni vəziyyətdədi. Amma onlar böyük klubların oyununa əcnəbi hakim gətirərək məsələni yoluna qoyublar. Mən də bizimkilərə məhz bunu məsləhət görürəm. Həmişə də bu mövqeyimi dilə gətirəcəm. “Hall Siti” üçün məşqçi axtararkən heç bir türkiyəli mütəxəssislə görüşüm olmadı. Əslində Şota Arveladze elə yarı türk sayılır. Yəni orda bir növ Türkiyəni də təmsil etmiş oldu. Dünyanın ən önəmli iki məşqçisi ilə görüşdüm. Amma mənim ağlım Əmrə Belözoğluda qaldı. İnsanların mənim haqqımda səsləndirdikləri “Fənərbaxça”ya dəstək olmaq üçün o klubdan transferlər həyata keçirir” fikrini anlamıram. Həyatımda bu qədər absurd fikir eşitməmişdim! Mən zatən “Fənərbaxça”ya əlimdən gələn qədər dəstək verirəm. Nə vaxt lazımdısa, yardım etməyə də hazıram. Başqanımız indiyə qədər məndən nə xahiş edibsə, hamısını etməyə çalışmışam. Öz kanalımda “Fənərbaxça” üçün kampaniya həyata keçirdim. Bundan o yana nə ola bilər?! Kanalın üç gecəsini “Fənərbaxça”ya ayırdım. Bu qədər aşkar şəkildə sevimli klubuna dəstək verən biri kimi deyirəm ki, transferlərlə bağlı səsləndirilən tənqidlər doğru deyil. Mən “Antalyaspor”dan da oyunçu almışam. “Qalatasaray”dan da alırdım. Sadəcə, son anda fikrini dəyişərək gəlmək istəmədi. “Trabzonspor” rəsmiləri ilə bir futbolçuya görə ən azı üç dəfə görüşüm oldu. Eləcə də “Beşiktaş”dan da oyunçu istədim. Hər şey həmin andakı şərtlərdən asılıdı. Mən hətta Burak Yılmazı da “Hall Siti”yə gətirmək istədim! Mən “Fənər”liyəm və kluba da dəstək verirəm. İnsanlar bu duruma antipatiya ilə yanaşırsa, bu mənim problemim deyil! Hər kəsin azarkeşlik etdiyi klub var və hər kəs bir şəkildə o kluba dəstək olmağa çalışır. Mənim imkanım çoxdusa, azarkeşlik etdiyim kluba da çox dəstək verməyim normaldı. “Fənər”in oyununa baxa bilmək üçün stadionun önündə gecələdiyim vaxtlar olub. Yeməyimdən kəsib oyuna bilet alırdım! Məgər indi bunu edən azarkeşlər yoxdu? Komandamı sevirəm də, dəstəkləyirəm də. Bunu dilə gətirməkdən də heç vaxt çəkinməmişəm. Arda Gülər? Bizim orta hesabla 10 ildən bir ulduzumuz yetişir. İndi də növbə Ardanındı”.