Birinci liqada çıxış edən “Zaqatala” ciddi maliyyə problemləri ilə üzləşib. Klub hazırda yalnız AFFA-nın ayırdığı maliyyə hesabına yaşayır. Bu isə şimal təmsilçisinin mövcudluğunu təhlükə altına atır.
Futbolun İnkişaf Fondunun (FİF) bölgə klublarının inkişafı, ayaqda qalması üçün yaratdığı “Biznes klub” layihəsindən xəbərdarsız. Bəs Fond “Zaqatala”nın durumundan xəbərdardımı? Bu kluba hansısa şəkildə yardım etmək olarmı?
“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün FİF-in rəhbəri Tural Piriyevlə əlaqə saxladıq:
“Zaqatala”nın durumundan xəbərimiz var. Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik. Əlbəttə, həmişə klubla əlaqə olub. Son 4 il ərzində daim “Zaqatala” ilə yaxın münasibətdə olmuşuq və hər zaman dəstək göstərməyə çalışmışıq. İndiki durumdan da xəbərdaram. Müəyyən planlarımız var. Klub üçün bəzi işlər qurmaq, müəyyən dəstək vermək istəyirik. “Biznes klub”a gəlincə, ümumiyyətlə, bu layihə ilk dəfə məhz “Zaqatala”da tətbiq olunmağa başlayıb, indiyə qədər də davam edir. Sadəcə, son illər ərzində iştirakçı sayında müəyyən azalma olub. Amma bu istiqamətdə də işlərimiz davam edir. Məqsədimiz həmin sayı yenidən artırmaq və “Biznes klub”u ciddi maliyyə mənbəyinə çevirməkdi”.
İSRAYIL XEYRULLAYEV