“Real” bu yay Joze Mourinyonun rəhbərliyi altında heyətini əhəmiyyətli dərəcədə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Madrid nəhənginin heyətinə qatdığı ulduzlardan biri portuqaliyalı Bernardo Silvadı.
“Mançester Siti”də 9 mövsüm keçirən və bu müddətdə 6 premyer-liqa çempionluğu, eləcə də bir ÇL olmaqla 19 titul qazanan 31 yaşlı futbolçu iyunun ortalarında azad agent statusunda “Real”a keçdi. Mundialın ardından tətilə çıxan solaxay futbolçu yeni klubunun düşərgəsinə yalnız avqustun 3-də qoşulub.
İlk məşqin ardından klubun rəsmi kanalına təəssüratları və başqa məqamlar haqda açıqlamalar verən Silva bunları deyib:
“Burda yer almaq çox özəl bir hissdi. Həqiqətən xoşbəxtəm. Bu klub haqda danışmağa ehtiyac yoxdu. Zatən tarixi hər şeyi söyləyir. Belə böyük klubda karyeramda yeni səhifə aça bildiyim üçün həyəcanlıyam. Məqsədim bu komandanın qələbələr qazanmasına yardım etməkdi. Çünki “Real”ın bildiyi yeganə şey qazanmaq, qazanmaq və yenə də qazanmaqdı. Bir az yorğunam. İlk məşq günüm çox çətin keçdi. Amma burdakı insanlarla və komanda yoldaşlarımla tanış olmaq fürsəti əldə etdim. Daha öncə bu futbolçularla dəfələrlə rəqib kimi üz-üzə gəlmişdik. Artıq onlarla eyni hədəf uğrunda mübarizə aparacağıq. Məşqdə hər kəsi çox istəkli gördüm. Hamı yüksək tempdə, həvəslə çalışır. İndidən burda özümü evdəki kimi hiss edirəm. Mourinyoyla da daha öncə bir neçə dəfə rəqib kimi qarşılaşmışıq. Artıq eyni tərəfdəyik. Mourinyo Portuqaliya futbolu üçün çox önəmli məşqçidi. Uşaqlıqdan bəri onun klublarını izləyərək böyümüşük. Portuqaliyanın adını həmişə ən yüksəklərə daşıyıb. Artıq onunla çalışacam və ondan yeni şeylər öyrənəcəm. Mən komanda oyunçusuyam. Çox çalışan və ətrafındakıları da daha güclü etməyə çalışan bir futbolçuyam. Hər gün böyük istək və enerji ilə çalışaraq komandamın oyunlara ən yaxşı şəkildə hazırlaşmasında faydalı olmaq istəyirəm. Fərqli mövqelərdə oynaya bilərəm. Komandanın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram. “Real”ın məndən tələb edəcəyi hər mövqedə üzərimə düşəni etmək üçün burdayam. “Real”a qarşı dəfələrlə oynamışam və hər dəfə də bu klubun böyüklüyünü hiss etmişəm. “Santyaqo Bernabeu”da həmişə inanılmaz atmosfer olur və orda oynamaq mükəmməl bir təcrübədi. “Real” mənə maraq göstərdikdə “yox” cavabını vermək ehtimalım yox idi. İkinci dəfə düşünməyimə də ehtiyac qalmadı. Üstəlik ailəmə daha yaxın olmaq, mədəniyyət baxımından da Portuqaliyaya bənzəyən bir ölkədə yaşamaq fürsəti qazanmışam. Amma bura gəlişimin əsas səbəbi, təbii ki, qazandığı kuboklardan da bəlli olduğu kimi futbol tarixinin ən böyük klubunda oynamaq arzusu oldu. Heyranlıq duyduğum bir çox isim var. Onların başında Zidan gəlir. “Benfika” və Portuqaliya futbolunda iz buraxmış Ruy Koştanı da həmişə örnək saymışam. Eləcə də Luka Modriç həm meydanda sərgilədiyi səviyyə, həm də meydandan kənardakı xarakteri ilə mənim üçün rol modellərdən biri olub. Onunla bir neçə dəfə söhbət etmək imkanım olub. Həqiqətən də örnək götürüləsi insandı. Zidana gəlincə, mənə görə tarixin ən yaxşı 5 oyunçusundan biridi. O da mənim mövqeyimdə oynadığı üçün uşaqlıqdan həmişə oyununa, top hakimiyyətinə, oyunu idarə etmək bacarığına heyran idim”.