Təəssüf ki, "Neftçi" yenə uğursuz nəticələri üzündən gündəmdədi.
Baş məşqçilər, heyətlər, hətta rəhbərlikdə təmsil olunan şəxslər də dəyişir, lakin sanki "ağ-qaralar"ın canına, ruhuna hopan bədbəxtlik yerini xoşbəxtliyə vermir. Paytaxt təmsilçisinin dərdinə nə ciddi rəqəmlərlə ifadə olunan maliyyə vəsaitləri çarə olur, nə funksionerlər, nə böyük azarkeş kütləsinin sevgisi, nə təcrübəli mütəxəssislər, nə də baha, keyfiyyətli futbolçular. Uzun müddətdi hər mövsümün əvvəlində "Neftçi"nin düşərgəsindən gələn ümidli açıqlamalar reallıqda əksini tapmır. Əlbəttə, hər məqama uyğun səbəbləri araşdırmaq, həmin səhvləri "Futbol+"in səhifələrində uzun-uzun təsvir etmək olar. Ki, bunu dəfələrlə etmişik, ancaq işə yaramayıb.
Xatırlayırsızsa, hələ avrokuboklarda yeni "futbol ili" başlamamış "Neftçi"nin heyəti gücləndirməli olduğunu, ancaq bu yöndə fəal addımların atılmadığını yazmışdıq. Lakin bakılılar qarşıdan gələn mövsüm üçün cəmi 4 yeni futbolçuyla kifayətlənməkdə israrlı olduğunu göstərdi. Halbuki mövsümlərarası fasilədə heyətdən 6 oyunçu ayrılıb. "Ağ-qaralar"ın baş məşqçi Yuri Vernidubla müqavilə müddətini uzatması da kollektivin rifah səviyyəsinə müsbət təsir göstərmədi. Hələ Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin evdə keçirilən ilk oyununun ilk dəqiqələrində aydın oldu ki, komandada psixoloji durum qaydasında deyil. Ona görə ki, erkən qollar vuran meydan sahibləri dərhal arxayınlaşdı, özünü mərhələni keçmiş kimi apardı və rəqibin məqsədə çatması üçün münbit şərait yaradıldı. "Neftçi"nin günahını səfər matçında yumaq cəhdi də fayda vermədi. Düzü, gözləntilər də məhz bu yöndə idi. Axı "ağ-qaralar" ilk oyunda nəinki liqa, 3-cü təsnifat mərhələsinə belə hazır olmadığını nümayiş etdirdi. Hətta iş o həddə çatdı ki, kapitan Emin Mahmudov komanda yoldaşlarının dərhal arxayınlaşdığını öz dili ilə etiraf etdi və azarkeşlərdən üzr istədi. Təcrübəli futbolçu kollektivin matça köklənməkdə də ciddi problemlərinin olduğunu bildirdi. Ümumiyyətlə, öz aramızdı, bu ərəfədə həm Yuri Vernidub, həm də Emin Mahmudov bütün çatışmazlıqları dilə gətirdiklərindən bizə söz saxlamadılar. Halbuki buna qədər hamı böyük motivasiyadan, çempionluq, liqa mərhələsi xəyalından danışırdı. Odu ki, təkrarçılığa yol vermədən gələcəyə boylanaq. Görək, orda "Neftçi"ni nə gözləyir?
Məlumdu ki, artıq avrokuboklarla bağlı hansısa xəyaldan danışmağa dəyməz. İndi yalnız 90 illik yubileyin çempionluqla taclandırılmasından söhbət gedə bilər. Azı ona görə ki, bu dəfə azarkeşləri nəinki Konfrans, heç Avropa Liqası da qane etməyəcək. Etməməlidi. "Sabah" "Qarabağ"ı taxtdan endirməyin mümkünlüyünü sübut edib. Masazır təmsilçisinin özü isə avrokubokların liqa mərhələsində mübarizə aparacaq. "Neftçi" məhz bu məqamdan - əsas rəqiblərindən birinin bir neçə cəbhədə güc itirməsindən faydalanmalıdı. "Qarabağ"ın da bu cür halla üzləşmək ehtimalını nəzərə alsaq, "ağ-qaralar" üçün şans var. Kəsəsi, "bayquşlar"la "köhlən atlar"ın avrokuboklardakı uğuru "Neftçi"yə geniş imkanlar təqdim edəcək. Bununla belə, bakılılar ən qısa müddətdə heyətini gücləndirməlidi. Əks halda, onların nəinki böyük hədəflərə çatmaq, mövsümü mükafatçılar sırasında bitirmək şansı belə minimuma enəcək. İndi bakılılar daha bir çətin sınaqla üz-üzədi. Uzun müddətdi komandanı əfv edən, dar günlərdə üz döndərməyən, uğursuzluqlara göz yuman, Konfrans Liqasına vəsiqə sayəsində toparlanan tərəfdarlar yenidən həmin ümidsizlik çuxurundadı. "Neftçi" ya onlarla birgə yenidən dirçəlməli, ya da daha bir mövsümü ortabablar sırasında başa vurmaq reallığıyla barışmalıdı.
Seçim sizindi, "ağ-qara" camiə. Ağ, yoxsa qara?
KƏNAN BAHADIR