Türkiyəli məhşur şoumen Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' fanatlarına kabus yaşatmaqda davam edir.
Ilıcalının böyük ümidlərlə baş məşqçi postuna gətirdiyi Şota Arveladze komandasını heç cür böhrandan çıxara bilmir. ''Pələnglər'' dünən çempionşipin 40-cı turunun açılış oyununda doğma meydanda ''Haddersfild''ə minimal hesabla boyun əydilər. Ədalət naminə komandanın bütün ikinci hissəni azlıqda oynadığını və qolu yalnız 79-cu dəqiqədə buraxdığını bildirək. Bu, ''Hall Siti''nin ardıcıl 2-ci, Arveladzenin başçılığı altında keçirdiyi 13-cü oyunda isə 7-ci məğlubiyyəti oldu (3 qələbə, 3 heç-heçə). 20-ci pillədə qərarlaşan ''sarı-qaralar'' 40 oyuna 41 xal toplayıblar və düşmə zonasından 13 xal öndədilər. Amma 22-ci pillədəki ''Barnsli''nin 2 oyun az keçirdiyini bildirək.
''Hall Siti'' həm də son matçda uduzmaqla ardıcıl 6-cı ev oyunundan məğlubiyyətlə ayrıldı və öz antirekordunu təkrarladı! Komandanın evdə ardıcıl 6 çempionat oyununda uduzmasına sonuncu dəfə 1992-ci ilin sentyabr-noyabrında rast gəlinmişdi. O vaxt 3-cü divizionda çıxış edən ''Hall Siti'' mövsümü 20-ci pillədə tamamlamışdı.