“Orhus” – “Sabah” oyunu ilə bağlı detallara Danimarka mətbuatında da geniş yer verilib.
“Bayquşlar”ın rəqibinin rəsmi saytında yayınlanan reportajla tanışlıqdan sonra həmin yazılara keçid alacağıq. “Orhus”un mətbuat xidməti isə oyunu belə təsvir edib:
“Randersdəki müvəqqəti stadionumuzda “Sabah” üzərində vacib qələbə qazandıq. Oyuna rəqibdən daha yaxşı başladıq. İlk təhlükəni biz yaratdıq: Röslerin başla zərbəsi qapının üstündən keçdi. Oyun ərzində çox diqqətli müdafiə olunmalıydıq. Çünki Azərbaycandan gələn qonaqlar yetərincə sürətli, dinamik futbolçulardan təşkil olunub. İlk hissədə xüsusən sağ cinahdan hücumlar quran “Sabah” bu istiqamətdə uğurlu olmadı. Bir qədər sonra cərimə meydançasının kənarında yaxşı fürsət əldə etsələr də, sürətli qaça bilmədilər. İlk hissədə çoxlu təkbətək mübarizə oldu. Mikael Anderson dəfələrlə “otları dişlədi”. Sloveniyalı hakim xeyli qayda pozuntusuna yol verən “Sabah”ın futbolçularına xəbərdarlıq etməkdə maraqlı görünmürdü. Deyərdik ki, Obrenoviç topu bir neçə dəfə rəqibə hədiyyə etdi.
Çempionlar Liqasının son matçında zədələnən Tinqager bu oyunda meydana çıxdı. Təəssüf ki, yenidən zədələnən müdafiəçi yarım saat sonra Andersenlə əvəzləndi. Həqiqətən də böyük bəxtsizlikdi. Yaxşı ki, Bogere bizi çox üzülməyə qoymadı. Onun cərimə meydançasının kənarından sərt şəkildə vurduğu top qeyri-adi uçuşdan sonra tora daxil oldu. Fasiləyə qədər sol cinahdan da hücumlar edən qonaqlar qısa ötürmələrlə qol vurmağa yaxın olsa da, istəyinə çatmadı.
Azərbaycan komandası ikinci yarıda daha yaxşı oynadı. Keçidlərdə sürətli və təhlükəli idilər. Onlar geridönüş edə bilərdilər. Sadəcə, Emmeri rəqibin işini xeyli çətinləşdirirdi. Bir müddət sonra daha bir fürsət qazanan Bogere bu dəfə də dəqiq oynadı. Onun ikinci qolunun səsi hətta Orhusda da eşidildi. Amma “Sabah” dərhal Randersi sükuta qərq etdi. Simiç fərqi azaltmağı bacardı. Belədə daha nikbin görünən qonaqlar daha təhlükəli oynadı. Lakin qapı dirəyi “Orhus”dan yana oldu. Qısa müddət sonra Bogere üçüncü qolunu vurmağa yaxın olsa da, qeyri-dəqiq zərbə ilə yadda qaldı.
Ümumiyyətlə, hücumlar əvvəldən sona qədər davam etdi. Final fitinin yaxınlaşdığı vaxtlarda müdafiə və hücumda balansı qorumaq çox çətin idi. Buna rəğmən, qələbəyə doğru irəlilədik. Solvetin qolunun ofsayd səbəbindən sayılmaması nəfəsini tutub VAR-ın qərarını gözləyən azarkeşlərimizi sevindirdi. İndi bizi səfər oyunu gözləyir. Azərbaycanda “Sabah”ın ilk qolu vurub ümumi hesabı bərabərləşdirməsinə imkan verməməliyik. Yoxsa oyun hamı üçün yenidən başlayacaq”.
“Tipsbladet.dk” saytı matç haqda bunları yazıb:
“Çətin idi, amma bacardıq. Artıq Azərbaycana inamla, ümidlə yollanmaq olar. İlk oyun göstərdi ki, Bogere əla oyun qurucusudu. Çox inkişaf edib. O, hər hücumda azı iki rəqib futbolçunu zərərsizləşdirə bilirdi. Knudsen də tərifəlayiq oynadı. Yarımmüdafiə xəttində nəzarəti itirmədi, məhsuldar ötürmə verdi. “Orhus”un ən pis tərəfi bəzi futbolçuların yorğun görünməsi idi. Emmeri isinmə hərəkətləri edərkən belə enerjisinin bitdiyini göstərirdi. Röslerin kiçik səhvləri oldu. Yeni transfer olsa da, start heyətində çıxış edən futbolçu çox yaxşı oyun sərgilədi. Təəssüf ki, oyunun bitməsinə az qalmış dəhşətli qıcolmalarla üzləşən oyunçu meydanı tərk etməli oldu. Yakob Poulsenin əsas başağrı səbəbi isə Tinqagerdi. Baş məşqçinin ona azı bir həftə istirahət verməkdən başqa çarəsi yoxdu. Belədə “Orhus” səfərdə müdafiə olunmaqda ciddi çətinliklə üzləşəcək. İndi yalnız onu əvəz edən Röslerin Abşeronda da əla oynayacağına inanmalıyıq”.
“Campo” nəşri isə cavab oyunundan əvvəl ön plana çıxan narahatlıqlardan bəhs edib:
“Oyuna əsasən deməliyik ki, hər iki komanda pley-offa yüksəlmək istəyir. Bəli, 2:1 hesablı qələbə “Orhus”u buna daha yaxın edir. Lakin təmsilçimizin ev oyununda ciddi problemlərlə üzləşməsi bizi narahat etməlidi. Həmin məsələlərə keçiddən əvvəl Bogere haqda yazmalıyıq. Çünki gənc əfsanə “Orhus”a böyük xoşbəxtlik bəxş etdi. Kolin Rösler də yaxşı oynadı. Sancılardan əziyyət çəksə də, mübarizədən çəkinmədi. Ancaq bu cür cəsarət ona həm də ziyan verə bilər. Tinqager yenidən zədələndi, Yönsson ikinci hissədə gözlənilmədən əvəzləndi. Zədəsini yenicə sağaldan Karstensen yalnız ikinci hissədə oynaya bildi. Luka Kallo və Yonas Yessen-Abbounun da zədəli olduğunu unutmayaq”.
KƏNAN BAHADIR