“Təftişin nəticəsi məxfidi” dedi və dayandı

8.08.2026 11:05 103
Ölkə futbolu / Aktual
Növbəti mövsüm ev oyunlarını uzun fasilədən sonra Gəncə şəhər stadionunda keçirməyi planlaşdıran “Kəpəz” dünən bu arenada test xarakterli oyuna çıxıb.

“Kəpəz” – “Karvan-Yevlax” matçı (2:1) əsasən stadionun indiki vəziyyətini qiymətləndirmək məqsədi daşıyıb. Oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının texniki-idman departamentinin yarışların təşkili və qeydiyyat şöbəsinin baş mütəxəssisi Elvin Yaqubovla Media və marketinq departamentinin media şöbəsinin baş mütəxəssisi Anar Əsədov da olub. Onların əsas vəzifəsi stadionun premyer-liqanın tələblərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq idi.

Müfəttişlər stadionda nə gördü? Burda premyer-liqa matçlarının keçirilməsi üçün maneə varmı?

“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün Gəncəyə səfər edən Elvin Yaqubovla əlaqə saxladıq:

“Bu suallara mən cavab verə bilməyəcəm. Təftişin nəticəsi məxfidi. Stadionla bağlı hesabat PFL-ə təqdim olunub. Yekun qərarı ən qısa zamanda qurum verəcək. “Kəpəz” ilk oyununu evdə keçirəcək. Görüşün baş tutacağı stadionun adı açıqlananda bu məsələyə aydınlıq gələcək”.

İSRAYIL XEYRULLAYEV