Qonsalo İquayn bir neçə həftə əvvəl verdiyi sözə əməl edib: karyerasını başa vurub.
Məşhur futbolçu oktyabrın 18-də rəsmi oyunda sonuncu dəfə meydana çıxıb. İndi geriyə boylanaraq onun yaşıl meydandakı uğur və uğursuzluqlarını qısaca xatırlayacaq və səbəbkarın dilindən çıxan ən maraqlı fikirlərlə tanış olacağıq.
Xəyal sona çatdı
34 yaşlı hücumçu peşəkar futbolla “İnter Mayami”nin formasında vidalaşıb. Onun komandası ABŞ çempionatının ən yüksək liqası sayılan MLS-in pley-off mərhələsinin 1/8 finalında “Nyu York Siti”yə 0:3 hesabıyla məğlub olub. Oyundan sonra göz yaşını saxlaya bilməyən İquayn karyerasını başa vurması ilə bağlı bunları deyib:
“Oyunun final fiti səslənərkən ən çox sevdiyim şeyin başa çatdığını hiss etdim. Həyatımın yarısı 17 il yarımlıq karyeram idi. Karyeramın müxtəlif dövrlərini əks etdirən mənzərələr bir andaca gözümün qabağından keçdi. Yaşadıqlarım, işlərim və bu günə qədər qazandıqlarım... Bu sahədə əlimdən gələn hər şeyi etdiyim üçün çox xoşbəxtəm. Ən vacibi də budu. Xəyal sona çatdı, indi mənim üçün daha fərqli həyat başlayır”.
“İnter Mayami”ni çalışdıran Filip Nevill onun qərarını belə şərh edib:
“Biz ona meydanı məhz bu cür - vurduğu qollarla, sevinclə, birgə oynadığı komanda yoldaşlarını qucaqlamaqla tərk edəcəyini demişdik. Hamımız məhz indiki mənzərəni gözləyirdik. O, özü ilə fəxr edə bilər”.
786 oyuna 366 qol və 127 məhsuldar ötürmə
“River Pleyt”in yetirməsi olan Qonsalo bu komandada 2005-07-ci illərdə çıxış edib. Sonra uzun müddət Avropada top qovub: bu qitədə “Real” (2007-13), “Napoli” (2013-16), “Yuventus” (2016-18), “Milan” (2018-19) və “Çelsi”də (2019) oynayıb. “İnter Mayami”də 2020-ci ildən oynayan hücumçu 2009-18-ci illərdə Argentina yığmasında keçirdiyi 75 matçda 31 qol vurub. O, milli komandanın tarixində ən yaxşı 5-ci bombardirdi. İquaynın klub karyerasında 711 oyuna 335 qolun müəllifi olduğunu da xatırladaq. Ümumilikdə isə meydana çıxdığı 786 oyunda 366 qol və 127 məhsuldar ötürmə edən hücumçu 14 titul qazanıb.
Boşa verilən şanslar və bitmək bilməyən tənqidlər
Onu 34 yaşında yaşıl meydanı birdəfəlik tərk etməyə vadar edən əsas səbəb daimi tənqidlər idi. Qonsalo futbolçu həyatı boyunca bitmək bilməyən tənqidlərdən bezmişdi. Bir neçə həftə əvvəl bunu dilə gətirmişdi.
Onu daha çox Argentina yığmasındakı çıxışına görə tənqid edirdilər. Təsadüfi deyil ki, 2019-cu ildə sıralarında bir titul belə qazana bilmədiyi bu komandanı tərk etdiyini dilə gətirmişdi: “Komanda ilə münasibətlərim normaldı, yığmanı mümkün olan ən yaxşı şəkildə tərk etmək istəyirəm”. Həmin vaxt beynəlxalq karyerasını başa vurmaq üçün ən münasib məqam yetişmişdi: milli formadakı çıxışına görə ünvanına yönələn tənqidlər həddən artıq səviyyəyə çatmışdı. Buna nə özü dözə bilirdi, nə də ailəsi.
Amma tənqidlər də əsassız deyildi. Qonsalo bir sıra vacib oyunlarda əlverişli şansları boşa vermişdi. DÇ-2014-ün Almaniya ilə finalında Noyerlə təkbətək qaldığı epizodda tələskənliyə yol verməklə topu hədəfdən kənara yollamışdı. İkinci epizodda topu tora qovuşdursa da, bu qol ofsayda görə hesaba alınmamışdı. Almaniyanın 1:0 hesablı qələbəsini ehtiyat oyunçular skamyasından izləməli olmuşdu.
Hücumçunun növbəti bağışlanmaz səhvi bir ildən sonra keçirilən Amerika Kubokunun finalına təsadüf etdi. Çili ilə həlledici oyun penalti seriyasına qədər uzandı. Və zərbələrdən birini Qonsalo vurdu: topa çox güclü zərbə endirdi və onu qapıdan çox kənara yolladı. Argentina yığması bu finalı da uduzdu.
Növbəti final 2016-cı ilə təsadüf etdi. Rəqib bu dəfə də Amerika Kubokunun son oyununda Çili idi. İquayn matçın əsas vaxtında qol vurmaq üçün gözəl imkan qazandı. Qapıçı ilə üzbəüz qaldığı epizodda topu onun başı üzərindən aşırmaqla qol vurmaq istədi, lakin “çərçivə”yə yönəldə bilmədi. “Albiselesta” yenə eyni rəqibə penalti seriyasında məğlub oldu. Amma bu dəfə Qonsaloya “lotereya” adlandırılan sınaqda şans verilmədi.
Bundan sonra ona yönələn tənqidlər görünməmiş səviyyəyə çatdı. Sanki hücumçuya bütün ölkə nifrət edirdi…
O, bir müddət sonra milli formadakı bəzi oyunlarını belə xatırlamışdı:
“Mən Belçikaya vurduğum qolla yığmanın 24 ildən sonra dünya çempionatının yarımfinalına çıxmasını təmin etmişəm. Seçmə oyunlarda da qollar vurmuşam. Amma əksəriyyət yalnız səhvləri xatırlayır. Bu futboldu. Haqqımda danışılanlara görə aləmin necə əziyyət çəkdiyini dəfələrlə görmüşəm. İctimaiyyət konkret məqama görə fikir yürüdür, onlar heç vaxt özlərini fubolçunun yerinə qoymurlar. Məsələnin futbol yönünün tənqidi cəmiyyətdə asanlıqla qəbul olunur. Məsələn, filankəsin daha yaxşı hücumçu olduğu söylənilir. Amma futboldankənar məsələni tənqid edir və kimisə sancırlarsa, bu pisdi, zəhərləyicidi”.
Argentinalı ABŞ-a pənah gətirmişdi
İquayn bir il əvvəl ölkəsində çıxan “La Nasion” nəşrinə müsahibəsində açıq etirafları ilə diqqəti cəlb etmişdi. Canına hopdurulan ağrı-acısını dilə gətirmişdi. Yalnız ABŞ-a gələndən sonra bir qədər rahat nəfəs almağa başladığını, əbədi tənqidlərdən uzaqlaşdığını demişdi. Sanki futbol aləmində itdiyini söyləmişdi:
“Bugünlərdə arxada qalan hər şey – tələblər, vəzifələr, ölkədən ölkəyə keçidlərin baş verdiyi illər haqda düşündüm. Bütün bunlar istəyinizdən asılı olmayaraq, psixi vəziyyətinizə təsir edir. Və bu həqiqətdi ki, indi özümü şad və xoşbəxt sayıram. Mən istəyimə çatmışam: təzyiq, tələbkarlıq, həmişə haqqımda danışan medianın tənqidi və azarkeşlərin təhqirləri ilə dolu olan kisəni yırtıb tərk etmişəm. Burda hər şey başqa cürdü. ABŞ-da futbol öncül mövqedə deyil, bu ölkədə təzyiqi üzərinə götürən başqa idman növləri də var. Liqa inkişaf edib və bu planda yüksəlişini davam etdirir. Amma burda adamlar səni küçədə görən kimi səhvlərinə, əlverişli vəziyyətlərdə qol vura bilmədiyinə, meydandan qovulduğuna və ya qovulmadığına görə mühakimə etməyəcəklər. Eyni fikirləri mətbuat haqda da söyləmək olar. İndi istədiyim kimi sakit yaşayıram. Bu, mənim üçün yeni həyatdı. Mən indi küçədə rahat gəzirəm və hamı kimi növbədə dayanıram. Özümü yenidən normal adam kimi hiss edirəm. Hərdən bu vəziyyət adamı şoka salır, hərdən isə özümə “nə yaxşıdı! Ona görə ki, indi istədiyim həyatı yaşayıram” deyirəm. Çox xoşbəxtəm və ABŞ-a gəlmək qərarımdan razıyam”.
Qonsalo aydın şəkildə Birləşmiş Ştatlara pənah gətirdiyinə işarə vurmuşdu. Onun ötənilki müsahibəsində dilə gətirdiyi bu məqamlar da Avropa və Cənubi Amerikadakı həyatından təngə gəldiyini göstərirdi:
“Elit səviyyədə olmağın dəyəri çox yüksəkdi. Hətta indi adamlar “İquayn, sən nədən şikayətlənirsən” deyə soruşurlar. Axı mənim bolluca pulum var! Sağlamam, qızım var və istədiyim yerdə yaşaya bilərəm. Lakin hamı bilsin ki, Qonsalo bu səviyyəyə çatmaq üçün min bir əzab-əziyyət çəkib. Məndə olan pullar göydən düşməyib. Onları qazanmışam. Doğrudu, pul adamın işinə yarayır, ancaq adamı xoşbəxt etmir. Dünyanın bütün pullarına sahib ola bilərsən. Amma pis oğlansansa, kimlə birgə sevinəcəksən? Sən tək qalacaqsan…”
Argentinalı futbolçu 2014-cü ilə qədər dünyada ən yaxşı “9 nömrə” sayıldığını deyir. Lakin həmin il keçirilən dünya çempionatından sonra hər şeyin onun üçün sona çatdığını da vurğulayır: “Nə vaxtsa milli komandadakı çıxışımın ədalətli şəkildə qiymətləndiriləcəyinə inanıram. Tənqidçilər gec-tez mənim yığmada nələr etdiyimi düzgün dəyərləndirəcəklər. Buna heç bir şübhəm yoxdu: zaman hər şeyi yerbəyer edəcək”.
O, bundan sonra futbolda olmayacaq!
Qonsalo hələ bir il əvvəl karyerasını başa vurandan sonra futbolda olmayacağına qərar verib. Artıq məlum səbəblərdən həyat yolunu başqa istiqamətdə davam etdirəcək. Hər halda, futbolda nə dərəcədə məşhurluq qazanıbsa, az qala bir o qədər tənqid və təhqirlərlə üzləşib. Bax, buna görə bir daha bu idmanla bağlı hər hansı işlə məşğul olmayacaq. İquayn bunu özü üçün 100 faiz müəyyən edib!..
Reaksiyalar
Lionel Messi, Argentina yığmasının hücumçusu:
“Çoxlarının ona qarşı ədalətsiz mövqe tutduğunu düşünürəm. O, ilk növbədə jurnalistlərin sərt fikirləri ilə üzləşirdi. Bu isə futbol ictimaiyyətində Qonsalonu daha çox müzakirə olunan oyunçuya çevirirdi. Onun düşdüyü vəziyyət dəhşətlidi, ona görə ki, İquayn əla karyeraya malik olub: dünyanın ən yaxşı komandalarında oynayıb, çoxlu qol vurub, çempion olub. Lakin məhz burda, Argentinada layiq olmadığı münasibətlə üzləşib”.
Qabriel Batistuta, Argentina yığmasının sabiq hücumçusu:
“İquayn möhtəşəm hücumçudu. Ona Argentina istisna olmaqla bütün dünyada hörmət edilir. Vətənində vurduğu yüzlərlə qolu ilə yox, bir neçə qol şansını qaçırmasıyla xatırlanır”.
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Futbolçuların təqaüdə çıxması məyusedicidi. İquaynla birgə işlədiyimiz illəri çox xoş hisslərlə xatırlayıram. Vaxtilə Qonsalo ilə bir komandada çalışmaq mənim üçün çox yaxşı idi. Futbolçu iki dəfə yaşayır. Ona ikinci həyatında ən xoş arzularımı diləyirəm”.