DÇ-2022-nin pley-offunun yarımfinalında Portuqaliya ilə qarşılaşmada qaçırdığı penaltidən sonra yığma karyerasını başa vuran Burak Yılmaz “TV 100” kanalının qonağı olub. Ünlü forvard həm yığma, həm klub karyerasında yaşadıqları, həm də bundan sonrakı planları haqda önəmli açıqlamalar verib.
O epizoddan sonra özümü yerə atmamağa çalışırdım
• Bildiyiniz kimi, mən həm də ''Beşiktaş''ın rəsmi üzvüyəm. Yəni son seçkidə səs vermək hüququm var idi. Amma səsvermədə iştirak etmədim.
Mətbuatın gündəminə bu şəkildə düşmək istəmədim. İştirak etsəm, kimə səs verərdim? Təbii ki, Ahmet Nur Çəbiyə. Düzdü, digər namizəd də çox dəyərli insandı. Amma mövcud başqan Çəbi həm təcrübəlidi, həm də işinin öhdəsindən yaxşı gəlir.
• ''Beşiktaş''a transfer olunarkən bir tərəfdən mətbuat, digər tərəfdən fanatlar ilə münasibətləri yoluna qoymalıydım. İkisinin də öhdəsindən gəldim. Çünki futboldankənar şeylərlə gündəmə gəlmədim. Tam meydandakı işimə kökləndim. Təbii ki, Şenol Günəşin də əllərindən öpürəm və onu həmişə böyük hörmətlə xatırlayıram. Ümumiyyətlə, ''Beşiktaş''a gəlişim çox çətin alındı. Günəş bəlkə də həyatında ilk dəfə bir futbolçunun yaxşı oynayacağına söz verib bu transferdə məsuliyyəti tam öz üzərinə götürdü. Onun haqqını heç vaxt ödəyə bilməyəcəm. O vaxt fanatlar tərəfindən sevilmirdim. Bunun da əsas səbəbi ''Qalatasaray''da oynadığım dönəmdə Eskude ilə yaşadığım bir epizod idi. Mən psixologiyanı da çox gözəl anlayıram. Açığı, həmin epizod üzərimdə böyük bir təzyiq yaratdı. Artıq özümü yerə atmamağa çalışırdım. İstəmirdim ki, fanatlar yenidən həmin olayı xatırlasınlar. ''Beşiktaş''a gəldikdən sonra ilk oyunlar mənim üçün çox çətin keçmişdi. Bunu kiməsə söz atmaq üçün söyləmirəm.
''Beşiktaş''ın həmişə qəlbimdə xüsusi yeri olub
• 4 nəhəng klubumuzun hər birində oynamışam. Onların hamısında məsuliyyətdən qaçmadım və fədakarlıqlar etdim. ''Fənərbaxça''dan başqa digər hər bir nəhəngdə qazandığım paranın qarşılığını artıqlamasıyla ödədim! ''Fənərbaxça''da normal oynaya, qol vura bilmədim. Bir insan inkişaf etməsi üçün səhvlərini görməyi və qəbul etməyi bacarmalıdı. Mən də səhvlərimi görə bildikdən sonra inkişaf etməyə başladım.
• Amma ''Beşiktaş''ın həmişə qəlbimdə xüsusi yeri olub. O klub mənim zəif yerimdi. Orda oynayanda da, ayrılanda da çox fədakarlıqlar etdim. Buna görə peşman deyiləm. İndi olsa, yenə də edərəm. Amma bunları ''Beşiktaş'' məni bir gün geri qaytarsın deyə eləməmişəm. Klubu sevdiyim üçün etmişəm. ''Qalatasaray''da oynadığım dönəmdə də hər kəs ''Beşiktaş''lı olduğumu bilirdi. Amma çıxıb aslanlar kimi oynayırdım. Elə ''Beşiktaş''a qarşı oyunda da əlimdən gələni edirdim.
İrqçi deyiləm, amma yerli oyuçuların oynamasını istəyirəm
• Bu söz-söhbətə birdəfəlik son qoymaq istəyirəm. Birmənalı şəkildə bu yay ''Beşiktaş''a transfer olunmayacam! Zatən klubun da mənimlə bağlı hansısa planı yoxdu. ''Beşiktaş''a fanatları sevindirə biləcək güclü bir forvard gəlməlidi. 2020/21-də çempion olmaq mənim qismətində var imiş. ''Beşiktaş''da qalsaydım da, çempion olacaqdım. Amma həmin çempionluğu Fransada yaşadım. Hərçənd seçim imkanım olsaydı, təbii ki, ''Beşiktaş''la çempionluq yaşamağa üstünlük verərdim.
• Limit məsələsində mən heç vaxt fikrimi bildirməkdən çəkinməmişəm. Mən vətənsevərəm, millətçiyəm! Türk qardaşlarımı sevirəm. Qətiyyən irqçi deyiləm. Sadəcə, türk qardaşlarımın daha çox oynamasını və uğur qazanmasını istəyirəm. Bəzən 14 legionerə qarşı bu cür fikirlər söyləyəndə ciddi tənqidlərə məruz qalmışdım. Türkiyəli futbolçu heç vaxt pulunu vaxtında almır. Üstəlik bunun qarşılığında heç vaxt klubdan şikayət etmir. Çünki şikayət etsə, dərhal heyətdən kənarlaşdırılacaq. Əcnəbilər isə hər şəraitdə pulunu alır. Evlə təmin olunurlar, uşaqları məktəbə düzəldilir. Yəni hər şeyə görə klub məsuliyyət daşıyır. Üstəlik bir problem olan kimi məşqə çıxmırlar, uzun və soyuq səfərlərə getmirlər!
Kampuş məni çempion ola biləcəyimizə inandırdı
• ''Beşiktaş''da oynadığım dönəmdə o vaxt ''Lill''də çalışan Luiş Kampuş İstanbula gəldi. Menecerim mənə ''Lill''dən təklif gəldiyini və Kampuşun İstanbulda olduğunu deyəndə həyəcanlandım. Əslində ayrılmaq niyyətim yox idi və bunu da menecerimə bildirdim. Kampuş bir həftə İstanbulda qaldı və məni çempion olacağımıza inandırdı. Evimdən tutmuş maşınıma qədər hər şeyi mənə anlatdı. Düzdü, PSJ-ni qabaqlayıb çempion olacağımıza heç cür inanmırdım. Amma o məni inandırmağı bacardı. Adam haqlı çıxdı. Çox böyük işlər gördük. Mən də bunun ən böyük parçalarından biri oldum.
• Futbolun gözəlliyi də ondadı ki, bir sonrakı mövsüm nə olacağını, kimin hansı formada olacağını heç kim bilmir. ''Beşiktaş'' da çempion oldu. Amma sonrakı mövsüm neçənci yeri tutdu? ''Lill''də bizim də başımıza eyni olay gəldi. Belə enişdən heç kim “sığortalanmayıb”. Düzdü, ''Real'', ''Mançester Siti'' kimi bəzi klublar var ki, bunu yaşamır. Amma başqa klublar yaşayır.
Bütün bunlar bizdə AÇ-dən öncə eyforiya yaratdı
* AÇ-2020-dən öncə biz DÇ-nin seçmə mərhələsinə çox yaxşı başladıq. Hər kəs bizdən AÇ-də uğurlu nəticə, hətta çempionluq gözləməyə başladı. Bu da üzərimizdə təzyiq yaratdı. Düzdü, həm oyunçularımız istedadlı idi, həm də təcrübəli baş məşqçimiz var idi. Amma açıq danışsaq, ümidləri doğrulda bilmədik. Bu uğursuzluqda mən başda olmaqla, baş məşqçi və rəhbərlik də daxil olmaqla hər birimizin günahı var. Ən azı final hədəfi ilə turnirə yollanmağımız yanlış oldu. İnsanlar düşünürdü ki, Türkiyə bir yol tapıb qələbələr qazanacaq. Düzdü, bunu uğursuzluğun konkret səbəbi kimi göstərmək düzgün deyil. Amma bütün bunlar bizdə kiçik də olsa, bir eyforiya yaratdı və turnirin gedişində sanki real həyata qayıtdıq! Bir məqamı unutmuşduq ki, bizdə oyunçuların böyük əksəriyyəti karyerasında ilk dəfə nəhəng turnirə yollanmışdı.
• Mükafat məsələsini yenidən gündəmə gətirmək istəmirəm. Amma birmənalı şəkildə deyə bilərəm ki, mən heç bir mükafat almamışam. Bunlar çox çirkin iddialardı. Heç bir məbləğ də açıqlamaq istəmirəm. Karyeramı bitirdikdən sonra bir gün bu məsələni olduğu kimi ictimaiyyətə açıqlayacam. O zaman adamlar mənə qarşı nə qədər haqsızlıq etdiklərini anlayacaqlar. Çünki bu məsələdə həqiqətən də çox haqqımız yeyildi.
Ardıcıl 17 penaltini dəqiq vurmuşdum
• Portuqaliya ilə oyuna qədər ardıcıl 17 penaltini dəqiq yerinə yetirmişdim. Ümumiyyətlə, son 10 ildə həm yığmada, həm də oynadığım klublarda penaltiləri mən vururdum. Amma həmin gün qismət deyilmiş. Mənə ilk zəng vurub təsəlli verən Şenol Günəş oldu. Onun əllərindən öpürəm. Çox duyğusal sözlər dedi və məni ağlatdı. Həmin oyun həmişə qaçırdığım penalti ilə xatırlanacaq. O epizod hər şeyin üstündən xətt çəkdi. Vursaydım, sonrakı oyunda da meydana çıxacaqdım. Hədəfim komandanı DÇ-yə daşıdıqdan sonra yığma karyeramı bitirmək idi. Amma alınmadı. Artıq psixoloji cəhətdən yorulduğunu hiss etdim. Fiziki cəhətdən heç bir problemim yoxdu. Amma 36-37 yaşda həftədə 3 dəfə oyuna çıxmaq çətinləşir. Görünür, qismətimdə yığma ilə məhz bu cür vidalaşmaq var imiş. Belə ayrıldığıma görə də qürur duyuram. Çünki qovulmadım, gözdən düşmədim. Öz qərarımla ayrıldım.
Bu yaşda “Hall Siti”də oynaya biləcəyimə inanmıram
• İndiyə qədər Türkiyədən heç bir klub rəsmisi ilə görüşməmişəm. Düzünü desəm, Avropada qalmaq istəyirəm. Sərbəst statusda olan futbolçuyam. Avropadan ciddi təkliflər almışam. Mənimlə 2-3 illik müqavilə imzalamaq istəyən bir neçə klub var. Amma bir daha deyirəm ki, Türkiyədən təklif almamışam və heç kimlə görüşməmişəm.
• Acun Ilıcalının məni ''Hall Siti''yə aparmaq istəyi haqda yazılanlar doğrudu. Acunla görüşüm də oldu. Amma çempionşip çox sərt turnirdi. Orda komandalar bir mövsümdə 60-a yaxın oyun keçirir. Bu yaşda bu tempə tab gətirə biləcəyimi düşünmürəm. Acuna da bunu söylədim. O güclü bir forvard axtarışındadı. Bu yaşda fiziki cəhətdən ''Hall Siti''də oynaya biləcəyimə inanmıram. Bundan sonra hələ 2 il də yüksək səviyyədə oynamağı planlaşdırıram. Bu müddət tamam olduqdan sonra vaxt itirmədən yönəticiliyə və ya baş məşqçiliyə başlamaq istəyirəm. Amma bu mövzuda hələ yekun qərarımı verməmişəm. 2-3 klub var ki, mənə ikiillik müqavilə və sonra da məşqçi kimi iş təklif edib. Onlardan biri ilə artıq 70 faiz anlaşmışam. Konkret desəm, beşillik bir təklif var. Bunun iki ilini futbolçu, üç ilini məşqçi kimi keçirəcəm. Belə layihə çox xoşuma gəlir.
ƏLİ