Bir qədər stajlı futbolsevərlər, xüsusilə də “Mançester Yunayted” fanatları, yəqin ki, Nemanya Vidiçi gözəl xatırlayır.
Serbiyalı müdafiəçi 2006-nın yanvarında cəmi 7 milyon funt sterlinqə “Spartak”dan transfer olunmuşdu və İngiltərəyə ayaq basanda futbol ictimaiyyətinə o qədər də tanış deyildi. Amma Vidiç “qırmızı şeytanlar”ın heyətində 2014-cü ilə qədər çıxış etdi və klubun əfsanələrindən birinə çevrildi. O, 5 ölkə çempionluğu və bir ÇL daxil olmaqla 15 titul qazandı. Təkcə bir faktı vurğulayaq ki, İngiltərədə Kriştiano Ronaldodan tutmuş Ueyn Runiyə, Didye Droqbaya və Robin ban Persiyə qədər bir çox ulduzların “at oynatdığı” illərdə Vidiç 2 (!) dəfə (2008/09, 2010/11) premyer-liqada mövsümün ən yaxşı oyunçusu seçilmişdi! Vidiçin hazırda 41 yaşı var. O, bugünlərdə uzun illər “Yunayted”də müdafiənin mərkəzində onunla çiyin-çiyinə oynamış Rio Ferdinandın aparıcısı olduğu podkastın qonağı olub.
- Həyatın necə keçir? İndi nə işlə məşğulsan?
- Təxminən 2 il öncə Belqrada qayıtdım. Yəni 18 illik fasilədən sonra ilk dəfə vətənimə köçərək burda yaşamağa başladım. Bu aralar daşınmaz əmlak sahəsindəki biznesə pul yatırıram. Öz şirkətimi qurmuşam. Eyni zamanda inzibati vəzifələrdən birində işləmək üçün UEFA-dan lisenziya almağa çalışıram. Kurslara gedirəm. Yəni yaxın gələcəkdə futbolda menecer kimi və ya başqa bir vəzifədə çalışmağım mümkündü. İndi isə bütün diqqətimi şəxsi işimə və ailəmə yönəltmişəm.
- Bir müddət öncə Serbiya Futbol Federasiyasının prezidenti olmaq niyyətin var idi. Namizədliyini nə üçün geri çəkdin?
- Hər bir insan kimi mən də vətənimi sevirəm. Serbiya futbolunu da diqqətlə təqib edirəm. İnsanlar mənə tez-tez “bu qədər əlaqələrin var, nə üçün futbolumuza kömək etmirsən” tipli suallar verirdilər. Günlərin birində bu haqda çox ciddi düşünməyə başladım və federasiya prezidentliyinə namizədliyimi irəli sürdüm. Bu, çox gözəl bir təcrübə idi. Sona qədər də hər şey qaydasında gedirdi. İnsanların 90 faizi məni dəstəkləyirdi. Amma indiki rəhbərlik ciddi dəyişikliklərdən çəkinir. Mən isə radikal dəyişikliklər gətirmək istəyirdim. Bu da problem yaratdı. İstənilən halda hər zaman Serbiya futboluna bacardığım qədər dəstək verəcəm. Gələcəkdə nə olacağını heç kim bilmir. Bəlkə elə gələcəkdə futbolumuza başqa vəzifədə fayda verdim...
- “Yunayted”ə transferin necə baş tutdu?
- “Yunayted” rəsmiləri mənlə ilk dəfə 2005-in dekabrında əlaqə qurdular. O vaxt hələ “Spartak”da oynayırdım. Amma etiraf etməliyəm ki, həmin vaxt “Liverpul”un da mənə ciddi marağı var idi. Mənə ən birinci zəng vuran “Liverpul”un o dönəmdəki baş məşqçisi Rafael Benites oldu. İngilis dilində o qədər də yaxşı danışa bilmirdim. Bu üzdən Beniteslə telefonda mən yox, həyat yoldaşım Ana danışdı. Benites İngiltərəyə gəlmək istəyib-istəmədiyimi soruşdu. İlk baxışdan hər şey qaydasında gedirdi. Amma birdən-birə Benites əlaqəni kəsdi. 2-3 həftə ondan heç bir xəbər çəxmadı. Sonra mənə ser Aleks Ferqyuson zəng vuraraq bunları dedi: “6 aydan çoxdu səni izləyirəm. Oyunun xoşuma gəlir və fikrimcə, bizim komandaya faydalı ola bilərsən. “Yunayted”də oynamaq istərdin?” Mən də çox düşünmədən “hə” cavabını verdim. Bir həftə sonra artıq Mançesterdəydim.
- Uyğunlaşma ilə bağlı çox ciddi problemlər yaşamışdın. Elə deyilmi?
- İngiltərəyə Rusiyadan gəlmişdim. Rusiyada dekabrda məşq etmirlər. Çünki hava həddən artıq soyuq olur. Məşqçilər korpusuna fiziki cəhətdən yaxşı durumda olmadığımı və bir neçə həftəlik güclü məşq prosesinə ehtiyac duyduğumu dedim. İlk məşqimi gözəl xatırlayıram. Kriştiano Ronaldo, Saha, Giqqz, Runi kimi ulduzlara qarşı oynayırdım. Bu, əsl kabus idi. İşim yalnız onların ayağına zərbə vurmaqdan ibarət idi (gülür). Bunu bilərəkdən etmirdim. Sadəcə, onları başqa cür yaxalaya bilmirdim. Çox cəld idilər. 1-2 məşqdən sonra Giqqz üstümə qışqırmağa başladı. Daha cəld olmağımı, topu daha tez ötürməyimi istəyirdi. Yəni ilk yarım ay mənim üçün çox çətin keçdi. Hətta bir neçə dəfə əvəzedici heyətdə də oynamalı oldum. Çünki “Spartak”dan gəlmişdim və məni heç kim tanımırdı.
- Kriştiano Ronaldo və Ueyn Runi barədə fikirlərin necədi?
- “Yunayted”ə gəldiyim ilk günlərdə Kriştiano çox arıq idi. Həmişə məşqdə və oyunlarda aldadıcı fəndlər etməyə çalışırdı. O, birdən-birə bu səviyyəyə gəlməyib. İllər ərzində məşq edərək, inkişaf edərək səviyyəsini yüksəltdi. Yəni bu insan qarşısına qoyduğu hədəfə çatmaq üçün həyatda hər şeyi qurban verməyə hazır idi. Həmin illərdə onun 18-21 yaşı var idi. Bu yaşda gənclər, adətən, belə mentallığa malik olmur. Amma o, fərqli idi. Ona görə də karyerasında qazandığı hər şeyə artıqlamasıyla layiqdi. Məsələn, Runini götürək. O istedadı, fiziki göstəriciləri və texnikasına görə heç də Ronaldodan geri qalmırdı. Runinin futbola baxış tərzi, mentallığı da Ronaldonunku kimi olsaydı, bəlkə Kriştianodan da çox uğur qazanardı. Amma Runi yalnız istedadının hesabına oynayırdı. Öz orqanizminə lazımi qədər qulluq etmirdi. Eləcə də onun nə vaxtsa əlavə məqşlər etdiyini görmədim. Ronaldo isə tək istedadla kifayətlənməyib daha yaxşı olmaq istəyirdi. Ona görə də hər gün, hər məşqdən sonra əlavə çalışırdı.
- Bu hekayənin sona yaxınlaşdığını nə vaxt anladın?
- Devid Moyesin dönəmi idi. Onun klubdakı ilk günlərini gözəl xatırlayıram. Ona bacardığım qədər yardım etmək istəyirdim. Fikrimcə, Moyes yaxşı insandı və geniş qəlbə malikdi. Amma aydın məsələdi ki, Ferqyusondan sonra “Yunayted”in başına keçən istənilən məşqçi üçün çətin olacaqdı. Həm də Ferqi komandanı çempion edərək ayrıldı. Yəni Moyeslə son çempion statusunda idik. Moyesin problemi onda idi ki, fikirlərini futbolçulara tam çatdıra bilmədi. Hətta 2-3 aydan sonra da onun bizdən meydanda nə tələb etdiyini bilmirdik. Bəzən “özünüz necə bilirsizszə, elə də oynayın, siz həm yüksələ, həm edə enə bilərsiz” kimi ifadələr işlədirdi. Yəni konkret bir fikir demirdi. Bir dəfə “Siti” ilə oyundan sonra onunla ikimiz də eyni yerdə dayanmışdıq. Moyesə yaxınlaşaraq dedim ki, onun konkret oyun planı olmalıdı və biz də bunu meydanda həyata keçirməliyik. Nədənsə bu sözümü başqa cür qəbul etdi və həmin andan etibarən münasibətlərimiz pozuldu. O mövsümün sonunda müqaviləmin müddəti başa çatırdı. Amma klubdan heç bir xəbər-ətər yox idi. Rəhbərlik Runi ilə danışıqlar aparmağa üstünlük verirdi. Halbuki Runinin hələ ikiillik müqaviləsi var idi. Onunla anlaşma əldə etdilər, mən isə kənarda qaldım. O an artıq “Yunayted”ə lazım olmadığımı başa düşdüm.
- Sənin üçün İngiltərədəki karyeranda qazandığın ən önəmli titul hansıdı?
- İlk çempionluğu qeyd edərdim. Çünki özümə əmin deyildim. Bu səviyyəyə uyğun olub-olmayacağımı bilmirdim. Çox şübhələrim var idi. Ora ayaq basandan ilyarım sonra ilk çempionluğu qazanmaqla bütün şübhələrimə son qoyuldu. Çünki bu çempionluqda mənim də az əməyim olmadı. ÇL-in finalı isə başqa aləm idi. Düzdü, belə baxanda ÇL mənim üçün qazandığım ən önəmli titul sayılmalıdı. Həm də ona görə ki, final “Lujniki”də keçirilmişdi. Amma karyeramın dönüş anı kimi məhz ilk çempionluğu qeyd edərdim.
- Ferqyuson barədə də fikirlərini eşitmək maraqlı olardı.
- Ferqyuson əlinin altındakı oyunçunu inkişaf etdirməyi bacarırdı. Özündən sonra nəsə qoyub getməyə çalışırdı. Ferqi, sadəcə, transfer xətrinə transfer edən məşqçilərdən deyildi. Düzdü, mənə görə “Yunayted” cəmi 7 milyon funt sterlinq ödədi. Eləcə də Patris Evra və Park Çji Sun kimi oyunçular da kluba baha başa gəlmədi. Amma Ferqyuson bu oyunçulardan “Yunayted” tarixinə damğa vuracaq yeni bir nəsil formalaşdırmağı bacardı.
- İngiltərədə sənə ən çox problem yaradan hücumçu kim idi?
- Bilirəm ki, çoxları Fernando Torresin adını çəkməyimi gözləyəcək (2008/09-da “Yunayted” çempion olsa da, “Liverpul”a hər iki oyunda uduzmuş, Vidiç də hər iki qarşılaşmanı uğursuz keçirərək qırmızı vərəqə almışdı – Ə.R.). Amma bizim dönəmimizdə çempionluq uğrunda əsas rəqibimiz “Çelsi” sayılırdı. Ona görə də Didye Droqbanı qeyd edərdim. Ona qarşı oynamaq həqiqətən çətin idi. Xüsusilə də “Stemford Bric” kimi geniş olmayan bir stadionda. Çünki Droqba inanılmaz dərəcədə cəld idi. Həm də ağıllı və fiziki cəhətdən güclü idi. Bəzən 1-2 epizodda cərimə meydançasında özünü zəif göstərib mübazirəni uduzurdu. Amma sonrakı epizodda birdən-birə bütün gücündən istifadə edərək səni üstələməyə çalışırdı. Fikrimcə, Droqba o illərdə mükəmməl idi.
- Bəs ÇL-in finalında Messiyə qarşı oyunlar yaddaşında necə qalıb?
- Messi hər iki qarşılaşmada “yalançı 9 nömrə” mövqeyində oynadı. Hər dəfə bizim müdafiə ilə yarımmüdafiə arasındakı zonada qərarlaşmağa çalışırdı. Bir müdafiəçi üçün bu, ən çətin vəziyyət idi. Çünki bilmirsən, yerində qalasan, yoxsa meydanboyu Messinin arxasınca qaçasan? 2009-da Romadakı final o qədər də baxımlı alınmamışdı. Meydanda daha çox fiziki mübarizə gedirdi. Amma “Barsa” həqiqətən əla komanda idi və hər iki finalda layiqli qələbə qazanmışdı.
ƏLİ RAUFOĞLU