Fevralın 16-da Konfrans Liqasının pley-off mərhələsinin oyunlarına start veriləcək.
“Qarabağ” Bakıda “Gent”i qəbul edəcək. Bir müddət öncə “Can Sports” şirkəti Belçikada keçiriləcək cavab matçı ilə bağlı layihə həyata keçirəcəyini açıqlamışdı. Həmin vaxt detalları öyrənmək üçün şirkətin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlamışdıq. “Qarabağ”ın sabiq mətbuat katibi 500-ə yaxın müraciətin olduğunu dilə gətirmişdi. Şirkət həm də viza alınması üçün kömək etməliydi. Artıq Belçikadakı oyuna iki həftə qalıb. Görəsən, şirkət nə qədər azarkeşi “Gent”lə oyuna aparacaq? 500 nəfərdən neçəsi Belçikaya gedəcək?
Suallarımızı Nurlan İbrahimova ünvanladıq:
“Bu məsələni daim diqqətdə saxladığınıza görə sizə və qəzetinizə təşəkkür edirəm. Bizə 600-dan çox müraciət daxil olmuşdu. Hazırda da maraqlananlar var. Amma konkret geridönüş yoxdu. Biz viza dəstəyi də verirdik. İnsanlar maraqlanıblar. Məlumat verəcəklərini deyirdilər. Mən həmişə açıq danışan olmuşam. Səfərin qiyməti 1700 manat idi. Burdan bizə 150 manata yaxın qalırdı. Bu çox da böyük məbləğ deyildi. Sadəcə, göstərdiyimiz xidmətin qarşılığı idi. Bizə böyük dəstək oldu. Gənclər və İdman Nazirliyinin rəsmi “feysbuk” səhifəsi layihəni paylaşdı. “Qarabağ” da eyni şeyi etdi. Onlar da bizə çox kömək oldu. Hələ geridönüş olmasa da, layihənin faydası oldu. Çünki Avropada yaşayan azərbaycanlılar çox müraciət etdilər və onları məlumatlandırdıq. Həmvətənlərimiz buna görə təşəkkür etdilər. Düşünürəm ki, layihəmiz Avropada yaşayan azərbaycanlıların təşkilatmasına bir təkan oldu. Onlar bizim sayəmizdə oyundan necə iştirak edə biləcəklərini, bilet almağın yollarını öyrəndilər. Düşünürəm ki, hələ vaxtımız var. Ola bilsin, oyunun startına bir həftə qalmışa kimi kimlərsə bu layihədən istifadə etsin. Azərbaycanda Şengen vizası olan yetərincə şəxs var. Təyyarə, oyun biletini hər vaxt almaq olur. Otel xərclərini həll etmək asandı. Yəqin ki, bu tərəfdən yanaşaraq hələ müraciət edən olmayıb”.
İLKİN SULTANLI