Yəqin azarkeşlər 2013-15-ci illər aralığında “Sumqayıt”, “Araz Naxçıvan” və “Zirə”nin şərəfini qoruyan Vüqar Əsgərovu xatırlayır.
Yığmada da 3 oyun keçirməyə imkan tapan hücumçunun karyerasının əsas hissəsi isə Latviya ilə bağlıdı. Bugünlərdə Əsgərov istirahət üçün Azərbaycana gəlib. Fürsətdən istifadə edib onunla həm karyerası ilə bağlı, həm də bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik.
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmuşdun?
- Çalışıram hər il vətənə baş çəkim. Sonuncu dəfə 2021-ci ilin sentyabrında Bakıya gəlmişdim. Bilirsiz ki, valideynlərim Sumqayıtda, daha dəqiq desəm, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayır. Hər il onlarla, bacımla görüşmək üçün Azərbaycana gəlirəm. Vətəndə olmaq həmişə xoş olur. Bu dəfə də məzuniyyəti boşa vermək istəmədim. Avropanın, Asiyanın hansısa ölkəsində istirahət edə bilərəm. Ancaq Azərbaycan mənim üçün hər yerdən əzizdi. Buranın təbiətini, havasını, mətbəxini heç nəyə dəyişmərəm. Dünən (srağagün) rayonlara da səfər etdim. Mingəçevirdə, Ağsuda oldum, doyunca kabab yedim, Kürün balığının dadına baxdım. Bir sözlə, məzuniyyətin ləzzətini çıxarıram. Bu gün yenə anamın qonağı olacağıq (gülür). Onun bişirdiyi qutabın dadına baxacağıq.
- Bir ildə nə dəyişiklik hiss etdin Azərbaycanda?
- Bakı və Sumqayıt barədə danışmağa ehtiyac yoxdu. Hər iki şəhər ildən-ilə yox, aydan-aya dəyişir. Xüsusilə paytaxtda gördüklərim hər dəfə məni təəccübləndirir. Bakı çox inkişaf edib, gözəlləşib. Bu dəfə Mingəçevir, Qəbələ və Ağsu da gözəlliyi ilə məni valeh etdi.
- Məzuniyyətə gəldiyini vurğuladın. Latviya çempionatı isə davam edir. Çempionat zamanı bu nə məzuniyyətdi?
- Bu yay karyeramı başa vurdum. Əslində butslarımı ötən il mismardan asmışdım. Dizimdən əməliyyat olunmuşdum. Ancaq “Super Nova” güclülər dəstəsinə vəsiqə qazanandan sonra vaxtilə bir yerdə oynadığım komanda yoldaşlarım kömək etməyimi xahiş etdilər. Məşqçilər korpusunda çalışan iki mütəxəssislə də isti münasibətim olduğundan maya qədər “Super Nova”nın şərəfini qorudum, komandanın kapitanı idim. Ancaq yayda gördüm ki, işimlə futbol oynamaq üst-üstə düşmür. İkisindən birini seçməliydim. Yaş da artıq keçir. 37 sizin üçün zarafat gəlməsin, çətin idi. Belə deyək, ürək istəyirdi, ancaq bədən “dartmırdı”. Məşqçilərlə danışıb mayda klubdan getdim.
- “İşimlə futbol oynamaq üst-üstə düşmürdü” dedin. Sirr deyilsə, nə işlə məşğulsan?
- Özümə yüngülvari biznes qurmuşam.
- Biznes geniş anlayışdı. Bir qədər konkretləşdirsək...
- Riqada qəlyanxana açmışam.
- Bəzi azərbaycanlı futbolçular legioner həyatı yaşamaq üçün Latviyaya yollanırdılar. Son vaxtlar bu axın kəsilib. Gedənlər də 5-6 aydan sonra geri dönüb. Bizim futbolçuların orda möhkəmlənməsinə, Latviyadan tramplin kimi istifadə edib Avropaya yollanmasına nə mane olur? Mentallıq, yoxsa ustalıq səviyyəsi?
- Mentallıqla bağlı bir söz deyə bilmərəm. Ancaq azərbaycanlıların ustalıq səviyyəsi yerindədi. Azərbaycanlı futbolçular həmişə yüksək texnikası ilə seçiliblər. Latviya çempionatında isə daha çox atletik futbola üstünlük verilir. Meydanda vuruşmaq, sona qədər işləmək lazımdı. Bəlkə də ağır yükləmələr onların ürəyincə olmayıb və bu səbəbdən geri dönüblər. Bakıdan kim ora gəlibsə, texnikalı oyunu ilə azarkeşlərin sevimlisi olub.
- Bəlkə maddiyyat onları geri qayıtmağa məcbur edib? Latviya klublarında bu yöndə durum necədi?
- Büdcə baxımından Latviya çempionatında çıxış edən klubları iki hissəyə bölmək olar. “Riqa”, “Valmiera” və “Liepaya”nın maddi vəziyyəti çox yaxşıdı. Legionerlərə 8-12 min avro aralığında maaş verirlər. Bu ildən “Auda” da onlara qoşulub. Adını çəkdiyim klub güclülər dəstəsinə bu il yüksəlməsinə baxmayaraq, iddialıdı. Yaxşı sponsorları var. Tanınmış xorvat məşqçi dəvət ediblər. Qalan 6 klubda isə orta əməkhaqqı 1000-1500 avro aralığında dəyişir. Bəlkə də bəzilərində bir qədər yüksəkdi.
- Latviyadan baxanda Azərbaycan futbolu necə görünür?
- Ordakıların hamısı bilir ki, Azərbaycan çempionatı səviyyəsinə görə Latviya birinciliyindən üstündü. Xüsusilə “Qarabağ” və “Neftçi” barədə çox məlumatlıdılar. “Qarabağ”ın top-klub, Qurban Qurbanovun isə top-məşqçi olduğunu deyirlər. Zarafat deyil, Qurban müəllimin çalışdırdığı komanda ardıcıl 9 ildi avrokubokların qrupunda çıxış edir.
- Bəs sən özün necə, premyer-liqanı izləyirsən?
- Yalandan “bütün görüşlərə baxıram” deyə bilmərəm. Ancaq maraqlı qarşılaşmaları qaçırmamağa çalışıram. “Qarabağ” – “Neftçi”, “Sabah” – “Qarabağ” oyunlarına baxıram. Azərbaycan klublarının avrokubokdakı çıxışını izləyirəm, yığmanın görüşlərinə baxıram. Bu ildən çempionatda 10 komandanın mübarizə aparması çox yaxşıdı. Bu yeni istedadların üzə çıxmasına yardımçı olacaq.
- “Sumayıt”, “Zirə” və “Araz Naxçıvan”ın uğurları üçün çalışmısan. Sabiq komandalarının oyunlarına baxmırsan?
- İmkan olanda. Rəşad Sadıqovun çalışdırdığı “Zirə” ötən mövsüm çox yaxşı təsir bağışlayırdı. Mənə elə gəlir, Sadıqov baş məşqçi kimi yaxın vaxtlarda sözünü deyəcək. Onda irəli getmək, uğur qazanmaq üçün bütün keyfiyyətlər var. Mənə daha doğma olan Sumqayıtın eyniadlı komandası isə belaruslu məşqçinin gəlişindən sonra eniş yaşayır. Aleksey Baqa Belarus çempionu ola bilər, ancaq Azərbaycan çempionatında eynu uğuru təkrarlamaq heç də asan deyil. Özü də yəqin ki, geridə qalan müddətdə bunu başa düşüb. Ayxan Abbasova isə halaldı. “Sumqayıt”da çalışdığı müddətdə komandanı yüksək səviyyəyə qaldıra bildi. İndi də Tovuzda çalışır. Bildiyim qədər onun çalışdırdığı komanda hazırda 10 xalla 4-cü pillədə qərarlaşıb. Bu onu göstərir ki, Abbasovun məşqçi kimi öz iş metodu var və bu özünü doğruldur.
- Azərbaycanlı futbolçulardan kimlərlə daim əlaqə saxlayırsan?
- “Sumqayıt”dan Vurğun Hüseynovla yazışırıq. Ona əhsən. Hələ də formasını saxlayaraq, yüksək səviyyədə çıxış edir. Hər futbolçu bu yaşda onu bacarmaz. Bir də ara-sıra “Səbail”dən Rahid Əmirquliyevlə danışırıq.
- Bir çox futbolçu peşəkar karyeralarını başa vurduqdan sonra futbolda qalıb ya funksioner, ya məşqçi, ən pis halda isə agent kimi fəaliyyətini davam etdirir. Sən isə tam fərqli sahəyə üz tutmusan. Futbola dönmək fikrin var?
- Yox, yox (gülür). İndiki işim məni tam qane edir. Həftədə bir-iki dəfə həvəskar şəkildə dostlarla yığışıb öz aramızda futbol oynayırıq ki, bu da mənə bəsdi. Nə funksioner, nə məşqçi, nə də agent olmaq fikrim var. Xüsusilə də agent. Mən agent kimi pul qazana bilmərəm. Bunun üçün çox çalışmalı, gecə-gündüz axtarışda olmalısan.
- Latviyaya nə vaxt qayıdırsan?
- İki-üç günə geri dönəcəm. Agent kimi çalışmaq istəməsəm də, azərbaycanlı futbolçulardan kiminsə yolu Riqaya düşsə, onlara can-başla yardımçı olaram. Necə ki, indiyədək olub. Bir də fürsətdən istifadə edib şəhid olan hərbçilərin ailələrinə başsağlığı verirəm. Allah onlara rəhmət eləsin.
RƏŞAD