“Futbol+”in ötən sayında həftəsonu keçirilən Mayami mərhələsinin Lando Norrisin qələbəsi ilə başa çatdığını xəbər vermişdik.
Karyerasında ilk dəfə “Formula-1” üzrə dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan britaniyalı pilot qələbənin ardından jurnalistlərlə danışıb.
- Lando, təbriklərimizi qəbul et. Bu qələbəyə qədər uzun yol gəldiz. İndi nə hiss edirsiz?
- Qeyri-adi hisslər yaşayıram. Çoxlu azarkeş var. Bütün komanda fəxri kürsünün altındadı. Hər kəs gülür və alqışlayır. Düzünə qalsa, nə deyəcəyimi bilmirəm. Məhz belə günlərdə necə ağır işləri arxada qoyduğunu anlayırsan. Hər kəs qələbə arzulayır, lakin heç kim onun nə vaxt gələcəyini bilmir. Bu gün mənim günümdü. Bəzən emosiyalar dominantlıq etsə də, mən sakit qaldım, bu anı yaşamaq üçün nələr etdiyimi xatırladım.
- Sanki çiynindən dağ götürülüb, eləmi?
- İstərdim ki, “yox” deyim, ancaq cavabım “hə”di. İlk qələbə qeyri-adidi. Əvvəllər də qələbəyə yaxın olduğum yarışlar olub. Çoxları artıq bunu bacaracağıma şübhə edirdi, ancaq mən qətiyyən narahat deyildim. Bu il heç vaxt olmadığı qədər əmin idim ki, mənim və komandamın qələbə üçün hər şeyi var, səbrlə dözürdüm. Sadəcə, öz işimi görür, yarışlarda çıxış edir, bacardığımı edirdim. Bir gün vaxtımın yetişəcəyini bilirdim. Bu həftəsonu daim sürətliydik. Cümə günü əla çalışdıq. Hansısa ümid qığılcımı yarandı. Bu gün isə həmin qığılcım alova çevrildi!
- Birinci dövrənin sonunda 6-cı yerdəydiz. Həmin məqamda qalib gələ biləcəyinizə inanırdız?
- Yox. Peresi daxili radiusda görəndə şənbə sprintini xatırladım. Bütün ilk dövrəni onun arxasında keçirdim, ancaq dövrənin sonunda tempim yaxşı idi. Mən onda hələ Maks Ferstappeni də görürdüm – o uzaqlaşa bilmirdi. Sən Maksı görürsənsə, qələbəyə ümid yaranır. Belə hallar tez-tez baş vermir. Bu üzdən başımı aşağı salmadım, şansın olduğunu bilirdim. Bəzən uğur da sənin tərəfində olmalıdı, bu gün elə belə də alındı. Təhlükəsizlik avtomobili gedəndən sonra uğur qazanacağıma əmin idim.
- Komanda bu həftəsonu maşın üzərində çalışıb. Bundan sonra müntəzəm qələbə uğrunda mübarizə apara biləcəksizmi?
- İlin əvvəlində deyirdim ki, yarışları qazana bilərik. Onda çoxları sözlərimə şübhə ilə yanaşırdı, mənə, “Maklaren”ə inanmırdılar. Ancaq mən inanırdım. Vaxtımızın yetişdiyini bilirdim. Komanda möhtəşəm işlər görüb. Ötən il biz hətta təsnifatın 2-ci mərhələsinə düşmürdük, bu gün isə zirvəyə qalxdıq, yarışı qazandıq. İrəli addımlamışıq, arxada çoxlu ağır iş var. Ancaq tədricən hər şey bir-birini tamamlayır. “Maklaren”in bütün əməkdaşlarına, bazada və burda olan hər kəsə “sağ ol” demək istəyirəm. Bu yeniliklər olmasaydı, komanda üzvlərinin ağır əməyi olmasaydı, qələbə şansım daha az olardı. Ancaq bu yalnız başlanğıcdı. Artıq daha çox şey istəyirəm. İşi davam etdirəcəyik, əminəm ki, qələbələri də.
- Bu axşam üçün hansı planlarınız var?
- Bu gün uçmalıydım, ancaq Zak Braun (“Maklaren”in baş icraçı direktoru – red.) dedi ki, sabah uçacağıq. Yatmaq istəmədiyim dəqiqdi. Bu anın ləzzətini yaşamaq istəyirəm. İlk qələbə həyatda bir dəfə olur. Həmin qələbəni burda – Mayamidə qazanmaq çox xoşdi. Ümid edirdim ki, bu hadisə Silverstounda baş verəcək, ancaq orda da qələbə qazanmağa çalışacam.
- Artıq atanız və ananız ilə danışmısız, onların reaksiyası necədi? Nənənizi də xatırladız. Bu haqda danışardızmı?
- Bəli, anam və atam ilə danışmışam, onlarla ünsiyyət həmişə xoşdu. Atam, adətən, yarışlara gəlir, ancaq bu gün yox idi. Əminəm ki, indi bura gəlmədiyinə görə heyifsilənir. Valideynlərim mənə çox dəstək verir. Məhz onlar məni avtoidman dünyasına gətirib, “Formula-1”ə düşməyimə, arzumu gerçəkləşdirməyimə yardım edib. Hər şeyə görə onlara çox minnətdaram. İlk dəfə trassda olduğum günü xatırlayıram, onda 5 və ya 6 yaşım var idi. Qardaşım, atam və mən orda dayanaraq maşınların neçə şütüdüyünü görürdük. Bu gün isə mən artıq fəxri kürsünün zirvəsindəyəm. Nənəm son vaxtlar özünü o qədər də yaxşı hiss etmir. Onunla ötən həftə görüşəndə dedim ki, yarışda qalib gəlməyə hazırlaşıram. Nə vaxt qalib gələcəyimi demədim, sadəcə, dedim ki, buna hazırlaşıram. Bunun belə tez baş verəcəyini düşünmürdüm. Odu ki, sadəcə, çox şadam.
- Əvvəllər deyirdiz ki, stəkanım yarıya qədər dolub. İndi o tam doludu?
- Sözsüz. Onun nə ilə dolduğunu bilmirəm... Yəqin ki, sərt alkoqolla. Bu isə axşam olacaq. Mən yalnız işinin öhdəsindən yüz faiz gələndə sevinən adamlardanam. Bu yarış nəyə qadir olduğumu göstərdi. Bu il çox çalışdım, bir çox zəif yönlərimdən qurtuldum. Həmişə işin öhdəsindən yüz faiz gəlməyə çalışıram. Belə yanaşma heç vaxt dəyişməyəcək. Qoy stəkan yarıya qədər dolsun, ancaq bu mənə uyğun gələn düşüncə obrazıdı. Hər kəsin öz yanaşması, özü ilə danışmaq üslubu var. Mən bunu başqaları yox, özüm üçün edirəm. Bu, məni irəli aparan qaydadı. Stəkanın tam dolacağı günlər də olacaq, onda mən xoşbəxt olacam və özümlə qürur duya biləcəm. Hər kəs üçün belə günlər olacaq, hər kəs üçün olmalıdı!