Bu gün “Fənərbaxça”da növbəti president seçkisi olub. Türkiyə futbolunun ən xarizmatik fiqurlarından biri Əziz Yıldırım artıq “sarı-lacivərdlilər”in yeni prezidentidi. Daha doğrusu, köhnə-yeni prezidenti. “Football-plus.az” Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, məşhur televizyonçu İbrahim Nəbioğlunun onunla bağlı qeydlərini təqdim edir.
Bu fotoşəkil hardasa 2008-ci, ya da 2009-cu ildə çəkilib. Əziz bəylə olan şəkillərimiz içində ən çox sevdiyim budu. Çünki o, burda çox gəncdir; elə mən özüm də…
“Fənərbaxça” klubuna düz 20 il rəhbərlik etmiş bu eksentrik insanla dəfələrlə uzun-uzadı, dərin söhbətlərimiz olub. Ancaq bəlkə də çoxlarına qəribə gələcək bir məqam var: onunla bircə dəqiqə belə futboldan danışmamışıq. Qatı bir “Qalatasaray” azarkeşi olduğumu bildiyindən, Əziz Yıldırım mənə olan hörmətinə görə hər vəchlə futbol mövzusundan qaçır, hətta söhbət iki əzəli rəqibin oyununa gələndə belə, mövzunu dərhal dəyişib qapadırdı…
İyunun 7-də “Fənərbaxça” idman klubu tarixinin ən kritik yolayrıcılarından birinə çatır. Bu növbədənkənar seçki, sadəcə, iki namizədin yarışı deyil; bu, həm də iki tam fərqli idarəetmə mentallığının, iqtisadi modelin və futbol fəlsəfəsinin böyük toqquşmasıdı. Bir tərəfdə klubun 20 illik tarixi hafizəsini və institusional kimliyini təmsil edən təcrübəli köhnə qvardiya, digər tərəfdə isə milyardlıq holdinq gücü ilə iddialı gələcək vəd edən yeni nəsil vizyon qarşı-qarşıyadı.
İxtisasca inşaat mühəndisi olan, NATO tenderlərindən tutmuş nəhəng infrastruktur layihələrinə qədər uzanan böyük bir iş həyatı keçmişinə sahib Əziz Yıldırım, yüz milyonlarla dollarlıq şəxsi sərvəti və bənzərsiz təcrübəsi ilə yenidən səhnədədi. 1998-2018-ci illəri əhatə edən rəhbərliyi dövründə “Şükrü Saracoğlu” stadionunun modernləşdirilməsi, “Ülkər Arena”, Topuk Yaylası təsisləri və "Fenerium" mağazalar şəbəkəsi kimi kluba bu gün də milyonlar qazandıran bütün daşınmaz əmlak layihələri birbaşa onun vizyonunun məhsuludu.
Onun qarşısına isə “Fənərbaxça” İdarə Heyətinin keçmiş üzvü Hakan Safi çıxır. Gənc nəsli təmsil edən bu dinamik iş adamı; liman idarəçiliyi (Safiport Derince), dənizçilik, mədənçilik, logistika və şəkər istehsalı (Çorum Şeker) kimi ölkənin strateji sahələrini əlində saxlayan Safi Holdinqin rəhbəridi. “Forbes” siyahılarında təxminən 750 milyon dollarlıq şəxsi sərvəti ilə diqqəti çəkən Safi kluba tamə yeni, aqressiv bir iqtisadi model gətirmək niyyətindədi.
Kadıköydə səs verəcək minlərlə konqres üzvü, əslində bir klubun gələcək kodlarını təyin edəcək: "Eksentrik, karizmatik və maliyyə nizam-intizamına önəm verən təcrübə", yoxsa "Böyük büdcəli, ulduz transferli hücum vizyonu"?
Bu gün Kadıköydə əsəblər tarıma çəkilib, iki namizədin dəstəkçiləri gərginliyi maksimuma çatdırıblar. Onları anlamaq çətin deyil. Çünki qarşılarında medallardan, kuboklardan doymayan, ardıcıl dörd il çempionluq yaşamış və türk futbol tarixinin ən titullu klubu olan bir “Qalatasaray” var. “Fənərbaxça” isə tam 12 ildi sçempionluq həsrəti ilə qovrulur.
Floryada üst-üstə qazanılan zəfərlərin və oturuşmuş sistemin gətirdiyi o hüzurlu sakitlik davam edərkən, rəqib düşərgənin içində olduğu bu gərgin marafona arxaya söykənib, xəfif bir təbəssümlə tamaşa etmək bəlkə də bir “Qalatasaray”lı üçün ən böyük zövqdü. Amma sandıqdan kim çıxır-çıxsın, gələn mövsüm rəqabətin həm meydanda, həm də masa arxasında olduqca alovlu və amansız keçəcəyi indidən bəllidi.
...Əziz Yıldırım son görüşümüzdə özünəməxsus üslubda “gəl, “Şükrü Saraçoğlu”nda mənim lojamdan bir dəfə matç seyr edəlim” demişdi. Seçilirsə, mütləq dəvət edəcək. Çünki o, verdiyi sözü heç vaxt unudan deyil...