“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bu mövzuda söhbətləşdiyimiz növbəti mütəxəssis “Sabah” Futbol Akademiyasında azyaşlılara futbolun sirlərini öyrədən, onlara futbolu sevdirməyə çalışan Savalan Əlizadədi.
- Savalan bəy, ilk sualımızda sizi daha yaxından tanımağa çalışaq. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız?
- Mən Masallı rayonunda doğulmuşam. Futbola ilk addımlarımı isə “Xəzər Lənkəran”da atmışam. Uşaq yaşlarından bu oyunu çox sevirdim, futbola ürəkdən bağlı idim. Məlum məsələdi ki, kənddə yaşayan uşaqlar həmişə bu baxımdan əziyyət çəkir. Kənddə məşq etməyə yer, futbol meydançası və klub yoxdu. “Xəzər Lənkəran” yarandıqdan sonra bu baxımdan problemlərimiz həll olundu. Mən də “Xəzər Lənkəran”ın uşaq komandalarında məşqə başladım. Düzdü, bir qədər gec yaşda bu xoşbəxtlik mənə nəsib oldu. Məşqlərə 14 yaşımdan qoşuldum. Bir müddət “Xəzər Lənkəran”ın uşaq akademiyasında futbolla məşğul oldum, sonra Bakıya gəldim. Paytaxtda 1 il ödənişli qruplarda futbolla məşğul olandan sonra “Neftçi”nin U-16 komandasına aparılan seçimlərə qoşuldum. Seçimlərdən sonra komandaya qəbul edildim. Bir il də U-16 liqasında “Neftçi”nin formasını geydim. Bəzi səbəblərə görə yenidən “Xəzər Lənkəran”a qayıtdım, U-17 liqasında oynadım. O vaxtı U-19 liqası yox idi. Ona görə də əvəzedici komandanın məşqçiləri U-17 komandasının bir neçə futbolçunu əvəzedici komandaya dəvət etdi. Dəvət alanlar sırasında mən də var idim. Əvəzedici komandada məşq edirdik, amma U-17 liqasında oynayırdıq. Növbəti mərhələ elə bir mərhələ idi ki, ya ali məktəbə qəbul olunmalıydın, ya da hərbi xidmətə yollanmalıydın. Həmin vaxt da mən futbolla vidalaşdım. Bunda bəlkə də daha çox özüm günahkaram. Mənə istiqamət verən, yol göstərən yox idi.

- Bəs futbolçuluqdan məşqçiliyə keçid necə baş verdi? Sözsüz, məşqçi fəaliyyətinizlə bağlı bizimlə bölüşmək istədiyiniz məqamlar var...
- Sanki bir az futboldan küsmüşdüm. Futbol oynamasam da, idmandan uzaqlaşmadım. Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundum və orda bakalavr, eləcə də magistr pilləsini oxudum. Magistraturada oxuyarkən 14 saylı UGİM-də təlimatçı kimi çalışmağa başladım. Ondan sonra da “Vətən” Futbol Məktəbinə gəldim. “Vətən”də baş təlimatçı kimi işlədim. Növbəti iş yerim “Təhsil” İdman Məktəbi oldu. Əvvəllər təlimatçı kimi idman tədbirlərinin təşkilatçılığı, məktəblərin yoxlanması kimi işlərlə məşğul idim. Bu da daha çox yazı-pozu, kabinetdə vaxt keçirməyi tələb edən iş idi. Tez-tez deyirdim ki, yaşıl meydanlara qayıdacam, çünki məni ora özünə çəkirdi. 4-5 il təlimatçı kimi işləyəndən sonra “Vətən” Futbol Məktəbində məşqçiliyə başladım. İlk ilimdə mənə U-10 komandasını tapşırdılar. Beləcə məşqçi həyatına başladım.
- Bir az da indiki işinizdən danışaq. Hazırda hansı komandanı çalışdırırsız? Qeyd edə biləcəyiniz hansı uğurlar var?
- Hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasında da müəllim kimi çalışıram. Tələbələrimə də deyirəm ki, hansı işi sevirsizsə, işləmək istəyirsizsə, onun arxasınca gedin. Özünü harda görürsənsə, ora da istiqamətlənməlisən. Hansısa işdə maddiyyat çox ola bilər, amma müəyyən müddətdən sonra maddiyyat da önəmli olmayacaq. O işi görmək istəmirsənsə, lap elə əməkhaqqı yüksək olsa da, bir gün ondan bezəcəksən. Mən hər səhər yuxdan oyananda öz işimə sevə-sevə gedirəm. Bəzən müəllimlik edərkən çox danışmaq lazım olur, müəyyən mənada yorulursan da. Uşaqlarla işləmək mənə o qədər zövq verir ki, yorğunluğum da tez keçir. Mən bu işi sevə-sevə görürəm. Özümü başqa işdə də təsəvvür etmirəm. Fiziki yorğunluq istirahətlə keçən şeydi. Əsas odu ki, sən gördüyün işdən zövq alasan. O ki qaldı uğurlar, biz futbolçudan əvvəl Azərbaycan üçün dəyərli şəxsiyyət, bayrağını və vətənini sevən bir fərd yetişdirmək istəyirik. Məşqçilik həm də müəllimlik etməkdi. “Sabah” Futbol Akademiyasında U-8 və U-10 komandalarında çalışıram. Üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Futbolun təməl texnikası deyilən bir anlayış var. Biz onu düzgün görməliyik. Bu işin öhdəsindən gələ biliriksə, elə uğurumuz da odu. Çempionluqlar da olub. 5-6 ildi məşqçi kimi çalışıram. Bir çox turnirlərdə, çempionatda qalib də olmuşuq. Amma bir uşaq məşqçisinin uğuru yaxşı futbolçu yetişdirməkdi. Keyfiyyətli futbolçu yetişdirməliyik ki, əvvəlcə həmin futbolçumuz Azərbaycanda əsas komandalarda oynasın, sonra da xarici klublarda bizi uğurla təmsil etsin. Onda həmin uğurumuzla öyünə bilərik.

- Savalan bəy, uşaq futbolunda çalışan hər bir mütəxəssis bu sahənin problemlərini yaxşı bilir. Siz hansı problemlərə görə narahatsız?
- Uşaq futbolunda müəyyən dəyişikliklər var. İndi uşaqlar futbolla məşğul olmağa daha aşağı yaşlardan başlaya bilirlər. Kütləvilik artsa da, bu artım keyfiyyətə o qədər də təsir etmir. Uşaq futbolunun inkişafı kompleks yanaşma, köklü tədbirlər tələb edir. Bu işdə AFFA, klublar və məşqçilər əl-ələ verməli, kompleks şəkildə çalışmalıdı. Tək əldən səs çıxmaz. Uşaq futbolunun inkişafı bir məşqçinin, yaxud da bir klubun görəcəyi iş deyil. Futbola yanaşma tərzi dəyişməlidi. O cümlədən də valideynlərin yanaşması. Valideyn amili də vacibdi. Bütün bunlara nail olsaq, o zaman futbolumuzun inkişafını görə bilərik. Əvvəllər deyirdilər ki, şərait yoxdu. İndi şərait var, amma yenə uduzuruq. Mövzu xeyli dərindi. Qeyd etdiyim kimi, məsələ kompleks yanaşma tələb edir.
- Özünüz də valideyn məsələsinə toxunduz. Son sualımız da elə valideyn-məşqçi münasibətləri ilə bağlıdı. Olubmu ki, övladını məşqə gətirən valideynlərin hansısa müdaxiləsi ilə üzləşmisiz?
- Bu suala qısa cavab vermək istəyirəm. Mənim belə ciddi problemim olmayıb. Olanda da 100 valideyndən birində olur. Onda da çalışmışam ki, maarifləndirmə yoluyla məsələni yoluna qoyum. Başqa məşqçilərdə də bəzi problemlər görmüşəm. Məsələn, hansısa valideynin uşağı ehtiyatda qalır, onun komandası qalib gəlir. Həmin valideyn komandanın uğuruna sevinir, amma uşağının ehtiyatda qalıb, inkişaf etməməsinə əhəmiyyət vermir. Mən valideynə izah etməyə çalışıram ki, biz təkcə nəticəyə sevinməməliyik, həm də inkişafa çalışmalıyıq. Bu mövzuda hansısa problem varsa, günah həm də məşqçidədi. Deməli, məşqçini lazımınca maarifləndirməyib. Yox, bu maarifləndirmə də yetərli olmasa, onda həmin valideyn problemli valideyndi.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.