Birvaxtlar ölkə futbolunun aparıcı simalarından olan, hətta Ukraynada legioner həyatı yaşamağa da imkan tapan Kamal Quliyev son vaxtlar gözdən-könüldən uzaq düşüb.
Qısamüddətli məşqçi fəaliyyətindən sonra başverənləri kənardan izləməklə məşğuldu. Biz dünən ona müraciət etməklə bəlkə də istirahətini pozduq. Dedik, danışdıq və aydın oldu ki...
- Vaxtilə ölkə futbolunun vitrinində olan Kamal Quliyev hazırda nə işlə məşğuldu?
- Neçə müddətdi bekaram. Evdə oluram, ara-sıra oyunları izləyirəm. Mən kəndə bağlı bir insanam. 6-cı sinfə qədər kənddə oxumuşam. Vaxtaşırı kəndə gedirəm. Uşaq vaxtı gəzdiyim dağları, dərələri, o səfalı yerləri yenidən ziyarət edirəm. Ova gedirəm, kəndin ağsaqqallarıyla söhbətləşirəm. Övladım futbolla məşğuldu. Bekar olmağım bir tərəfdən sevindirici haldı ki, başım o uşağa qarışıb. Allah bütün balaları qorusun, arzusuna çatdırsın. Mənim də, məşqçisinin də gözləntisi balamın böyük futboldan səsinin gəlməsidi. İstedadı var, bacarığı var, arzulayıram ki, Ağaseyid balamız gələcəkdə atasından güclü, ölkəmizə, millimizə xeyirli futbolçu olsun.
- Ölkə çempionatını izləyirsizmi? Bu rəqabəti necə dəyərləndirirsiz? Favoritiniz varmı?
- Ara-sıra izləyirəm. Bayaq dediyim kimi, vaxtımın çoxunu kənddə keçirirəm. Orda da hava qaralan kimi həyat bitir. Həm tez yatırsan, həm də həyət-bacada işləyirsən deyə, yorulursan. İzlədiyim qədəri ilə komandalar arasında rəqabət elə də yüksək deyil. Bu gün çempionatımızın səviyyəsi aşağıdı. Bir komandamız var ki, üzümüzü Avropada ağ edir. Təbii ki, bu “Qarabağ”dı. Çempionatda ona rəqib görmürəm. O rəqabət ki, Böyükağa müəllimin dönəmində, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” arasında var idi, bu gün həmin rəqabəti görmək mümkün deyil. Tək-tük olur. “Zirə”nin, “Sabah”ın bəzi oyunlarında. Bu gün ölkənin favorit klubu “Qarabağ”dı.
- AFFA 1-ci liqanın formatını dəyişməklə, eləcə də 2-ci liqanı yaratmaqla xüsusən də bölgələrdə futbolun kütləviliyini artırmaq niyyətini göstərdi. Ancaq tribunalardakı mənzərə bu mənada ürəkaçan deyil. Adamlar rayon komandalarının oyunlarını izləməyə belə gəlmirlər. Sizcə, bunun səbəbi nədi?
- Mən deməzdim ki, azarkeşlər gəlmirlər. Hər rayonun öz adət-ənənəsi var. Bu sözü rayonların hamısına aid etmək olmaz. Elə rayonlarımız var ki, əzəldən orda futbol olub, azarkeş olub, ona dəstək olub. Qubada olan oyunlara indi azarkeş gəlmir? Və ya Lənkəranda olan oyunlara azarkeş gəlmir? O rayonlarımız ki, orda əvvəldən futbol adət-ənənəsi olub, həmin yerlərdə hətta qadınların da stadiona gəldiyini görmüşəm. Mən federasiyanın bu qərarını dəstəkləyirəm.
- İllərlə millinin formasını geymisiz. AFFA-dan sizlə maraqlanan varmı, hansısa iş təklif olunubmu?
- Xeyr. Niyə yalan deyim?! AFFA-dan heç kim telefonu qaldırıb mənimlə maraqlanmır. Federasiya rəsmiləri fikirləşir ki, Kamal özü belə istəmir məşqçilik etsin və ya hansısa klubun idman direktoru vəzifəsində çalışsın. Kamalın “day-day”ı futbolçu dövründə də oynadığı oyun olub. Oyunum olmasaydı, elə torbalar olurdu ki, onlardan birinə düşərdim və ömürboyu ordan çıxa bilməzdim. Sadəcə, oyunum o torbaların ağzını bağlayıb. Burdan “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqova təşəkkürümü və minnətdarlığımı bildirirəm. Futbolçu karyeram qurtarandan sonra da o gözəl insan - əmim deyil, dayım deyil, qohum deyil - sadəcə, bir zənglə məni dəvət edib “Neftçi”yə, öz evimə, mənə orda işləməyi təklif edib. Mən də işimi vicdanla gördüm. Bunları ona görə sadaladım ki, Sadıq Sadıqov mütəxəssis götürür komandaya, o mütəxəssis ki, bəlkə də futboldan kitab yazar. Futbolu başa vurandan sonra mən bu kişinin zəngiylə dönürəm futbola və məşqçi karyerama “Neftçi” kimi köklü klubda başlayıram. Allah rəhmət eləsin Böyükağa müəllimə, onun əməyi də danılmazdı. Həmin 3-4 il ərzində bütün kollektiv, peşəsinin ustadı olan Tahir Süleymanov, həmçinin baş məşqçimiz Böyükağa müəllim, sonra Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev - hər kəs vicdanla, ürəkdən işləyirdi. Ona görə də o komanda bir ailə idi. Ardıcıl 3 il çempion, ölkə kuboku, Avroliqanın qrupu. Daha sonra köməkçi məşqçi qismində özümü sınamaq üçün mənə “Neftçala”dan təklif gəlib.Toğrul müəllim, Famil müəllim sağ olsun, onlara təşəkkürümü bildirirəm mənə inandıqlarına görə. Məşqçi işlədiyim ilk ildə köməkçilərimlə birgə mövsümün sonuna 5 tur qalmış çempionluğu qeyd etdik. İkinci ilimdə də eyni nəticəni təkrarladım. Ardından klubla federasiya arasında anlaşmazlıqlar oldu. Sadəcə, məni yandıran odu ki, o klubda böyük komandalarda oynaya biləcək futbolçular var idi. Onları itirdiyimizə görə təəssüflənirəm. Onların arasında milli səviyyəsində oynaya biləcək futbolçular var idi. Sadəcə, o uşaqlara inanmaq, güvənmək lazım idi. Sumqayıtdan Məhəmməd Alıyev var idi, o uşağın karyerasını çox erkən bitirməsinə üzüldüm. İnanın ki, o cür futbolçular 100 ildə bir dəfə gələrdilər, amma biz ondan istifadə edə bilmədik. Ay mütəxəssislər, ay bizi federasiyada təmsil edən məşqçilər hara baxırsız, ayılın. Cəhənnəmə ki komanda dağılır, heç olmasa, o uşaqlara sahib çıxın. Beləcə ordakı baş məşqçi fəaliyyətimi tamamlayandan sonra “Neftçi”yə seleksiyaçı kimi qayıtdım. Və orda gördüyüm iyrəncliklər... Bunları görəndən sonra müqaviləmin müddəti bitən kimi ordan uzaqlaşdım. Daha sonra Zaur Axundov yardım etdi, “Keşlə”də ilyarım köməkçi məşqçi kimi çalışdım. Ad çəkməyəcəm, bir komandanın baş məşqçisi olacaqdım. Azərbaycanın çox səviyyəli, aliənab şirkət rəhbəri ilə görüşdüm. Klubun sponsoru, həm də rəhbəri idi. Onunla görüşdə dedim ki, arxam yoxdu, day-dayım yoxdu, nazirlikdə oturmuş kimsəm yoxdu, özüm varam. Siz mənim yanımda durun, arxamda durun, sizin üçün bu ölkədə istədiyiniz nəticəni ortalığa qoyum. Mənə tapşırılan işi görə bilmərəmsə, gözləmərəm ki, kimsə mənə qapını göstərsin, özüm ərizəmi yazıb çıxaram. İndi təyinatlara da baxıram. O klublara gedən baş məşqçilərə də baxıram. Həqiqətən öz-özümə gülürəm. “Xəzər” TV-də Emin Abbasovun bir verilişi var idi, orda qonaq qismində çıxış edirdim. Televiziyanın bir türk rəhbəri var idi. Mənə deyirdi ki, hocam, bu verilişdə iştirakın reytinqimizi qaldırır, amma sənlə yolları ayırmalıyıq. Çünki mən orda həqiqətləri danışırdım. Qısası, AFFA-dan mənlə maraqanmayıblar. Sadəcə, özüm bir dəfə federasiyaya getmişəm. Vaqif Sadıqov məni qarşılayıb. Ona da təşəkkür edirəm. Haqq-ədalət yerini tapacaq. Sadıq Sadıqov kimi bir qeyrətli oğul çıxacaq və məni layiq olduğum yerə dəvət edəcək.
- Millinin baş məşqçi postuna namizədiniz var?
- Futbol oynadığım vaxtdan indiyə kimi - 25-30 il ərzində “baş məşqçi postuna yerli mütəxəssis gəlsin” demişəm, deyəcəyəm də. Yerli məşqçilərə dəyər vermirik, güvənmirik, amma Foqts kimilərə 10 illərlə vaxt veririk. Halbuki bu 10 il ərzində bir futbolçu yetişdirmədi, milyonları yığıb apardı. Onu da deyim ki, təkcə güvənməklə, inanmaqla iş bitmir. Allah dövlət başçısının canını sağ eləsin, idmana bu qədər diqqət ayırır. Gəlin özümü aldatmayaq. Dövlət başçısının imzaladığı proqram var idi. Hanı həmin vəsait, hara xərcləndi, hanı ortaya çıxardığınız futbolçular?
- Yığmanın indiki nəslinin tarixin ən güclü nəsli olduğu deyilir. Bu iddia ilə razısan, yoxsa sənin fərqli fikrin var?
- İndi belədi ki, hər kəs öz dövrünü tərifləyəcək. Əlbəttə, bu normaldı. Futbolçu, ad baxımından götürsək, o zamankı millini deyə bilərəm. Amma komanda baxımından bu millidi.
- Əfran İsmayılovun ideyası ilə yaranan minifutbol komandasına dəvət almamısan?
- Əfran mənə zəng etməyib, amma etsəydi də, imtina edərdim. Çünki çəkim oynamağa imkan vermir. Əfrana da uğurlar arzulayıram. İnşallah, minifutbol yox, böyük futbol arenasında özümü görərəm.
- Sabiq futbolçu yoldaşlarınızla əlaqə saxlayırsız?
- Allaha şükür, indi sosial şəbəkələr var. Bir-birimizlə vaxtaşırı əlaqə saxlayırıq, ötənlərlə bağlı təəssüratımızı bölüşürük.
- Ümumiyyətlə, futbola dönmək, klub funksioneri, məşqçi və ya menecer olmaq niyyətiniz varmı?
- Əlbəttə. Mənim peşəm budu. Rəssam ola bilmərəm, tacir ola bilmərəm, mənim işim budu. Klubda baş məşqçi, idman direktoru, hətta prezident olmağa layiq adamam. Çünki, bu futbolun içindən çıxmışam. Yenə deyirəm, inşallah bir qeyrətli oğul çıxacaq meydana. Ona kukla yox, mütəxəssis lazım olacaq. Onda mən yada düşəcəm.
MİRKAMAL KAZIMZADƏ