İşlər elə gətirdi ki, Azərbaycan millisinin İsveçlə oyununu Bakıdan uzaqda, Gəncədə izləməli oldum.
Vaxtımızı daha səmərəli keçirmək üçün şəhərin mərkəzində məkan axtarışına çıxdıq. İstədik ki, millinin oyununa xalqın arasında baxaq. Həm bizim üçün maraqlı olsun, həm də gəncəli futbolsevərlərin milliyə olan münasibətini görək. Yeri gəlmişkən, buna qədər iki dəfə belə təcrübəm olmuşdu. Millimizin Almaniyaya məğlb olduğu qarşılaşmalardan birini Ağstafada izləmişdim. Ağstafada yerli gənclərin o qədər də ciddi marağına şahid olmamışdım. “Milliləşdirilmiş” Murad Hüseynov Almaniyanın qapısına təsəlli qolumuzu vursa da, həmin qarşılaşmada meydandan məğlub ayrılmışdıq. İsmayıllıda isə millimizin Xorvatiya ilə bərabərə qaldığı oyuna baxmışdım. Nikola Yurçeviçin çalışdırdığı komandamız həmin görüşdə uduzmamış, Təmkin Xəlilzadənin qolu sayəsində 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Qarşılaşmanı izlədiyimiz məkanda xeyli qələbəlik olsa da, mən və dostumdan savayı üzünü ekrana çevirən, millinin necə oynamasıyla maraqlanan olmamışdı.
Bu baxımdan Gəncədə durum xeyli fərqli idi. Müxtəlif masaların ətrafında əyləşən gəncləlilər millinin heyətini müzakirə edir, oyunla bağlı müxtəlif proqnozlar səsləndirirdilər. Hiss olunurdu ki, gənclər milli komandamızla bağlı yetərincə məlumatlıdılar, onun nəticələri üçün həyəcan keçirirlər. Hakimin start fitindən əvvəl milli karyerasını bitirən futbolçulara xatirə hədiyyələri təqdim olunanda zalda xüsusi canlanma yaşandı. Xüsusiylə də mükafat alanların sırasında Rauf Əliyevlə Əfran İsmayılovun yer alması gəncəli azarkeşlərin xatirələrini təzələmişdi. Bir çoxu xüsusi intonasiya ilə vurğulayırdı ki, bu iki futbolçu karyeralarının son dönəmlərində “Kəpəz”in formasını geyib, Gəncədə meydana çıxıblar. Amma şəxsən mənə o qaranlıq qaldı ki, Sərxan Hacıyevlə Fərid Qayıbov millinin veteranlarına nə üçün sarı rəngdə forma hədiyyə etdi. “Olmazdımı ki, millinin meydan oyunçularının formasından hədiyyə olunardı” sualı təxminən 5-10 dəqiqə beynimi məşğul etdi.
Sözsüz, hesabın erkən açılması, özü də qısa müddət ərzində rəqibin qapısına iki qol vurmağımız məkandakı ab-havanı dəyişdirdi. O cümlədən də mənim beynimi məşğul edən forma məsələsi də unudulub getdi. Ən maraqlı məqamlardan biri o idi ki, oyun başlar-başlamaz tribunaları göstərərkən xanım azərkeşlər ekrana gəldi. Hətta bir futbolsevərin stadiona ailəsiylə birlikdə gəldiyi göründü. Bu da görüşü ekran başında izləyənlərdən birinin təəccübünə səbəb oldu. Belədə qulağıma “ayə, qızlara bax. Biri də ailəylə gəlib. Deməli, Bakıda stadionda söyüş söymürlər” sözləri də çatdı. Xatırladım ki, Gəncədə bir vaxtlar “Kəpəz”ə könül verən azarkeşlər “Təhqir” fanklubu yaratmışdı. Bu azarkeş qrupunda yer alanların işi-gücü 90 dəqiqə ərzində rəqib futbolçuları və hakimlər briqadasını söyməkdən ibarət olurdu. Güman ki, xanımların tribunada görünməsini Bakıda tribunalarda söyüş söyülməməsi ilə əlaqələndirən dostumuzun da Gəncə şəhər stadionu ilə bağlı xeyli xatirəsi varmış.
Daha maraqlı epizodlardan biri isə Şahruddin Məhəmmədəliyevin “çərçivə”də görünməsi zamanı yaşandı. Gəncəli azarkeşlərdən biri buna çox təəcübləndi, onun Türkiyədən nə üçün qayıtdığını soruşdu. Hiss etmək çətin deyil ki, Şahruddinin “Qarabağ”ın heyətində yol verdiyi səhvlər onu zaman-zaman xeyli qəzəbləndirib. İndi də qorxub ki, dağıstanlı qapıçı yenidən “Qarabağ”a qayıdar, yaşatdığı “həyəcanı” təkrarlamağa başlayar. Yanındakılar dərhal da ona məlumat verdilər ki, meydana çıxan “Qarabağ” deyil, milli komandadı. Şahruddinin də Bakıya qayıdıb, qapıda dayanması bununla bağlıdı, millinin oyunları bitəndən sonra qapıçı yenidən Adanaya qayıdacaq, karyerasını orda davam edəcək. Millimizin 2:0 önə keçməsi məkandakı futbolsevərlərin kefini elə açmışdı ki, tezliklə umu-küsülər, narazılıqlar yerini fərqli müzakirələrə buraxdı. Kimisi deyirdi ki, hakim qadın olduğu üçün bizimkilər ikiqat əzmlə oynayırlar. Başqa biri İsveçə xalın lazım olmadığını deyirdi. Müzakirə iştirakçılarından biri fasilədən sonra vəziyyətin dəyişə biləcəyini ehtimal edirdi.
Onlar bu müzakirələri aparanda mənim xəyallarım lap uzaqlara gedirdi. Elxan Məmmədovun AFFA-nın baş katibi kimi söz sahibi olduğu vaxtlarda millimizi almaniyalı Berti Foqts çalışdırırdı. Millimiz qrupdakı mübarizəyə uğursuz start verirdi, dərhal da almaniyalının komandadan qovulmasıyla bağlı müzakirələr başlayırdı. Ya vəlvələdən, ya da zəlzələdən sona yaxın vəziyyət “düzəlirdi”. Favoritlərdən biri özü üçün əhəmiyyət daşımayan oyunlarda Bakıda büdrəyirdi. Onda AFFA “valı dəyişir”, özünə yaxın mirzələrə “millimiz düzgün yoldadı, Foqtsla inkişaf edirik, ona vaxt vermək lazımdı” tipli yazılar yazdırırdı. Beləcə Foqtsla yeni müqavilə imzalanırdı. İndi zəmanə dəyişib, ümid edirəm ki, İsveçlə oyundan sonra təkrar nağılları eşitməyəcəyik.
AMAL