Ötən yay Kazemiro yeni emosiyaların arxasınca “Mançester Yunayted”ə yollandı.
"Football-plus.az" xəbər verir ki, indi isə qüvvədə olan müqaviləsinə baxmayaraq, ərəblərin milyonları Kərim Benzemanın da gözünü qamaşdırdı. Hələ Luka Modriç də Yaxın Şərqə köçə bilərdi. Amma xorvat yanvarda “Əl-Nəssr”ə, apreldə Qətər “Əl-Sədd”inə “yox” cavabı verdi. Hətta indi də masada təklif var – karyerasını “Real”da bitirməyi arzulayan Luka “Əl-Əhli”nin ildə 80 milyon avro maaş nəzərdə tutan kosmik təklifini də yaxın buraxmır. O, planlaşdırdığı kimi, daha bir il Madriddə qalacaq, yaxın günlərdə yeni müqavilə imzalamalıdı. Ancaq hətta Modriç bu təkliflərə “hə” deyib getsəydi də, bu məqam Karlo Ançelottinin Madridə dönüşündən bəri heyəti ən ciddi şəkildə dəyişmək niyyətinə təsir etməyəcəkdi.
İtaliyalı mütəxəssis iki mövsümlərarası dövrdə standart sxem əsasında oyunçular əldə etdi: bir ciddi transfer (Eduardo Kamavinqa və Orelyen Çuameni), bir güclü azad agent (David Alaba və Antonio Rüdiger) və icarədən qayıdanlar. Ki, onlardan da yalnız yeni müqaviləni haqq edən Sebalyosu xüsusi vurğulamağa dəyər.
“Real” “təhlükəsizlik yastığı” sayəsində pandemiya dönəmini La Liqada hamıdan yaxşı keçirsə də, yenə də xərcə düşməli oldu. Stadionun yenidən qurulması ciddi sərmayə tələb etdi. Kovid ərəfəsində Florentino Peres transferlərə klub üçün rekord sayılan məbləğ – 303 milyon avro ayırmışdı. Və Eder Militao ilə Rodriqonun alınmasını “10-luğa düşmək” kimi qiymətləndirmək olarsa, göstərilən məbləğin yarıdan çoxu Eden Azarla Luka Yoviçin transferinə “uçdu”. Məhz bu üzdən klub ağıllı iqtisadiyyat rejiminə əl atmağa məcburdu ki, La Liqanın hər şeyə mız qoyan prezidenti Xavyer Tebas da madridliləri buna görə tərifləyib. Yalnız indi dağıntıları təmizləmək mümkün olub – nəhayət, klub “ölü can” kimi çiynindən asılan Azarla Mariano Diasdan qurtulub. Yeni müqavilə imzalamaqdan imtina edən Marko Asensionun da getdiyini nəzərə alsaq, “Real” transfer bazarına ciddi şəkildə dönməyə məcburdu. İndiki – kəmiyyət və keyfiyyət baxımından zəifləyən heyətlə Ançelottinin məşqçi ustalığı da işə yaramayacaq.
Qənaət variantı
Bir nömrəli hədəf, təbii ki, hücumçudu. Ançelotti bu yöndə fikirlərini belə dilə gətirib: “Biz elə hücumçu almaq istəyirik ki, həm qol vurmağı bacarsın, həm də komanda oyununa sığsın. Bir sözlə, bizə yaxşı futbol oynayan hücumçu lazımdı”.
Belədə ilk namizədin üzə çıxmasını çox gözləmək lazım gəlmədi. Birincisi, Harri Keyn top səviyyəli bombardirdi. İkincisi, Joze Mourinyo “Tottenhem”dəki birmənalı qiymətləndirilməyən çalışdırıcılıq dönəmində Harridə toppaylayan vərdişlərini çox inkişaf etdirdi və onu daha çoxyönlü futbolçuya çevirdi. Benzemanın varisi ola bilmək üçün əla xatakteristikaya malikdi, ancaq mümkün transfer ilə bağlı məsələdə çoxlu suallar var. Məsələn, biri elə budu ki, Keyn guya daha bir neçə rekordu öz adına yazmaq üçün premyer-liqada qalmağı planlaşdırır. Ancaq belə görünür ki, məsələ fərqlidi. Söhbət heç “Mançester Yunayted”lə “Bavariya”nın adı çəkilən futbolçuya “elçi düşməsindən” də getmir. Sadəcə, Peresin “mahmızlar”ın bu transfer üçün tələb etdiyi 115 milyonu verməyə əli gəlmir. Hələ Daniel Levi ilə ticarət etmək də məşəqqətli işdi. Məhz bu üzdən gah Keynin yaşı, gah yüksək maliyyə tələbi (ildə 20 milyon) ortaya atılır, hətta onun Kilian Mbappe ilə taktiki cəhətdən uyuşmazlığını deyənlər də var. Yeri gəlmişkən, fransalı ulduzun daha bir mövsüm PSJ-də qalmaq planını açıqlamasına baxmayaraq, bu məsələ də qapanmayıb. Ən azı ona görə ki, belə perspektiv Paris klubunu qətiyyən razı salmır. Klub rəhbərliyi bir il sonra əsas ulduzunu havayı buraxmaq fikrindən uzaqdı, bu üzdən Kilian ya müqavilə müddətini uzadacaq, ya da bu yay satılacaq. Heç şübhəsiz, “Real” bu məqamdan yararlanmağa çalışacaq. Axı qalmaqal fonunda parislilərin iştahı azala bilər. Təsadüfi deyil ki, bəzi qaynaqlar artıq PSJ-ni 150 milyonun da razı salacağını vurğulayır. Hərçənd yaxınlara qədər söhbət 180-200 milyondan gedirdi.
Bununla belə, “Real” hücumu gücləndirməklə bağlı başqa variantları da öyrənir. Lautaro Martineslə bağlı xəbər bir ara hər kəsin diqqətini çəksə də, inkişafını tapmadı. Kay Havertsə gəlincə, “Çelsi” təmasa həvəs göstərsə, Madrid klubu onu ala bilər. “Real” “zadəganlar”a 50 milyon təklif edir, onlar isə 10 milyon artıq və bonuslar istəyir. Əvəzində Xoselu bugünlərdə imza atacaq. 33 yaşlı forvardın komandaları “Alaves” və “Espanyol” son iki mövsümdə sequndaya yuvarlanıb, ancaq veteran tam formadadı və bu iki mövsümdə 30 qol vurub.
Yetirmələrin dönüşü
Sual doğurmayan mövqe orta sahədi. Ançelottinin sərəncamında Modriç, Kroos, Valverde, Sebalyos, Çuameni, yeni alınan möhtəşəm Bellingem və “Milan”dan doğma kluba qayıdan Braim Dias var. Sadəcə, məcburiyyət üzündən sol müdafiəçi mövqeyində oynayan Kamavinqanı da unutmayaq. Son xəbərlər bu futbolçunu sevindirir, axı klub lateral mövqeyini məhz burda oynamaq üzrə ixtisaslaşan oyunçularla dolduracaq. Madridlilər daim zədədən əziyyət çəkən Mendidən də qurtulmaq istəyir. Klub çətin ki, onun satışından pul qazana bilsin. Alabanın “Bavariya”dan Deyvisi Madridə gəlmək üçün dilə tuta biləcəyi ilə bağlı söhbətlər “Real” azarkeşlərini sevindirsə də, bir qədər fantastikaya bənzəyir. Elə kanadalının agenti də transfer ehtimalını belə qiymətləndirir. Reallıqda isə klub öz yetirməsi Fran Qarsiyaya imza atdırıb. O, “Rayo Valyekano”da səviyyəli oyunçuya çevrilib, müdafiədə vəzifəsinin öhdəsindən gəlməklə yanaşı, rəqib qapısı önündə də yetərincə keyfiyyətli oyun göstərir. Franın “Barselona” ilə “Atletiko”nun qapısına vurduğu qolları, “Real”la oyunda verdiyi məhsuldar ötürməni xatırlamaq kifayətdi. Sol cinahda qeyd-şərtsiz əsas seçim ola bilər. Sağa gəlincə, çox güman, Karvaxal mövqeyini qoruyacaq, amma onun Lukas Vaskes və Eder Militao kimi alternativləri də var.
Naço ilə müqavilə müddəti uzadılandan sonra müdafiənin mərkəzində qıtlıq hiss olunmayacaq. Amma elə bu yay Hakiminin doğma klubuna dönəcəyi ilə bağlı deyilənlərin real əsası yoxdu. Əşrəf heç də problemli olmayan mövqe üçün hədsiz bahalı futbolçudu. Əvəzində ikinci qapıçı məsələsi, demək olar ki, həllini tapıb. Kurtuanın əvəzedicisi təcrübəli David Soriya olacaq. “Xetafe” onun müqabilində “Real”dan bir neçə gənc istedadı – biri elə yarımmüdafiəçi Arribasdı – alacaq.
Son vaxtlar bazarda özünü təvazökar aparan “Real”ın yay “transfer pəncərəsi”nin açıldığı iki həftə ərzində bu qədər transfer xəbəri və şayiəsi ilə gündəmə gəlməsinə inanmaq olmur. Belə görünür ki, bu yay Madriddə isti olacaq. “Barselona”nı çempionluq yolundan sapdırmağın başqa yolu da yoxdu.
ORXAN