Bu tur 7 oyundan 6-sı şənbə günü keçirildi. Yiğmamızın üzvü Mahir Emrelinin ikinci hissədə meydana çıxdığı matçda “Konyaspor” evdə “Fatih Kragümrük”lə bacara bilmədi. Elitadan düşən 2-ci komanda hələ də bəlli deyil. Bütün suallara son turda aydınlıq gələcək. Mübarizə “İstanbulspor”la “Girəsunspor” arasında gedəcək. “Ümraniyəspor”un artıq elita ilə vidalaşdığını xatırladaq.
"Football-plus.az" xəbər verir ki, turun maraqlı və məhsuldar oyunlarından biri Adanada keçirildi. Mövsümün ilk 16 ev oyununda uduzmamaqla diqqəti çəkən “Adana Dəmirspor” son 2 ev oyununu məğlubiyyətlə başa vurdu. “Beşiktaş”ın ardından “İstanbul BŞ” də Adananı fəth etdi.
“Beşiktaş”dan söz düşmüşkən, İstanbul nəhəngi səfərdə oynamasına baxmayaraq, turu rahat və böyükhesablı qələbə ilə tamamladı. Halbuki “Kasımpaşa” son 4 turda 12 mümkün xaldan 10-nu qazanmışdı. Amma “Qartal” mövsümün sonunda əla formadadı. Cenk Tosun ardıcıl 3-cü, Abubakar isə 5-ci oyunda meydanı qolsuz tərk etmədi. Matçın ən maraqlı anı final fitindən sonra yaşandı. Belə ki, hakim fitdən sonra VAR-ın məsləhəti ilə monitora baxmağa yollandı və penalti təyin etdi. 10 illik “Beşiktaş” macərasını nöqtələməyə hazırlaşan 40 yaşlı Hatçinson topun başına keçərək fürsəti boşa vermədi. “Trabzonspor”, adətən, ona başağrı olan “Alanyaspor”u darmadağın etdi. Hamşik oyundan sonra göz yaşlarını saxlaya bilmədi.
Turun əsas oyunu “Nef Stadionu”nda keçirildi. Derbi daha çox “Fənərbaxça” üçün önəmli idi. “Sarı-lacivərdlilər” qalib gəlməklə həm çempionluğu artıq rəsmiləşdirmiş əzəli rəqibin bayramını korlaya, həm də 2-ci pilləni təmin edə bilərdilər. Amma “Qalatasaray” növbəti dəfə bütün Türkiyə futbol ictimaiyyətinə təsadüfən çempion olmadığını sübut etdi. Oyuna çox rahat çıxan və möhtəşəm azarkeş dəstəyinə malik olan “Cim-Bom” ilk yarının ortalarından etibarən prinsipial rəqibini “kötəkləməyə” başladı. 28-ci dəqiqədə fəallığı ilə seçilən və gəldiyi gündən bəri ən yaxşı oyunlarından birini keçirən Zanyolo hesabı açdı. Onun zərbəsindən sonra top rəqibə dəyərək qapıçını çaşdırdı. İlk yarıda çox aciz təsir bağışlayan və Musleranı narahat etməyən “Fənər” fasilədən sonra da özünə gələ bilmədi. Təkcə bir faktı vurğulayaq ki, Jorje Jezuşun komandası oyunu “çərçivə”yə zərbə vurmadan tamamladı! 1 saatın tamamında faktiki intriqa öldü. Peres Zanyoloya qarşı “son ümid folu”na görə birbaşa qırmızı vərəqə aldı.
Belə bir bayram ab-havasında keçən oyunda “Qalatasaray”lıların sevimlisi İkardi qol vurmaya bilməzdi. Argentinalı forvard 71-ci dəqiqədə cərimə meydançasında hamıdan cəld tərpənərək ikinci toxunuşla topu tora göndərdi. Rəqibin nokauta düşdüyünü görən “Qalatasaray” son nöqtəni Zanyolo ilə qoydu. Final fitindən sonra “Fənər” kor-peşman evinə, “Qalatasaray”lılar isə kuboku qaldırmağa yollandı. Stadionun ortasında qurulan platformada mükəmməl çempionluq tədbiri keçirildi və komandaya kubok təqdim olundu. Gecənin əsas olayı İkardı ilə Simge Sağının artıq əfsanəyə çevrilmiş “Aşkın Olayım” mahnısını birgə ifa etmələri oldu. Jezuş mətbuan konfransına qatılmaqdan imtina etdi və heç bir açıqlama vermədən stadiondan ayrıldı. Okan Buruk həmkarının bu hərəkətini “hörmətsizlik” adlandırdı. Onu da bildirək ki, “Beşiktaş” son turda qalib gələcəyi təqdirdə şəxsi oyunlarda “Fənər”dən üstün olduğu üçün mövsümü 2-ci pillədə tamamlayacaq. Amma bunun elə bir prinsipial fərqi yoxdu. Çünki bu mövsüm həm 2-ci, həm də 3-cü yerin sahibi yalnız Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlamaq haqqı qazanacaq.
37-ci tur
Qalatasaray – Fənərbaxça 3:0
Zanyolo, 28; 79. İkardi, 71.
Qalatasaray: Muslera, Boe, Nelsson (Kaan Ayhan, 84), Əbdülkərim Bardakcı, Kazımcan Karataş, Berkan Kutlu, Torreyra (Mata, 84), Zanyolo (Qomis, 87), Barış Alpər Yılmaz (Mertens, 73), Kərəm Aktürkoğlu (Yunus Akgün, 87), İkardi.
Fənərbaxça: İrfan Can Eğribayat, Fərdi Kadıoğlu, Samet Akaydın, Salai, Peres, Arao (İsmayıl Yüksək, 67), Zayts, Arda Gülər (Əmre Mor, 65), Rossi (Osayi-Samuel, 46), Valensiya (Kinq, 76), Batşuayi (Pedro, 76).
Kasımpaşa – Beşiktaş 2:5
Aytaç Kara, 62. Donk, 86 – Fernandeş, 20. Cenk Tosun, 30. Abubakar, 49. Tayfur Bingöl, 79. Hatçinson, 90+13-p.
Beşiktaş: Mərt Günok, Rozye, Velinton, Nəcip Uysal (Hatçinson, 90+1), Masuaku, Hadziahmetoviç (Umut Meraş, 90+1), Salih Uçan (Berkay Vardar, 90+1), Muleka (Tayfur Bingöl, 68), Fernandeş, Cenk Tosun, Abubakar (Kərəm Kəsgin, 90).
Trabzonspor – Alanyaspor 5:1
Trezeqe, 18. Hamşik, 24-p. Bakasetas, 32. Strüger Larsen, 35. Umut Bozok, 58 – Umut Günəş, 14.
Trabzonspor: Muhammet Taha Tepe, Strüger Larsen (Sərkan Asan, 83), Hüseyin Türkmən, Taha Altıkardeş, Ərən Elmalı, Siopis, Hamşik (Abdülkadir Ömür, 61), Bakasetas (Bardi, 49), Visça (Dorukhan Toköz, 83), Trezeqe (Lahtimi, 61), Umut Bozok.
Adana Dəmirspor – İstanbul BŞ 2:3
Stambuli, 8. Barrios, 48 – Keni, 10; 86. Fiqeyredo, 46.
İstanbul BŞ: Dəniz Dilmən, Şənər Özbayraklı (Lima, 56), Şaokonq Vu (Duarte, 67), Tuba, Canər Ərkin, Berkay Özcan, Berkay Aydoğmuş (Bilya, 56), Keni, Dəniz Türüç, Sərdar Gürlər (Batuhan Çelik, 90+3), Fiqeyredo (Yanuzay, 56).
Konyaspor – Fatih Karagümrük 1:1
Moreno, 39 – Dianye, 45+3.
Konyaspor: Şehiç, Ahmet Oğuz, Adil Dəmirbağ, Kalvo, Gilyerme, Sonər Dikmən (Oğulcan Ülgün, 74), Buxalakis (Paz, 6), Mixalak, Potsuelo (Muriç, 74), Moreno (Emreli, 63), Diuf.
Kayserispor – Ankaragücü 0:1
Kitsiu, 24.
Ümraniyəspor – Girəsunspor 0:1
Bayiç, 45.
Qaziantep – İstanbulspor -:+
Antalyaspor – Hatayspor +:-
1. Qalatasaray 35 27 4 4 80-27 85
2. Fənərbaxça 35 24 5 6 84-42 77
3. Beşiktaş 35 23 8 4 75-33 77
4. Adana Dəmirspor 35 19 9 7 74-44 66
5. İstanbul BŞ 35 17 8 10 51-36 59
6. Trabzonspor 35 17 6 12 63-51 57
7. Konyaspor 35 12 14 9 46-38 50
8. Fatih Karagümrük 35 12 12 11 72-63 48
9. Kayserispor (-3) 35 15 4 16 54-60 46
10. Kasımpaşa 35 12 7 16 45-58 43
11. Ankaragücü 35 12 6 17 42-51 42
12. Antalyaspor 35 11 8 16 46-53 41
13. Alanyaspor 36 11 8 17 54-70 41
14. Sivasspor 35 11 7 17 45-53 40
15. İstanbulspor 35 11 5 19 43-63 38
16. Girəsunspor 35 9 10 16 40-60 37
17. Ümraniyəspor 35 7 9 19 47-60 30
18. Qaziantep 35 6 7 22 31-69 25
19. Hatayspor 35 6 5 24 19-80 23
Bombardirlər: Valensiya (Fənərbaxça) – 29, İkardi (Qalatasaray) – 22, Dianye (Fatih Karagümrük) – 21, Borini (Fatih Karagümrük) – 19.
Turun rəqəmi
32 – yaxın keçmişə qədər “Fənərbaxça” “Qalatasaray” üzərində psixoloji üstünlüyə malik olması ilə lovğalanırdısa, artıq bu üstünlükdən əsər-əlamət qalmayıb. “Cim-Bom” əvvəlcə 20 illik seriyaya son qoyaraq əzəli rəqibini səfərdə yenməyi bacardı. İndi də “Aslan” 32 ildən sonra bir ilkə imza atdı. Belə ki, “sarı-qırmızılar”ın “sarı-lacivərdlilər”i mövsümün hər iki oyununda məğlub etməsinə sonuncu dəfə 1990/91-də rast gəlinmişdi. O vaxt “Aslan” səfərdə 2:1, evdə 4:1 hesabı ilə üstün olmuşdu.
Turun ulduzu
Nikolo Zanyolo (Qalatasaray) – son 2 turu cəza üzündən buraxmalı olan legioner prinsipial derbidə gözlənilmədən start heyətində meydana çıxaraq günahını artıqlamasıyla yudu. İki baxımlı qol vuran italiyalı ulduz derbiyə damğa vurdu. Türkiyə çempionatında vurduğu qolların sayını 5-ə çatdıran 23 yaşlı futbolçu həm də karyerasında bir ilkə imza atdı. Belə ki, Zanyolo buna qədər İtaliya və Türkiyədə olmaqla meydana çıxdığı 103 çempionat oyununda heç vaxt dubl etməmişdi. O, bu qarşılaşmalarda 17 dəfə fərqlənsə də, qolların hamısını bir-bir vurmuşdu.
Turun sitatı
Gürcan Bilgiç, futbol şərhçisi: “Çox güman, “Fənər” Peresin “qırmızı”sını gözə soxub məğlubiyyəti bununla əlaqələndirəcək. Jezuşa “qoca qurd” dedik, amma elə deyilmiş. Heç nə bacarmadı və heç nə göstərmədi. Hər dəfə eyni şeyləri edib fərqli nəticə gözlədi. Neçə həftədi texniki qələbələr üzündən “Qalatasaray”ın çempionluğunun həqiqi olmadığını söyləyirdi. İsmayıl Yüksək də derbidən öncə buna bənzər nəsə “mırıldamışdı”. Layiq olmaq üçün ən azı çempion olmuş rəqibindən daha üstün olduğunu göstərməlisən. Amma sən hər iki oyunda “Qalatasaray” önündə aciz qaldın”.
Faktlar
* “Beşiktaş” texniki qələbələrlə birlikdə superliqada məğlubiyyətsiz seriyanı 14 oyuna çatdırdı (12 qələbə, 2 heç-heçə). Komandanın sonuncu dəfə belə seriyası 2016/17-də yenə də Günəşin dönəmində olub.
* Hatçinson 40 yaş 3 ay 26 günlüyündə fərqlənərək superliqa tarixində qol vuran ən yaşlı əcnəbi futbolçu oldu. Turnirin tarixində qol vuran ən yaşlı futbolçu isə ötən mövsümün son turunda “Altay”ın heyətində “Kasımpaşa” ilə oyunda 40 yaş 334 günlüyündə fərqlənən İbrahim Öztürkdü.
* Cenk Tosun superliqada 239-cu oyunda 98-ci qolunu vurdu. Onu “100-lər klubu”ndan cəmi 2 qol ayırır.
* “Trabzonspor” bu mövsüm ilk dəfə superliqada ardıcıl 3 qələbə qazandı.
* “Trabzonspor” tarixində ilk dəfə Türkiyə çempionatında ardıcıl 3 oyunda ən azı 4 qol vurdu! Komanda bundan öncə “Fatih Karagümrük”ü 4:1, “Girəsunspor”u 4:2 yenmişdi.
* Nenad Byelitsa Hans-Peter Brigeldən (2001/02) bəri “Trabzonspor”un başında çempionatda ilk 3 ev oyunundan qələbə ilə ayrılan birinci məşqçi oldu.
* “Qalatasaray” evdə “Fənərbaxça”ya qarşı 9 illik qələbə həsrətinə son qoydu. “Aslan” əzəli rəqibini öz meydanında sonuncu dəfə 2014-ün oktyabrında yenmiş və sonrakı 7 qarşılaşmadan 5 bərabərlik, 2 məğlubiyyət ilə ayrılmışdı.
* Məğlubiyyətə baxmayaraq “Fənərbaxça” superliqa çərçivəsində şəxsi oyunlarda qələbə sayında hələ də “Qalatasaray”dan çox üstündü (52:37).
* “Qalatasaray” bu mövsüm evdə həm “Trabzonspor”u (2:1), həm “Beşiktaş”ı (2:1), həm də “Fənərbaxça”nı (3:0) məğlub etdi. Okan Buruk son 10 ildə “Cim-Bom”un başında bunun bacaran ilk yerli məşqçi oldu. Sonuncu dəfə yerlilərdən bunu 2012/13-də Fatih Terim bacarmışdı.
* İkardi XXI əsrdə “Qalatasaray”da start heyətində meydana çıxdığı ardıcıl 8 çempionat oyununda qol vuran ilk futbolçudu.
* İkardi son 11 ildə bir mövsümdə “Fənərbaxça”ya həm səfərdə, həm də evdə qol vurmağı bacaran ilk “Qalatasaray”lı oldu. Sonuncu dəfə bunu 2011/12-də Elmander bacarmışdı.
* İkardi bu mövsüm “Beşiktaş” və “Fənərbaxça” ilə oyunlarda 6 qol vurdu. O, “Qalatasaray” tarixində bir mövsümdə derbilərdə ən çox qol vuran 2-ci futbolçu oldu. Lider isə 1990/91-də 9 qol vuran Tanju Çolakdı.
* “Fənərbaxça” mövsümü derbilərdə qalib gəlmədən tamamladı (4 oyun, 1 heç-heçə, 3 məğlubiyyət). Bu hal son 5 mövsümdə 3-cü (!) dəfə təkrarlandı (2018/19, 2020/21).
* Jezuş Quus Hiddinkdən (1990/91) bu yana bir mövsümdə “Fənərbaxça”nın başında “Qalatasaray”a qarşı hər iki oyunda məğlub olan ilk məşqçi oldu. Buna qədər bir mövsümdə “Fənər”in başında “Qalatasaray”a qarşı hər iki oyunda qol vurmadan uduzan yeganə məşqçi isə 1980/81-də Fridel Rauş olmuşdu!
* “Qalatasaray” bu mövsüm 2 oyunda “Fənərbaxça”ya 6 qol vurdu. Klub tarixində yalnız bir dəfə bir mövsümdə “Fənər”ə bundan daha çox qol vurmaq mümkün olub. Bu hadisə 1960/61-də baş verib (7 qol).