Oyun ərzində ağdamlıların heyətində özünü yaxşı və ya pis tərəfdən göstərən futbolçular oldu. Ancaq biri var ki, heç şübhəsiz, yüksək səviyyədə performans sərgilədi. Söhbət Elvin Cəfərquliyevdən gedir. Ona görə ki, 56-cı dəqiqədə Bruno Lanqanı əvəzləyən müdafiəçi oyunun sürətlənməsində, hücumların daha tutarlı olmasında müstəsna rol oynadı. Bu dəyişiklikdən sonra Lanqanın yöndəmsiz zərbələrini yox, Elvinin ənənəvi cinah ötürmələrini izlədik. Cəfərquliyev sübut etdi ki, Lanqadan daha yaxşıdı! Hətta Qurban Qurbanov mətbuat konfransında bu sözləri dedi:
“Hələ əsas heyəti tam formalaşdırmamışam. Elvin bu cür davam etsə, niyə start heyətində şans verməyim?! Dəyişikliklər olacaq”.
Həqiqətən də, Sofiyada keçiriləcək cavab matçında qələbə qazanmaqdan başqa yolu olmayan “Qarabağ”ın ilk “11-liy”ində dəyişiklik labüddü. Xüsusən Elvin səfərdə start heyətində meydana çıxmalı, lazımi qolların vurulması üçün çalışmalıdı. Hər halda, Elvinsiz “Qarabağ” o qədər də təhlükəli deyil. Qurban bəy müdafiəçini onsuz da bağışlayıb. Odu ki, start heyətiylə bağlı cəza da aradan qalxmalı, Elvin “köhlən atlar”la yenidən bütövləşməlidi!
KƏNAN BAHADIR





