Avrokuboklarda artıq 2-ci təsnifat mərhələsinin oyunları keçirilir. Ölkəmizin dörd klubu da bu mübarizənin içindədi. Yeni mövsümdə artıq komandalarımızın hər biri üç matça çıxıb və hər biri azı bir dəfə rəqibi evində qəbul edib. Bu oyunlara azarkeşlərin nə dərəcədə maraq göstərməsi haqda danışacağıq.
“Neftçi”nin acı məğlubiyyətini nəzərə almasaq, demək olar ki, Azərbaycan təmsilçiləri uğurlu çıxış edirlər. Lakin azarkeş sayı heç də qənaətbəxş deyil. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Sabah” azarkeşləri cəlb etmək üçün müəyyən addımlar atır. Həm biletlərin qiyməti ucuzdu, həm də müxtəlif əyləncələr təşkil olunur. Amma “Nyu Seynts”lə oyuna 7000, KuPS ilə oyuna 7100 azarkeş gəlmişdi ki, bunu da yaxşı göstərici saymaq olmaz.
“Qarabağ”la bağlı vəziyyət normaldı. “Vestri” ilə matçı izləmək üçün 23549 nəfər stadionda yer almışdı. “Zirə”nin təmsil etdiyi qəsəbədə oynaya bilməməsi azarkeşlərin komandadan uzaq düşməsinə səbəb olub. “Torpedo” ilə oyun cəmi 1500 yerlik “SOCAR Polymer Arena”da keçirildi. Stadion dolsa da, yer sayını nəzərə almaq lazımdı.
“Neftçi” isə təkcə nəticəsi ilə məyus etmədi. Stadiona da gözləniləndən az - 7684 azarkeş gəlmişdi. Stadionun ən azı üçdəbiri boş idi. Niyə? Ölkənin ən köklü klubunun bu qədər az azarkeş tərəfindən dəstəklənməsinə səbəb olan amil nədi? Hələ komanda məğlub duruma düşəndən sonra tribunalar boşalmağa başladı. Küskünlük hiss olunurdu.
Ümumiyyətlə, qitə kuboklarına niyə maraq azdı, azarkeşlər niyə stadiona gəlmir?
Bu suallara cavab tapmaq üçün “Göyqurdlar” fanklubunun rəhbəri Elnur Şərifli ilə danışdıq:
“Məncə, problem təkcə nəticələrdə deyil, ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşə yanaşmasındadı. Avropada, xüsusən Polşa kimi futbol ölkələrində hər şey azarkeş üçün qurulur. Bizdə isə əksinə, elə təəssürat yaranır ki, sadəcə, oyunu təşkil etmək kifayətdi. Azarkeş gəldi-gəlmədi, bunun üzərində ciddi iş getmir. Birincisi, premyer-liqada komanda sayı azdı, maraqlı rəqabət və derbilər kifayət qədər deyil. Üstəlik yeni yaradılmış və azarkeş bazası olmayan “Sabah” kimi Abşeron və Bakı klubları, təbii ki, tribunaları doldura bilmir və bilməyəcək də. Azarkeşlər artıq “Bakı Liqası”nın matçlarından bezib. Kubok matçlarını da nəzərə alsaq, bir mövsümdə klublar az qala 4 dəfə bir-biri ilə qarşılaşır. Mövsüm ərzində eyni klubların oyununu dəfələrlə görmək artıq heç kimə maraqlı gəlmir. Bölgələrdə futbolun inkişafına yüksək yatırım və müasir stadionların olmaması da bu problemin əsas səbəblərindəndi.
İkincisi, stadion təcrübəsi çox zəifdi. Avropada stadiona getmək 90 dəqiqəlik oyun deyil, bütöv bir tədbirdi. Bizdə isə normal keytrinq xidməti yoxdu, tualetlərin vəziyyəti - xüsusilə ailələr və uşaqlarla gələn azarkeşlər üçün - ürəkaçan deyil. İçki seçimi (alkoqollu və alkoqolsuz), fanşop məhsullarının çeşidi azdı, qiymətlər isə bir çox hallarda yüksəkdi. Azarkeş özünü dəyərli hiss etmir.
Digər vacib məqam tribunalardakı atmosferdi. Azarkeşlərin sərbəst şəkildə komandasını dəstəkləməsi, Avropa üslubunda tribunalar yaratması üçün əlverişli şərait yaradılmalıdı. Şübhəli hakim qərarları və futbola inamı azaldan amillər də insanların stadiondan uzaqlaşmasına təsir edir.
Tələbələr və gənclər üçün ciddi bilet və fanşop endirimləri tətbiq olunmalıdı. Məhz onlar gələcəyin potensial azarkeşləridi və onları bu gün stadiona cəlb etmək lazımdı.
Son illərdə müəyyən müsbət addımları yalnız bir klubda görürəm. Məsələn, “Neftçi” bu istiqamətdə başqalarıyla müqayisədə daha çox təşəbbüs göstərməyə çalışır. Amma məncə, bu kifayət deyil. Azərbaycan futbolunda hələ də əsas problem odu ki, sistem azarkeşi mərkəzə qoymur. Halbuki futbol ilk növbədə azarkeş üçündü. Azarkeş olmadan futbolun ruhu olmur”.
İSRAYIL XEYRULLAYEV