Bu həftə “Sabah” Çempionlar, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda uğursuzluqla üzləşdi. Daha dəqiqi, “bayquşlar” böyükhesablı qələbə qazana biləcəyi halda fürsətləri boşa verdiyindən bir qolla kifayətlənməli oldu. Oyuna uğurlu başlayan, ilk 10 dəqiqədə iki dəfə fərqlənən “ağ-qaralar” isə inandırıcı görünməsə də, 2:4 hesabıyla uduzdu.
Beləliklə, hazırda həm Valdas Dambrauskasın, həm də Yuri Vernidubun komandasının növbəti mərhələ hədəfi təhlükə altındadı. Bəs, bu komandaların hədəfə çatmaq ehtimalı nə dərəcədə böyükdü?
“Sabah”dan başlayaq. Artıq hamıya məlumdu ki, meydan sahibləri çoxlu qol vəziyyətindən faydalana bilmədi, bəlkə də avrokuboklarda ən böyükhesablı qələbəsini qazanmaq şansını qaçırdı. Ancaq rəqibin evdə qollar vurmaq üçün irəli atılmaq məcburiyyətində qalacağını nəzərə alsaq, “bayquşlar” üçün münbit şərait yaradacaq. Axı Masazır təmsilçisi rəqiblərin müdafiə xəttində verdiyi boşluqlardan maksimum faydalanmaq baxımından ustalaşıb. Ümumiyyətlə, bu komandaya qarşı hücum futbolu sərgiləmək olduqca çətin vəzifədi. Dambrauskasın taktikasını dərindən mənimsəyən futbolçular belə fürsətləri qətiyyən boşa vermir.
Kəsəsi, “bayquşlar”ın caynağından yalnız genişmiqyaslı müdafiə planının qüsursuz yerinə yetirilməsiylə xilas olmaq mümkündü ki, KuPS-un belə şansı olmayacaq. Çünki Finlandiya çempionunun evdə qol vurmaqdan başqa çarəsi yoxdu. Bununla belə, rəqibin hücum potensialı yüksək səviyyədə deyil. Finlər bunu Masazırda “çərçivə”yə cəmi bir zərbə yönləndirməklə ortaya qoydu. Düzdü, qonaqlar daha iki hücum cəhdiylə yadda qaldı. Lakin bu dəfə də qeyri-dəqiqlik özünü göstərdi. Deməli, KuPS-dan çəkinməyə dəyməz. Süni örtük və hava şəraitiylə bağlı məqamlar isə yalnız bəhanə ola bilər. Öz aramızdı, Dambrauskas hələ “Nyu Seynts”ə qarşı oyundan əvvəl keçirilən mətbuat konfransında belə məqamların səbəb kimi göstərilməsinin əleyhinə olduğunu bildirmişdi. Odu ki, səfərdə hətta böyükhesablı qələbə də qazanmaq olar!
“Neftçi” ilə bağlı isə nikbin danışmaq çətindi. Çünki “ağ-qaralar”ın uğursuzluğa düçar olmaq ehtimalının böyük olduğunu hələ yoxlama oyunlarında uduzanda dilə gətirmişdik. Bu mövzuda qələmə aldığımız başqa yazılarda da klubun transfer siyasətinin doğru olmadığını, daha çox yeni futbolçuya ehtiyacı olduğunu bildirmişdik. Təəssüf ki, paytaxt təmsilçisi bu yöndə lazım olan addımları atmadı. Aydın olmadı ki, bu cür strategiya nəinki avrokuboklarda liqa mərhələsinə yüksəlməyə, premyer-liqada uğur qazanmağa belə təkan verə bilməz. İndi vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Neftçi”yə nə kömək ola bilər? Bu sualın çox sadə cavabı var: rəqibin hesabla bağlı arxayınlığı. Bəli-bəli, “Dinamo-Minsk” də “ağ-qaralar”ın səhvinə yol versə, Bolqarıstandan üzüağ qayıtmaq mümkün olar. Lakin yenicə bu cür yanlışın fəsadına canlı şahidlikm edən komandanın sadəlövhlük edəcəyinə inanmaq müşkül məsələdi. Üstəlik “Neftçi”ni yalnız böyükhesablı qələbə biabırçı nəticədən xilas edə bilər. İndiki durumda həmin hadisənin baş verməsi ehtimalı isə təəssüf ki, azdı...
Beləliklə, ilk oyunlarda istəyinə çata bilməyən komandalarımızı çətin səfər sınaqları gözləyir. Bu ərəfədə “Sabah”dan arxayınıq. Çünki komanda yalnız bitiricilikdə problemlə üzləşdi və buna baxmayaraq, son saniyələrə qədər hücumlar etdi. Mənzərə komandanın psixoloji durumunun yüksək səviyyədə olduğunu da bizə çatdırdı. “Neftçi” isə həm də psixoloji cəhətdən çatışmazlıqlardan əziyyət çəkir. Kapitan Emin Mahmudovun qətiyyətlə arxayınlığın qurbanı olduqlarını deməsi də bunun göstəricidi. Həmçinin Vernidub mövsümün ilk rəsmi matçında işinin nə dərəcədə çətin olacağını anladı. Yəqin bir də heyətlə bağlı ağızdolusu danışmazdan əvvəl azı iki dəfə düşünəcək.
İstənilən halda, arzumuz bütün komandalarımızın mərhələ adlamasıdı. Uğurlar!
KƏNAN BAHADIR