İstanbul nəhəngləri başda olmaqla superliqanın bir çox klubu, eləcə də Avropa təmsilçiləri Antalyada toplanış keçməkdə davam edir.
Football-plus.az xəbər verir ki, “Fənərbaxça” burda ilk oyunda “Alanyaspor”u 4:2 hesabıyla yendisə, “Qalatasaray” ilk oyununu bu gün “Adana Dəmirspor”a qarşı keçirəcək.
“Fənər” isə bu gün İtaliya təmsilçisi “Salernitana” ilə qarşılaşacaq. “Beşiktaş” ilk görüşünü srağagün Belçika təmsilçisi “Şarlerua”ya qarşı keçirdi. Komanda meydana DÇ-də olan oyunçularsız və qripə yoluxan Cenk Tosunsuz çıxdı.
Tribunadan başqan Ahmet Nur Çəbi və vitse-prezident Əmrə Kocadağın da izlədiyi oyunda Şenol Günəşin komandasını meydana 3 müdafiəçili sistemlə çıxarması diqqəti çəkdi. İlk yarıda inamlı təsir bağışlayan “Qartal” Muleka və məhsuldarlığı ilə diqqəti çəkən gənc mərkəz müdafiəçisi Tayyip Talha Sanuçun qolları ilə fasiləyə 2 topluq üstünlüklə yollandı. “Şarlerua” ikinci hissənin əvvllərində iranlı legioner Əmirhosseyn Hosseynzadə ilə fərqi minimuma endirdi və bu, görüşdə vurulan son qol oldu. “Ağ-qaralar”ın heyətində ingiltərəli ulduz Dele Allinin 58-ci dəqiqədə penaltidən yararlana bilmədiyini də vurğulayaq. “Beşiktaş” Antalyada növbəti oyununu sabah digər Belçika təmsilçisi “Vesterlo”ya qarşı keçirəcək.
Xatırladaq ki, komanda buna qədər doğma “Vodafon Park”da keçirdiyi hazırlıq oyunlarında “Serik Bələdiyəspor” (3:1) ilə “İstanbulspor”u (4:0) məğlub etmiş, “Fatih Karagümrük” (1:1) ilə bərabərə qalmışdı.