Xəbər verdiyimiz kimi, “Çelsi” rəhbərliyi Maurisio Poçettinonun komandanın yeni baş məşqçisi olacağını elan edib.
Tedd Boeli ilə Behdad Eqbalinin, nəhayət, doğru seçim etdiyini düşünmək olar. “Çelsi”nin yeni sahibləri bir il boyunca özlərinə və azarkeşlərə əcaib idarəçilik qərarları ilə əzab veriblər: məşqçiləri bir-birinin ardınca yola salıblar, heyəti az qala “Stemford Bric”in ölçülərinə qədər genişləndiriblər, “transfer bazarı”na pul töküblər və bütün bunların fonunda tərəqqi əvəzinə ancaq tənəzzül yaşayıblar.
"Football-plus.az" xəbər verir ki, “Çelsi” son 27 ildə ilk dəfə mövsümü turnir cədvəlinin ikinci yarısında bitirdi. Boeli ilə Eqbali idarəçiliyə ciddi səhvlə başladı.
Bu klub üçün Yürgen Klopp və ya Pep Qvardiola ola biləcək qalib məşqçini – Tomas Tuxeli qovdular. Ardından Qrehem Potterin təyinatında tələsdilər və qovulmasında gecikdilər. Və heç anlaşılmayan tərzdə Frenk Lempardı müvəqqəti əvəzedici təyin etdilər. “Transfer bazarı”ndakı sövdələşmələrin əksəri də səhvdi, bütün bunlar bir zəncirdə birləşdi və “Çelsi”nin faciəsini şərtləndirdi. Klub rəhbərlərinin iki çıxış yolu var idi: “Çelsi”ni satmaq və ya vəziyyəti düzəltmək. Təbii ki, birinci yolu ciddiyə almağa dəyməz: amerikalı klubu çətinliklə ələ keçirib və onunla hələ heç nə qazanmayıb. Belədə vəziyyəti qaydaya salmağın yolunu tapmaq lazım idi. Belə görünür ki, Boeli ilk addımı doğru istiqamətdə atdı.
İdeal zaman
Poçettino çoxdan “Çelsi”nin siyahısındadı. Hələ 2020/21 mövsümünün ortalarında Roman Abramoviçlə Marina Qranovskaya onunla təmasa keçmişdi. Argentinalı hələ onda Frenk Lempardı əvəz edə bilərdi, ancaq sonradan aydın oldu ki, artıq PSJ-nin təklifinə razılıq verib. Poçettino ikinci dəfə artıq yeni rəhbərliyin maraq dairəsinə düşdü. Ancaq cütlük “Brayton”da bir neçə il ərzində məşqçi bacarığını ən yaxşı şəkildə göstərən Potterə güvəndi. İndi isə bütün şərtlər ideal şəkildə üst-üstə düşdü: Poçettinonun əsas rəqibləri olan Yulian Naqelsmann ilə Luis Enrike siyahıdan çıxdı, argentinalı işə mövsümün ortasında yox, əvvəlində başlayacaq.
Təyinatın vaxtı bütün baxış bucaqlarından yanaşanda ideal görünür. Poçettino iki il əvvəl gəlsəydi, azarkeşlər narazı qalacaqdı. Axı Lempard onların arasında çox populyardı, belədə argentinalı hədsiz sərt təzyiq altında çalışacaqdı. Maurisionu Tuxelin yerinə təyin etsəydilər, yenə eyni şey olacaqdı: almaniyalı mütəxəssis işi ilə yüksək tavan müəyyənləşdirib, fanatlar onun qovulmasını ağrı ilə qarşıladı. Üstəlik Poçettino soyadı birbaşa “Tottenhem”lə assosiasiya olunur ki, bu klub da “Çelsi” azarkeşlərində aqressivlik də olmasa, ən azı nifrət doğurur. Mütəxəssis özü də böyüyüb.
Poçettino iki il əvvəl hələ Avropanın top-klubunda iş təcrübəsinə malik deyildi. Ancaq PSJ-də keçirdiyi mövsümyarım onu yeni emosional səviyyəyə qaldırdı. Əlbəttə, argentinalının Parisdəki nəticələri möhtəşəm deyildi, əvəzində məhz Framsa paytaxtında üç titul qazandı. Halbuki “Tottenhem”dəki 5 ildən artıq müddətdə heç nə qazana bilməmişdi. Başqa sözlə desək, indi azarkeşlər yeni baş məşqçiyə ümidlə baxır, daha şübhə və bədbin nəzərlər ilə yox. Onların şüurunda Poçettinonun təyinatı irəli atılan və çoxdan gözlənilən addımdı.
“Tottenhem”lə paralellər
Əlbəttə, heç də hər şey səma qədər aydın deyil. Bəli, Poçettino “Tottenhem”i əbədi uğursuzdan premyer-liqada və hətta Çempionlar Liqasında qələbəyə iddialı kluba çevirdi, ancaq PSJ-də qlobal vəzifənin öhdəsindən gələ bilmədi. Və burda haqlı bir sual yaranır ki, cavabından da Poçettino layihəsinin uğurlu olub-olmayacağı asılıdı: “Çelsi” indi kimə yaxındı – 2021-in PSJ-sinə, yoxsa 2014-ün “Tottenhem”inə? Birmənalı cavab yoxdu, axı bütün bu komandaları müqayisə etmək mümkün deyil. Ancaq paralellər aparmaq olar. “Tottenhem” 2014-də təxminən elə indiki “Çelsi”də olan xaosla üzləşmişdi.
Cari mövsümdə Qrehem Potterlə Frenk Lemparda necə gülürdülərsə, onda da Tim Şervudu məsxərəyə qoyurdular, onu əvəz edən Poçettinoya isə hipertrofik heyət miras qalmışdı. İcarədən qayıdan çoxlu oyunçu var idi, argentinalı heyəti ciddi şəkildə yeniləməli oldu. Yeni məşqçi işləməyə hazır olan futbolçular tapdı, gənclər komandasını silkələdi, fərdi söhbətlərə çox vaxt ayırdı və vəziyyəti düzəldə bildi. Poçettino Londonda onu uğura aparan yolun açarını psixologiyada gördü. Futbolçuları yeni səviyyəyə qalxmağa qadir olduqlarına inandırdı, onlarda aclıq hisi oyatdı və görünməmiş zirvələrə boylandı. 2019-da yalnız finalda “Liverpul”a uduzan “Tottenhem” az qala Çempionlar Liqasını qazanacaqdı. PSJ-də vəziyyət fərqli idi.
Poçettino orda bəzi futbolçulara aşağıdan yuxarı baxmalı oldu. Argentinalı PSJ-yə qədər heç vaxt dünya çapında olan ulduzlarla (Keyn məhz Poçettinonun vaxtında bu statusa yüksəldi) çalışmamışdı. Belədə başqalarından dəfələrlə artıq pul qazanan oyunçularla münasibəti necə qurmalı? Futbolda məşqçinin özündən daha çox şeyə nail olan futbolçuların iştahını necə oyatmalı? Və belə futbolçulara start heyətində yerlərinin təmin olunmadığını necə deməli?
Potensial var
“Çelsi”nin indiki çatışmazlıqları Poçettino üçün üstünlüyə çevrilə bilər. Londan komandasında Neymar, Messi, Mbappe statusuna malik futbolçular yoxdu. Əlbəttə, Fernandes, Fofana, Mudrik və başqa baha oyunçular var ki, bunlar da öz qiymətlərinin və Boelinin bədxərcliyinin girovuna çevriliblər. Ancaq bunlar ulduz deyil, gənc və qələbə acı olan oyunçulardı. Və bu mənada indiki “Çelsi” 2014-ün “Tottenhem”inə daha yaxındı, nəinki 2021-in PSJ-sinə. London komandasında heç kim Poçettinoya Parisdə olduğu kimi yuxarıdan aşağı baxmayacaq. İş üçün darıxan (son bir ildə çalışmayıb) Maurisio isə yəqin şəxsi söhbətlərdə lazımi sözlər tapacaq və vəziyyəti düzəltmək üçün ideal strategiya quracaq. Onun yetərincə vaxtı var. “Çelsi” ilə bütün məsələləri apreldən bəri razılaşdırıb. Əsas odu ki, klubun sahibləri Poçettinonun işinə müdaxilə etməsin. Hərçənd bu məsələdə də təcrübə argentinalının tərəfindədi.
“Tottenhem”in prezidenti Deniel Levinin qeyri-adi, mürəkkəb xarakteri haqda əfsanələr dolaşır. Ancaq Poçettino 5 ildən artıq müddətdə onunla çalışa bildi. Boeli, nəhayət, dözüm, təmkin göstərsə, argentinalıya mövcud olmayan 4-4-3 sxemi ilə oynamağı təklif etməsə, “Çelsi” çox tezliklə elit klublar sırasına dönəcək.