“Qarabağ” sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə vacib cavab görüşünə çıxacaq.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun bu gün oyunöncəsi mətbuat konfransı keçirdi.
- “Sabah”ı təbrik edirəm, yaxşı oyunla qələbə qazandı. Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Özümüzə gəlincə, yaxşı hazırlaşmışıq. Yaxşı nəticə əldə etməyə fokuslanmışıq. Baxmayaraq ki, ilk oyunda məğlub olduq. Nəticə üçün əlimizdən gələni edəcəyik.
- İlk oyuna yaxşı başlamışdız. Sonradan futbolçular fərdi səhvlər etdi. Buna səbəb rotasiyalar oldu?
- Bəli, ola bilər. Hücum xəttində rotasiyalar var idi. Cəbrayılı nəzərdə tuturuqsa, o ilk dəqiqələrdən meydana çıxmışdı. Oyunboyu oyunçularımın daha fəal olması lazim idi. Rəqib səhv etməyimizə şərait yaratdı. Tempin aşağı olması səbəbindən bu boşluqlar yaranır. İstənilən halda, bu səhvləri aradan qaldırmalıyıq. Səbəblərdən biri yeni futbolçular ola bilər. Lakin təcrübəli futbolçular futbolun dilini bilir. Bu səhvlər olmamalıdı.
- Zubir mərkəzdə oynayanda effekti aşağı düşür. Kadinin yoxluğu onun orda olmasının səbəbi idi?
- Oynamayanlar niyə oynamadığını düşünməlidi. Bəzən istənilən komandada 1-2 rotasiya ola bilər.
- Komanda 3 oyundu qol vura bilmir. Bu pisixoloji təsir yaratmır?
- Yaradır. Mən illər içində bu işlə məşğul olduğum üçün daha yaxşı başa düşürəm. Futbolçular nə qədər effektli çıxış etsələr, bunu bacararalar. Tezliklə hər şey qaydasına düşəcək.
- İlk matçda Kaşuku hücumun mərkəzində oynatmışdız. Bu oyunda dəyişəcəksiz?
- Onun ən üstün cəhəti vuran ayağının olmasıdı. İnanın ki, məşqlərdə də ən sərrast oyunçulardan biridi. Sabah yenə də düşünəcəyik. Fiziki baxımdan ən uyğun futbolçu odu. Musa zədədən sonra tam hazır deyil. Ronaldo Sefas isə tam uyğunlaşmayıb. Çox düşünəcək halda deyilik. Sabahki oyunda daha dominant oynamağa çalışacağıq, oyunun axarından asılı olaraq rotasiyalar edəcəyik.
- Sizin hər mətbuat konfransından öncə bir oyunçunun ayrılıq xəbərini eşidirik. İndi də Zubirin xəbəri çıxıb...
- Mən bu barədə danışmaq istəmirəm.
- Son üç matçda komanda 51 küncdən zərbə yerinə yetirib. Lakin heç birindən yararlana bilməmisiz.
- Bu o demək deyil ki, biz buna hazırlaşmırıq. Bizim ötən illərdə küncdən zərbələrdən də qollarımız olub.
- Cəbrayılın “qırmızı” almasına çox sakit reaksiya verdiz. Lakin Medina və Miçel qırmızı alanda sərt reaksiya vermişdiz. Artıq nəticə ilə razılaşmışdiz, yoxsa illər sizə səbrə salıb?
- İllər məni səbrə salmayıb, səbirdən çıxarıb (gülür). Elə epizodlar var ki, oyunçunu görmürsən, o səni qabaqlayır, həmçinin 11 metrlik cərimə zərbəsi də elə yaranır. Kevin çox sərt oynamışdı. Miçel isə ən çox sevdiyim futbolçulardan biri olub. Məşqlərdə çox danışsa da, işini yerinə yetirirdi. Mən ona tapşırmışdım ki, vərəqə alma. Önümüzdə ciddi oyun var idi. O səbəbdən hirslənmişdim. Futbol belədi, marağlı məqamlar yadda qalır.
İSRAYIL XEYRULLAYEV