Müqavilə ilə ''Atalanta''ya məxsus olan və ötən mövsümü icarə əsasında ''Beşiktaş''da keçirən Əl Bilal Ture özünə yeni klub tapıb.
Malili forvard qarşıdakı mövsümü ''Parma''da keçirəcək. A seriyası təmsilçisi bu futbolçunu 1,5 milyon avro qarşılığında birillik icarəyə götürüb. Müqavilədə şərtə bağlı 10 milyon avroluq məcburi transfer maddəsi də var. Həmin şərtlər həyata keçdikdə ''Parma'' mövsümün sonunda bu məbləği ödəyərək Tureni daimi əsasda almalı olacaq.
Qeyd edək ki, əvvəlki baş məşqçi Sərgən Yalçının istəyi ilə ''Beşiktaş''a transfer olunan 24 yaşlı futbolçu Türkiyədə tam olaraq potensialını sərgiləyə bilmədi. Bir ara zədədən də əziyyət çəkən Ture Türkiyə karyerasını 26 oyun 7 qol, 5 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.
''Beşiktaş''ın onu daimi əsasda transfer etmək hüququ olsa da, İstanbul nəhəngi bundan yararlanmaq istəməyərək Ture ilə vidalaşdı.