“Sabah” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Orhus”u darmadağın etdi.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlər önünə çıxdı.
- Bütün azarbaycanlı azarkeşləri, “Sabah” fanatlarını, öz oyunçularımı, hər kəsi təbrik edirəm. Bugünkü oyuna görə qürur duyur, oyunçularıma təşəkkür edirəm. Səfərdəki məğlubiyyətdən sonra özümüz üçün dərs çıxarmışdıq. O matçdan sonra daha inamlı hazırlaşmışdıq. Dünən də dediyim kimi, kim xırda detallara fikir verərsə, o qalib ayrılacaqdi. Turu adlayan tərəf biz olduq. 1-ci hissədə rəqibin qapıçısı yaxşı çıxış etdi. Lakin matçın əvvəlindən sonuna kimi biz dominant oyun göstərdik. Rəqibin təhlükəli vəziyyətləri olsa da, üstün tərəf biz idik. Hesabda önə keçdiyimiz zaman oyunun ipin buraxmadan 3-cü və 4-cü qolu vurduq. Qarşıda həqiqətən bizi çox sıx oyunlar gözləyir. Şənbə günü artıq Azərbaycan çempionatı başlayır. Bu gün qələbəni qeyd edərək “Srvena Zvezda” – “Hapoel” oyununu izləyəcəyik.
- Hansı komandanı özünüzə rəqib görmək istəyirsiz?
- Səmimi desəm, hazırda bunu heç müzakirə belə etmək istəmirəm. Çünki kimin rəqib kimi gəlməsinin daha yaxşı olduğunu bilmirik. Bu oyunu təhlil edəndən sonra “Kəpəz”lə oyuna hazırlaşmağa başlayacağıq. Çünki bizim üçün çox çətin bir oyun olacaq. Hazırda mənim ağlımda qarşıdan gələn rəqib yox, sadəcə və sadəcə, “Kəpəz” var.
- Sabah” ev oyunlarında rəqibə qol vurmaq imkanı vermir. Bu nədən irəli gəlir? Sirrinizi açıqlaya bilərsiz?
- Bunun xüsusi səbəbi yoxdu. Biz ilk dəqiqələrdən etibarən həmişə çalışırıq ki, dominant olaq. Doğrudu, bir qol vurandan sonra kifayətlənmirik, ikinci, üçüncü qolu vurmaq istəyirik. Burda oynadığımız rəqiblər də fərqli rəqiblər idi. “Nyu Seynts” və KuPS daha çox müdafiəyə fikir verən rəqiblər idi. Cərimə meydançasında çox sayda oyunçuyla müdafiə olunurdular və belə komandalara qol vurmaq bir qədər çətin idi. Amma bugünkü rəqibimizə qarşı vurduğumuz birinci qol bizim üçün çox önəmli idi. Birinci qolu vurandan sonra ikinci qol standart vəziyyətdən gəldi. Rəqib artıq üzərimizə gəldi. Çox boşluqlar verdi ki, biz həqiqətən bu böyük boşluqlardan istifadə edib, daha çox qollar vura bilərdik.
- Bu qədər qol vəziyyətindən istifadə olunmur. Bəlkə də yaxşı bir mərkəz hücumçusuna ehtiyac var. Komanda uzun marafona çıxır. Heyətdə iki qapıçı var. Pokatilov zədələnərsə, gənc Amin onu əvəz edəcək?Yeni bir qapıçı transfer etməyi düşünürsüzmü?
- Mən axırıncı dəfə baxarkən heyətdə 4 qapıçı var idi. Bu 3 azərbaycanlı futbolçu çox istedadlıdı. Sadəcə, zaman göstərəcək. Bizim ehtiyatda 10 futbolçumuz var. Bu oyunçulara necə “yaxşı deyilsən” demək olar axı?! Növbəti matçlarda onlara da şans verəcəyik.
- 58-ci dəqiqədə Mbina meydanı tərk edir. Mikels hücumun sivri ucuna keçir. Bu müddətdən sonra onun əli-qolu açılır. Həm 60-cı dəqiqədə məhsuldar ötürmə verir, həm də 79-cu dəqiqədə qol müəllifi olur. Növbəti matçlarda ona burda şans verməyi düşünürsüz?
- Mikelsin hər iki cinahda fərqli mövqedə oynaması bizim üçün faydalıdı. Bu məni xoşbəxt edir. Səfərdəki oyunu təhlil etsək, rəqib bizə yaxın oynayırdı. Belə vəziyyətdə daha çox hərəkət etməlisən ki, boşluq yaransın. Mbina bu işin öhdəsindən gəldi. Bu gün tam fərqli oyun gördük. Rəqibin təzyiq edəcəyini düşünürdük. Mikels cinahda sərbəst şəkildə oynayırdı. Futbolçularımın hər biri əlindən gələni etdi. Onların hər birindən razıyam.
- Severina sol ayağı ilə üç zərbə vursa da, yalnız sağ ayağı ilə topu qapıdan keçirə bildi. Bu sizin tapşırığınız idi?
- Severina hər iki ayağından istifadə edə bilən möhtəşəm futbolçudu. Bunu hər futbolçumuza deyirəm. Rəqibi təəccübləndirmək lazımdı. Severinaya mən daha çox zərbə yerinə yetirməyi tapşırmışdım. Bilirdim ki, o qol vura biləcək.
- Qələbəni harada qeyd edəcəksiz?
- Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb? (gülür) Növbəti rəqiblərimizi izləyəcəyik.
İSRAYIL XEYRULLAYEV