"Qarabağ" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev "Dinamo"sunu qəbul edəcək. İlk oyunda 0:1 hesabıyla uduzan "köhlən atlar" "Tofiq Bəhramov"da pley-offa vəsiqə qazanmaq uğrunda tər tökəcək.
Ağdam təmsilçisinin heyətlə bağlı problemlərindən dəfələrlə yazmışıq. Ancaq artıq vacib məsələlərdən biri haqda sözün əsl mənasında tədbir görməyin vaxtı çatıb. Söhbət Mateuş Koxalskidən gedir. Aydındı ki, polşalı qapıçı da komandanın Avropa Liqasında mübarizəni dayandırmasında və "Dinamo"ya qarşı ilk matçda uduzmasında günahkardı. Azı ona görə ki, qolkiperin ötən mövsümdəki çıxışından əsər-əlamət qalmayıb.
Üç ay əvvəl "Qarabağ"a çox şey borcluyam. Amma hər futbolçu kimi mənim də arzum Avropanın ən güclü liqalarında çıxış etməkdi. Belə imkan yaranarsa, bunu ciddi şəkildə nəzərdən keçirəcəm. Düşünürəm ki, azarkeşlər də bu arzunu anlayışla qarşılayacaqlar" sözləri ilə gündəmə gələn qapıçının hələ də eyni fikirdə olduğuna şübhə yoxdu. Əlbəttə, ötən mövsüm Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərməyə nail olan futbolçunu nə titulsuz qalmaq qane edir, nə də Konfrans Liqası.
İş ondadı ki, Koxalskinin "köhlən atlar"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Düzdü, klub onunla daha bir il müddətinə anlaşma əldə edə bilər. Üstəlik müqavilədə 2,5 milyon avroluq sərbəstqalma bəndi var. Ancaq bu gün hadisələrin axarı həm "Qarabağ", həm də Koxalski üçün ən düzgün addımın ayrılıq olduğunu göstərir. Sadəcə, xüsusən İngiltərə premyer-liqasında forma geymək arzusu ilə alışıb-yanan qapıçı təkliflərin əsasən Polşa klublarından gəlməsindən narahatdı. Bu üzdən, motivasiya, oyunlara köklənmək kimi vacib amillərdə axsayır.
Yaxşı ki, vəziyyətdən çıxış yolu var. Belə ki, sabahkı matçda Martin Zlomisliç start heyətində şans qazanmalıdı! Ona Koxalski ümidləri doğrultmayanda etimad göstərilməyəcəksə, transfer edilməməsi daha doğru addım olmazdımı? Öz aramızdı, Xorvatiya "Riyeka"sından transfer olunan, Bosniya və Hersoqovina yığmasının heyətində sonuncu dünya çempionatına yollanan qolkiper suvenir kimi alınmayıb ki!
Biz təklif etdik. Bəs, inadkarlığı, dediyindən dönməmək xüsusiyyəti ilə tanınan Qurban Qurbanov da belə düşünürmü?
KƏNAN BAHADIR