“Bavariya” üçün təqvim ili uğurlu başlamasa da, zaman göstərdi ki, bundesliqada ardıcıl üç heç-heçə təsadüf imiş.
PSJ-niu yenməklə komanda ardıcıl 4-cü rəsmi oyunda qalib gəldi. Bugünlərdə Münhen nəhənginin iki gənc ulduzu - Alfonso Devis ilə Camal Musiala klubun saytına müsahibə verib. Bu iki oyunçunun meydanda bir-birini gözəl anlaması diqqəti çəkir. Fanatlar hətta bu ikiliyə “Fonziala” ləqəbini veriblər. 22 yaşlı Devislə 19 yaşlı Musiala meydandan kənarda da yaxın dostdular.
- Əvvəlcə 2023-cü il üçün hədəflərinizdən danışaq.
- Alfonso Devis: Təbii ki, mümkün olan bütün titulları qazanmaq istəyirəm. Bundesliqada ardıcıl 11-ci çempionluq əla olardı. ÇL-də də həmişəki kimi iddialıyıq və onu qazanmaq üçün əlimizdən gələni edəcəyik. İştirak etdiyimiz hər turnirdə qələbəyə oynamaq “Bavariya”nın DNA-sında var. Hər dəfə meydana ayaq basanda bizim üçün yalnız bir şeyin – qələbənin önəmi olur. Şəxsi planda isə ilk növbədə özümə zədələnməməməyi arzulayıram. Bundan başqa, məhsuldarlığımı və qollarda iştirak sayımı artırmaq istərdim.
- Camal Musiala: Bu sözləri yalnız təsdiqləyə bilərəm. Çox yaxşı heyətimiz var və ən ciddi hədəflərə çatmaq üçün lazım olan bütün keyfiyyətlərə malikik. Çalışmalıyıq ki, bir yerdə durmayaq və daim inkişafda olaq. Bu həm komandaya, həm də mənim özümə aiddi. Nail olduğumla heç vaxt kifayətlənmirəm. Həmişə qol və ötürmə sayının daha çox olmasını istəyirəm. Ümumi uğurda mən də rol oynamağa çalışıram.
- A.D.: Dostluğunuz ayrı-ayrılıqda sizin üçün hansı mənanı kəsb edir?
- Mənim üçün əsas odu ki, dost saydığım insan yanımda olsun. Lazım olanda ona arxalana bilim. Camalla xarakterimizdə bənzərliklər çoxdu. Ona görə də həm meydanda, həm də ondan kənarda bir-birimizi gözəl anlayırıq. Vaxtımızın çox hissəsini birlikdə keçirib əylənirik.
C.M.: İlk növbədə Fonzinin (Devisi nəzərdə tutur – Ə.R.) yaxşı yumor hissinə malik olduğunu deməliyəm. Onunla birlikdə olanda yaxşıca deyib-gülürük. Devis yanımdadısa, deməli, əhval-ruhiyyəm yüksəkdi. Bu, onun təbiətindədi. Bəzən mənə elə gəlir ki, Alfonso ailəmin bir üzvüdü.
- Bir-birinizin hansı keyfiyyətini “oğurlamaq”, mənimsəmək istərdiz? Məsələn, Devisin çox sürətli və cəld olduğunu bilirik.
- C.M.: Axı bu şəxsi keyfiyyət deyil. Suala tam cavab vermək üçün bir qədər düşünməliyəm... Fonzinin bu qədər rahat və açıq sözlü insan olması xoşuma gəlir. İstənilən vəziyyətdə kənardan çox rahat görünür. Bu da onu unikal edən məqamlardan biridi. Elə insan var ki, təzyiqdən, neqativ fikirlərdən qurtulmaqda çətinlik çəkir. Amma Alfonso üçün xoşagəlməz məqamları beyindən silmək çox asandı. Kənar şeylərin ona toxunmasına, təsir etməsinə imkan vermir. Düzdü, az öncə onun əylənməyi, gülməyi xoşladığını dedim. Amma Devis hər şeyi qədərində edir. Harda sakitləşmək lazım olduğunu bilir. Onun həyata belə baxış tərzini sevirəm və bu xarakterini özümə götürərdim.
A.D.: Düzünü desəm, sənin mənim haqqımda dediklərini mən də həmişə sənin barəndə düşünmüşəm (gülür). Onda gərək mən də bir qədər düşünüm... Çox güman, Camalın özünəinamını mənimsəmək istəyərdim. Nə edirsə, bunu tam özünə güvənərək edir. İstər meydanda olsun, istərsə də adi həyatda. Yaşını nəzərə alanda bu keyfiyyəti bəzən insanı heyrətləndirir. Mən onun yaşında ondakı özgüvənin heç yarısına da malik deyildim.
- Alfonso, ötən ilin ən yaxşı gənc oyunçusu üçün ayrılmış mükafatı Musiala qazana bilmədikdə sən buna etiraz etdin. Sosial şəbəkədəki səhifəndə belə bir ifadə yazdın ki, onu bu mükafatdan məhrum etsələr də, gələcəkdə “Qızıl top”dan heç kim məhrum edə bilməyəcək.
- A.D.: Bəli, mənim üçün bu, çox vacib idi. Camalın qalib gələcəyinə ürəkdən inanırdım. Necə futbolçu olduğunu görmək üçün bircə dəfə oyununa baxmaq kifayətdi. Mənim üçün Musiala artıq indidən öz mövqeyində və öz yaş qrupunda dünyanın ən yaxşılarından biri, hətta birincisidi. Digər namizədlərə də böyük hörmətim var. Amma ötən il mükafata məhz Camal layiq idi. Eybi yox. Hər gün məşqdə onun inanılmaz istedadını, ambisiyasını, oyun ehtirasını görəndə başa düşürəm ki, Camalın “Qızıl top”u qazanması, sadəcə, zaman məsələsidi. O, son bir ildəki oyununu və yüksəlişini davam etdirsə, səviyyəsi buludlara çatacaq.
- Öz komanda yoldaşından bu qədər tərfi eşitmək necə hissdi?
- C.M.: (gülür) Onu qucaqlamaq istəyirəm. Təbii ki, belə sözlər eşitmək çox xoşdu. Amma mən hələ yolun başlanğıcındayam. Bir saniyəlik də olsa, rahatlaşmaq istəmirəm. Haqqımda səsləndirilən hər bir xoş söz və tərif məni üzərimdə daha çox işləmək üçün motivasiyalandırır. İndiyə qədər dünyada, sadəcə başqalarının, onun barəsində xoş sözlər dediyinə görə böyük uğurlar qazanan futbolçu olmayıb. Fonzi səviyyəmin buludlara çatacağını dilə gətirdikdə demək istəyir ki, mən özümü heç bir çərçivəyə salmağı xoşlamıram. Sadəcə, özümə və gördüyüm işə güvənib hər gün üzərimdə işləməkdə davam edirəm. Bir gün bunun qarşılığını ala biləcəyimi düşünürəm.
- Camal, sən bu yaxınlarda verdiyin müsahibədə də dünyanın ən yaxşılarından biri olmaq istədiyini qeyd etmişdin. Bu, “Bavariya”nın devizi “Mia San Mia” (biz elə bizik) ilə də üst-üstə düşür.
- C.M.: “Bavariya”da ilk gündən futbolçuya maksimuma çatmağı aşılayırlar. Bu təfəkkür mənim fəlsəfəmlə üst-üstə düşür. Sən öz işində ən yaxşı ola biləcəyinə inanmırsansa, bu, düzgün yanaşma tərzi deyil. Mən uşaq vaxtlarımdan hər yaşım irəlilədikcə özüməinamımın artdığını hiss edirdim. Oyunuma gəlincə, inanıram ki, meydanda hər şey bacarıram. Qol vurmağı da, rəqibi aldadıcı fəndlə keçməyi də daha yaxşı edə bilərəm.
- Siz “Bavariya”nın fanatları arasında da çox populyarsız. Gənc nəsil üçün nümunəsiz. Bu barədə nə düşünürsüz?
- A.D.: Mənim üçün bu, çox şey ifadə edir. Camal da, yəqin ki, eyni düşüncədədi. Çünki cəmi bir neçə il öncə biz özümüz də uşaq idik və başqalarından nümunə götürürdük. Ona görə də bunun necə əlavə məsuliyyət olduğunu gözəl bilirik. Gənclərə məsləhətim odu ki, həyatda nə edirlər-etsinlər, özləri kimi qalsınlar. Həyatın hər anından zövq alsınlar. Xüsusilə də yanlarında dost-tanış və ailə üzvləri olduqda. Ələ düşən hər fürsətdən də istifadə etsinlər. Bir də çalışsınlar ki, mənim kimi hər şeyi gülərüz şəkildə etsinlər (gülür). İnsan güləndə başqalarına da pozitiv enerji verir. Mənə verdiyi hər şeyə görə bu həyata minnətdaram.
C.M.: Bir işi yaxşı görə bilmək üçün insan gərək həmin işdən zövq alsın. Bu ən vacib məqamdı. Bir də həmişə irəli baxmaq lazımdı. Öz-özünə sual verməlisən ki, hansı hədəflərinə, arzularına çatmısan? Biz oyunumuzla insanları ruhlandırmağa çalışırıq. Xüsusilə də uşaqları. Onlar görməlidi ki, var-güclə özünü işə həsr etdikdə hər şey mümkündü.
- Manueı Noyer ilə Tomas Müller 12 ildən çoxdu klubdadı. Sonra Coşua Kimmix və Leon Qoretska gəldi. İndi də sizin nəsil yetişir. Belə çıxır ki, siz də klubun dəyərlərini növbəti nəslə ötürməli olacaqsız.
- “Bavariya”da artıq yeni nəslin nümayəndəsi sayılmaq çox xoşdu. Amma biz hələ də gəncik və öyrənməyə, təcrübə qazanmağa çalışırıq. Adını çədiyiniz oyunçular özləri də vaxtilə Lam, Şvaynştayger, Robben, Riberidən çox şey öyrənib. Bu futbolçular nəinki oyunda, hətta məşqdə də uduzmağı xoşlamırdılar. Bizim də hədəfimiz bunu mənimsəmək və sonrakı nəslə ötürməkdi.
- C.M.: Bəli biz hələ də çox şeyə nail olmaq istəyən və öyrənməyə can atan gənc oğlanlarıq. “Bavariya”da həmişə hər nəslin özünü göstərmək üçün şansı olur.