Nəhayət, dünya çempionu olan Lionel Messi bu titulla adını, belə ifadə etsək, futbol tarixinin dahi oyunçularının siyahısında rəsmən qeydiyyatdan keçirdi.
Argentinalı hücumçu titullarla zəngin olan kolleksiyasına ən vacib uğuru əlavə etdi. Onun Qətərdə bazar günü başa çatan mundialdakı nailiyyətindən sonra xüsusi vurğulanası fakt ortaya çıxdı.
Messi futbol tarixinə həm dünya çempionatında, həm Çempionlar Liqasında (Çempionlar Kuboku) qalib gələn, həm də “Qızıl top” mükafatını qazanan 9-cu oyunçu kimi düşdü. “France Football” həftələyinin təsis etdiyi fərdi mükafata 7 dəfə (2009-12, 2015, 2019, 2021) sahib çıxan 35 yaşlı futbolçu indiyədək “Barselona” ilə ÇL-də 4 dəfə (2006, 2009, 2011, 2015) çempion olub. Bəs Lioneldən əvvəl dünya futbolunda qeyri-adi het-trik edənlər kimlərdi? İndi onlarla tanış olacağıq.
Bobbi Çarlton
Ölkəsi: İngiltərə
DÇ-nin qalibi: 1966
ÇL-in qalibi: 1968
“Qızıl top”un sahibi: 1966
Çarlton tarixin ən böyük futbolçularından biridi. O, məhz futbol üçün dünyaya gəlib. Hələ uşaq yaşlarından vaxtı gələndə İngiltərə yığmasında oynayacağını hiss edirdi. XX əsrin 60-cı illərində populyarlıqda braziliyalılar Pele ilə Qarrinçadan da geri qalmırdı. O, İngiltərə futbolu üçün bir nömrəli oyunçu sayılır. Zarafat deyil, milli komandanın beynəlxalq yarışlarda nail olduğu ən vacib çempionluqda – DÇ-1966-da qazanılan böyük uğurda müstəsna rol oynayıb.
Frants Bekkenbauer
Ölkəsi: Almaniya (AFR)
DÇ-nin qalibi: 1974
ÇL-in qalibi: 1974, 1975, 1976
“Qızıl top”un sahibi: 1972, 1976
Almaniya futbolunun ən böyük uğurları məhz onun top qovduğu dövrə təsadüf edib. Bekkenbauer libero nümunəsidi. Heç də hündür olmayan arıq oyunçu çoxyönlü və fövqəladə ağıllı oyunu ilə zirvələri fəth edib. Onun kimi sərbəst müdafiəçi hər hərəkəti ilə mərkəzdə oynayanların ucaboy və enlikürək olmasının zəruriliyini iddia edən fikrə istehza edirdi. Frants Qərbi Almaniya futbolunu arxasınca aparan inanılmaz etalon idi.
Herd Müller
Ölkəsi: Almaniya (AFR)
DÇ-nin qalibi: 1974
ÇL-in qalibi: 1974, 1975, 1976
“Qızıl top”un sahibi: 1970
Futbol tarixinin ən yaxşı bombardirlərindən biri. Onun saya-hesaba gəlməyən rekordlarından bəziləri yarım əsrdi toxunulmaz qalıb. Məsələn, dünya çempionatlarında vurduğu 14 qol 1974-cü ildən 2006-cı ilə qədər rekord sayılıb. Həmin il braziliyalı Ronaldo (15), sonra isə almaniyalı Miroslav Kloze (16) onun göstəricisini arxada qoydu. Bu gedişlə fransalı Kilian Mbappe də (12) növbəti mundialda Mülleri qabaqlayacaq.
Paolo Rossi
Ölkəsi: İtaliya
DÇ-nin qalibi: 1982
ÇL-in qalibi: 1985
“Qızıl top”un sahibi: 1982
İki il əvvəl vəfat edən Rossi İtaliya futbolunun ən yaxşı hücumçuları sırasındadı. Onun 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatına aparılması ölkəsində də böyük təəccüblə qarşılanmışdı. Nəhəng turnir ərəfəsində həbsdə olan Paolo ilk oyunlarda sönük təsir bağışlasa da, həlledici mərhələlərdə hamını mat-məəttəl qoydu. Mundialın 2-ci qrup mərhələsinin Braziliya ilə matçında (3:2) het-triki, Polşaya qarşı yarımfinal oyununda (2:0) dublu ilə İtaliyanı finala daşıdı. AFR üzərindəki 3:1 hesablı qələbədə bir qolla rol oynayan Rossi 1982-ci ildə karyerasının ən uğurlu dövrünü keçirdi.
Zinəddin Zidan
Ölkəsi: Fransa
DÇ-nin qalibi: 1998
ÇL-in qalibi: 2002
“Qızıl top”un sahibi: 1998
Zidanın dahi oyunçu olması onu iş başında görənlər üçün təbii haldı. Yüksək səviyyəli texnikası, qeyri-adi oyun üslubu, özünəəminliyi və xarizması onu başqalarından fərqləndirən əsas cəhətlər idi. Əslində 1998-ci ildə çempion olan Fransa yığmasının ən yaxşı oyunçusu kimi hər oyunda fərqlənə bilməmişdi. Ancaq Braziliya ilə finalda vurduğu iki qolla inamlı qələbənin (3:0) əsas səbəbkarı oldu. 2006-cı ildə komandanın mundialın finalına qədər irəliləməsində daha böyük rol oynadı. Lakin İtaliya ilə oyunun əlavə vaxtında rəqib müdafiəçi Marko Materatsiyə qarşı məlum hərəkəti ona və komandasına baha başa gəldi. Fransa penalti seriyasında uduzdu, Zidan isə yaşıl meydanı qırmızı vərəqə ilə qovulmaqla tərk etdi.
Rivaldo
Ölkəsi: Braziliya
DÇ-nin qalibi: 2002
ÇL-in qalibi: 2003
“Qızıl top”un sahibi: 1999
2002-ci ildə dünya çempionu olan Braziliya yığmasının hücum “üçlüy”ü (Rivaldo, Ronaldo, Ronaldinyo) məhz Rivaldo ilə başlamışdı. Bəziləri onu komandanın əsas hərəkətverici qüvvəsi olduğunu düşünür. Ronaldonun arxasında oynayan Rivaldo onunla yalnız ad baxımından deyil, həm də oyun planında ideal şəkildə həmqafiyə olunmuşdu. Rivanın effektli qara magiyası ilə rəqibin yarımmüdafiə xəttini yarması Ronaldonun qolları sıralaması üçün əla şərait yaratmışdı.
Ronaldinyo
Ölkəsi: Braziliya
DÇ-nin qalibi: 2002
ÇL-in qalibi: 2006
“Qızıl top”un sahibi: 2005
O, 22 yaşında olarkən DÇ-2002-ni fəth etməyə hazırlaşırdı. Bunun üçün onda oyun sabitliyi və təcrübə çatmırdı. Amma təcrübəli oyundaşları ona bu planda çətinliklərini aradan qaldırmaqda lazımi qədər kömək etdilər. Ronaldinyonun İngiltərə ilə oyunda cərimə zərbəsi ilə topu 35 metrdən Devid Simenin qoruduğu qapıdan keçirməsi mundialın tarixinə düşən qollar sırasındadı. Belə desək, həmin qoldan sonra dünya çempionu olmamaq futbol cinayəti sayılardı...
Kaka
Ölkəsi: Braziliya
DÇ-nin qalibi: 2002
ÇL-in qalibi: 2007
“Qızıl top”un sahibi: 2007
O, Kriştiano Ronaldo və Lionel Messi erasından əvvəl “Qızıl top”un sonuncu sahibidi. Kaka DÇ-2002-nin çempionluğunu karyerasının ən böyük uğuru sayır. Hərçənd Koreya və Yaponiyanın şərikli təşkil etdiyi turnirə 20 yaşında yollanan yarımmüdafiəçi komandanın əsas oyunçusu sayılmırdı. Onun ulduzu məhz həmin mundialdan sonra parlamağa başladı. 2003-cü ildə sıralarına qoşulduğu “Milan”la 2007-ci ildə ÇL-in qalibi oldu və bu uğuru ilə “France Football”un sorğusunda 1-ci yeri tutdu.
ORXAN