“Qarabağ” ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək.
Rəqiblər güclü olsa da, ağdamlıların növbəti mərhələyə çıxmaq şansı var. Bu yazıda G qrupunda yer alan komandaların gücünü və kimin nəyə qadir olduğunu incələməyə çalışacağıq.
Mövsümə uğursuz başlayan “Olimpiakos”
Pirey təmsilçisi son Yunanıstan çempionudu. Superliqada keçirdiyi 26 oyunda 47 qol vurub, qapısından isə 14 top buraxıb. 4-cü turdan liderliyi ələ alan “Olimpiakos” yekunda çempion olmağı bacarıb. Ötən mövsümün sonuna kimi komandanı portuqaliyalı Pedro Martinş çalışdırıb. Lakin 2022-ci ilin avqustundan Pirey klubuna ispaniyalı Karlos Korberan rəhbərlik edir. Rəhbərlik Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Təl-Əviv) ümumilikdə 1:5 hesabı ilə məğlubiyyətin acığını portuqaliyalı mütəxəssisdən çıxdı. Bundan sonra isə ispaniyalı fəaliyyətə başladı. Yunanıstan təmsilçisi bu mövsüm avrokuboklarda qələbəyə həsrətdi. Pireylilər Avropa Liqasına 11 metrlik cərimə zərbələri hesabına vəsiqə qazanıb. Həm “Slovan”, həm də “Apollon” bu üsulla mübarizədən kənarlaşdırılıb. İspaniyalı mütəxəssis 4-3-3 taktiki düzülüşündən istifadə edir. Bu, komandanın alışdığı oyun üslubu deyil. Pedro Martinşin vaxtında “Olimpiakos” 4-2-3-1 düzülüşündən istifadə edirdi. Futbolçular ispaniyalı məşqçinin yeni taktikasına uyğunlaşa bilmir. Bu səbəbdən də komandanın həm hücum, həm də müdafiə xəttində problem var. Təsadüfi deyil ki, pireylilər Korberanın gəlişindən sonra 6 dəfə fərqlənib, 4 qol buraxıb. “Olimpiakos”un yeganə qələbəsi superliqanın 1-ci turunda “Yanina” ilə matçda qeydə alınıb.
Bütün bunları nəzərə alsaq, “Olimpiakos”un hələ formalaşma dövründə olduğunu söyləyə bilərik. “Qarabağ” bu rəqiblə görüşlərdə xal və xallar ala bilər. Çünki ağdamlıların oturuşmuş heyəti və ənənəvi oyun sistemi var. Pirey təmsilçisinin bizimkilər qarşısında iki üstünlüyü var. Yunanlar müntəzəm avrokubokların qrup mərhələsində mübarizə aparır və heyətində Avropa səviyyəli futbolçular var. Bir sıra mütəxəssislər “Olimpiakos”u qrupun favoriti saysa da, bu doğru yanaşma deyil. Çünki Yunanıstan klubunun cari mövsümdə avrokuboklarda qələbə qazana bilməməsi çox şeydən xəbər verir.
Favorit “Frayburq”
Qrupun ən təhlükəli komandası “Frayburq”du. Kristian Ştrayxın rəhbərlik etdiyi kollektiv ötən mövsümdən yüksəlişdədi. “Breisqau braziliyalıları” 2021/22-də bundesliqanı 6-ci pillədə bitirdi. Frayburq təmsilçisi 34 görüşdə 58 qol vurub, 46 top buraxıb. Əslində Ştrayxın komandası bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edə bilərdi. Lakin son iki turda “Union”la “Bayer-04”ə məğlubiyyətlər bu arzunun üstündən xətt çəkdi. Fraybuqluların 6 xal itirməsindən “Leyptsiq” maksimum yararlanıb, onları 3 xal qabaqlayaraq Avropanın əsas turnirinə vəsiqə qazandı. Bu mövsüm isə “ağ-qaralar”ın işləri qaydasında gedir. Hazırda bundesliqada 3-cü pillədə qərarlaşan komanda 4 görüşdə 3 qələbə qazanıb, 1 oyunda məğlub olub. Frayburq təmsilçisi 7 qol vurub, öz qapısından isə 3 top buraxıb. 57 yaşlı almaniyalı mütəxəssis 4-2-3-1 sistemindən istifadə edir. Onun əsas silahları Vinçentso Qrifo, Ritsu Doan və Mihael Qriqoriçdi. İtaliyalı sol cinah müdafiəçisi 4 matçda 3 dəfə rəqibləri məyus edib. Hücumun sağında çıxış edən yaponiyalı 1 qol vurmağı bacarıb. Əsas qol ümidi olan Qreqoriç 4 görüşdə 2 dəfə fərqlənib, 1 məhsuldar ötürmə edib. “Qarabağ” bu “üçlük”dən mütləq ehtiyatlanmalıdı.
“Frayburq”u bu qrupun favoriti saymaq olar. Qurban Qurbanov hər dəfə mətbuat konfranslarında və açıqlamalarında bildirir ki, “böyük beşlik” ölkələrinin təmsilçilərinə qarşı oynamaq çox çətindi. Bundesliqa klubunun yüksələn qrafikdə olması “Qarabağ”ın işinə yaramır. İlk turda da Ştrayxın komandasına qarşı oynamaq “köhlən atlar”ın işinə heç yaramır. Hər halda, heç bir Azərbaycan klubu vacib turnirdə birinci qarşılaşmasını 34 min 700 nəfərlik “Avropa-park stadium”da “Frayburq”a qarşı oynamaq istəməz.
Sirli “Nant”
Bu qrupun ən sirli komandası “Nant”dı. Fransızların o qədər də Avropa təcrübəsi yoxdu. Antuan Kombuarenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm Liqa 1-də 38 görüşə 55 xal yığaraq 9-cü pillədə qərarlaşdı. Komandanın Avropa Liqasının qrupuna düşməsinin səbəbi ölkə kubokunun qalibi olmasıdı. “Bülbüllər” “Soşo”, “Vitre”, “Brest”, “Bastiya”, “Monako” və “Nitsa” kimi rəqibləri mübarizədən kənarlaşdıraraq turnirin qalibi adına yiyələnib. “Nant”ın bu uğurunu təsadüf adlandırmaq olar. Kombuarenin komandasının “Monako”dan başqa ciddi rəqiblə üz-üzə gəlməməsi kuboku qazanmağı səciyyələndirən səbəblərdən idi. “Nant” knyazlıq klubunu da penalti seriyasında məyus edib.
Yazdığımız məqamın doğruluğunu kollektivin cari mövsümdəki nəticələriylə də sübut edə bilərik. “Nant” Liqa 1-də 4 oyun keçirib. Bu görüşlərin 1-də qələbə qazanıb, 1-də uduzub. 2-də isə heç-heçə edib. Komanda 4 görüşdə 5 dəfə fərqlənibsə, öz qapısından 4 qol buraxıb. 58 yaşlı fransalı mütəxəssis 4-3-3 taktiki sxemindən istifadə edir. “Nant”ın 2 təhlükəli futbolçusu var: Mustafa Mohamed və Moyzes Simon. Nigeriyalı vinger 4 görüşdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Əsas qol ümidi olan Mustafa isə çempionat matçlarında 1 dəfə fərqlənib, 2 ötürməsi var.
“Nant” Fransa klubu olmasına baxmayaraq, qrupda sonuncu pilləni tutmağa əsas namizəddi. Ağdamlılar avrokubok təcrübəsindən yararlanıb, bu rəqibi üstələyə bilər. “Nant” “Sent-Etyen”, “Bordo”, “Lill”, “Marsel” deyil. Azərbaycan təmsilçiləri bu klublarla Avropa turnirlərində üz-üzə gəlib. Bəzi məqamlarda isə fransızları üstələmişik.
Qrafikin uyğunsuzluğu
Yenidən qeyd edək ki, qrupda böyük avrokubolar təcrübəsinə malik iki komanda var: “Olimpiakos” və “Qarabağ”. Lakin “Frayburq” hazırda bu komandaların hər ikisindən güclüdü. “Nant”, sadəcə, Fransa təmsilçisi olması ilə öyünə bilər. “Qarabağ”ın qrafik baxımından da bəxti gətirməyib desək, yanılmarıq. Sözsüz, “Frayburq”la səfər matçı “köhlən atlar” üçün çətin olacaq. Orda Qurban Qurbanovun komandasının xal və xallar qazanması möcüzə sayılar. “Qarabağ” 2-ci turda “Nant”la üz-üzə gələcək. Qurban Qurbanov Avropa Liqasından ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istəyirsə, bu görüşdə komandası mütləq qələbə qazanmalıdı. Tofiq Bəhramov adına Respublika stadiondakı ab-havadan və avrokuboklar təcrübəsindən istifadə edib, qalib gəlmək olar. Ardıcıl 2 oyunda “Olimpiakos”la qarşılaşmaq isə işimizə yaramır. Yunanların indiki vəziyyəti yaxşı olmasa da, Pirey təmsilçisi öz meydanındakı qarşılaşmada favorit olacaq. Bakıdakı görüşdə bu komanda ilə ən pis halda heç-heçə edə bilərik. 5-ci turda yenidən səfərə - Fransaya yollanacağıq. Hər nə qədər “Nant”ın Avropa təcrübəsi olmasa da, “böyük beşlik” təmsilçisidi. Məhz bu amil belə orda uduzacağımızı deməyə əsas verir.
Son oyunda isə Bakıda “Frayburq”la qarşılaşacağıq. Almanlar bu görüşə kimi qrupdan çıxmağı təmin etsə, əsas heyətə istirahət verə bilər. Avropalılar belə görüşlərdə oyunçularını dincə qoymağı sevir. Məhz bu oyunda heç-heçə edib və ya qələbə qazanıb pley-offa vəsiqə qazana bilərik. Amma “Qarabağ”ın 2 həftədən bir səfərə yollanması futbolçuların fiziki cəhətdən yorulmasına və ya zədələnməsinə səbəb ola bilər.
“Qarabağ”ın rəqiblərini təhlil etməyən futbol mütəxəssis qalmayıb. Onların fikirlərini ümumiləşdirəndə söyləyə bilərik ki, ağdamlıların bu qrupda 3-cü yeri tutmaqla Konfrans Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off oyunlarına çıxması tam realdı.
İLKİN SULTANLI