Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atıldı. “Səpələnməmişlər” səbətində yer alan “Zirə” İsrail “Makkabi"sinə (Təl-Əviv) rəqib oldu.
“Football-plus.az” saytı olaraq qəsəbə təmsilçisi ilə qarşılaşacaq klubla bağlı qısa araşdırma apardıq.
İsrailin ən qoca və titullu kollektivi olan "Makkabi" (Təl-Əviv) 1906-cı ildə təsis edilib. “Qartallar”ın rəqibi 23 dəfə çempion, 24 qat ölkə kubokunun qalibi olmaqla yanaşı, 7 dəfə qızıl dubl edib. Bundan başqa “sarı şeytanlar” 5 dəfə İsrail Super Kubokunun başı üzərinə qaldırıb, iki dəfə bu turnirin finalçısı olub.
Onlar Asiya Çempionlar Liqasında da 7 dəfə çempion olmağı bacarıb.
“Makkabi" (Təl-Əviv) 1992-ci ildən avro kuboklarda çıxış edir.
Komanda 2004-05, 2015/16 mövsümündə Çempionlar Liqasının, 2011/12, 2013/14, 2016/17 və 2017/18-ci cari futbol illərində Avropa Liqasının qrupunda oynayıb.
İsrail təmsilçisi Avropanın ikinci ən nüfuzlu turnirinin 2013/14 mövsümündə APOEL, “Ayntraxt”, “Bordo” kimi klubların yer aldığı F qrupundan çıxmağı bacarsa da, 1/16 final mərhələsində “Bazel”ə məğlub olaraq mübarizəni dayandırıb.
Təl-Əviv şəhərinin komandasının büdcəsi 17,3 milyon avro təşkil edir. Klubunun ən bahalı futbolçusu serbiyalı hücumçu Cordje Yovanoviçdi. Onun transfer dəyəri 2,5 milyon avrodu. Klub UEFA reytinqində 61-ci yerdə qərarlaşıb.
“Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviçdi. Serb mütəxəssislə 3 gün əvvəl 2 illik müqavilə bağlanılıb.
Komanda ev oyunlarını Təl-Əviv şəhərindəki "Blümfild" stadionunda keçirir.
Konfrans Liqasındakı təmsilçilərimiz içərisində ən çətin rəqib məhz “Zirə”nin qismətinə düşüb. Odu ki, 21 iyulda Bakıda “qartallar”ı “Makkabi" ilə (Təl-Əviv) çətin matç gözləyir.
ABDULLA İSMAYILOĞLU