“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?

1.08.2026 21:59 80
Aktual / Ölkə futbolu
Yanvarda “Sabah”la müqaviləni yeniləyən, daha 4 il bu klubda oynayacağı bildirilən Aaron Maluda ilə bağlı ssenari kəskin dəyişdi.

Belə ki, “Seltik”lə “Bazel”dən aldığı cəlbedici təkliflər fransalı vingerin ağlını başından çıxardı. “Nyu Seynts”lə cavab oyunundan sonra Maludanın cismi “Sabah”da, ruhu isə başqa yerlərdə idi. KuPS ilə cavab oyunu keçirilən gün onun “Bazel”ə satıldığı məlum oldu.

“Sabah” ötən ilin sentyabrında “Lill”dən 250 min avroya aldığı futbolçunu 3 milyon avroya satmaqla maliyyə planında xeyli irəli düşdü. O, “bayquşlar”ın heyətində keçirdiyi 31 oyunda 9 qol vurmuşdu. Bəs 20 yaşlı vingerin itkisi ÇL-də yüksək hədəflərə can atan çempionun planlarına nə dərəcədə ciddi təsir edəcək? Axı KuPS ilə oyunlar Kahim Parrislə Ksander Severinanın Maludanı lazımi şəkildə əvəz edə bilmədiyini göstərdi.

Bu keçidi dəyərləndirmək üçün menecer Emil Şükürovla əlaqə saxladıq:

“Hadisələrin sürətli axarı onu göstərir ki, nə oyunçu klubda qalmaq istəyib, nə də klub ikinci “Jarl Marqarita işi”nin başlamasında maraqlıdı. “Seltik” və “Bazel” iki fərqli oyun üslubu olan klublardı. Oyunçunun İsveçrə klubunu seçməsi dil səddinin olmamasıyla da bağlı ola bilər. İstənilən halda, “Sabah” bu transferdən gəlir əldə edəcəksə, iş düzgün qurulub. Əvəzedilməz oyunçu isə yoxdu. Parris əvvəlki mövsümlərdə də klubu üçün dəyərli oyunçu olduğunu göstərib, indi də Maludanın yerini tam doldura bilər”.

İSRAYIL XEYRULLAYEV