İspaniya superkuboku ilə bağlı yeni sürpriz iddia ortaya atılıb.
İspaniyalı jurnalist Alfredo Martinesin paylaşdığı xəbərə inansaq, İspaniya Kral Futbol Federasiyası (İKFF) 2027-ci ildə superkubok matçlarını İstanbulda keçirməyə qərar verib.
Məlum olduğu kimi ''dördlər finalı'' formatında keçirilən bu turnirə son illərdə bir qayda olaraq Səudiyyə Ərəbistanı ev sahibliyi edirdi. Amma həm Yaxın Şərqdə vəziyyətin qeyri-sabit olması, həm də ən əsası gələn ilin yanvarında və fevralın əvvəllərində Səudiyyə Ərəbistanının Asiya Kubokuna ev sahibliyi etməsi bu dəfə İKFF-ni alternativ variantlara yönəlməyə məcbur edib.
Turnirin faktiki olaraq tarixi də dəyişib. Adətən İspaniya nəhənglərinin iştirakı ilə keçirilən turnir yanvarın əvvəllərinə təsadüf edirdisə, bu dəfə fevralın əvvəllərində baş tutacaq. Bu dəfəki superkubokun yarımfinalındakı cütlər də bəllidi. ''Real Sosyedad'' ilə ''Real'', ''Atletiko'' ilə ''Barselona'' qarşılaşacaq.
Qaliblər də məlum olduğu kimi həlledici oyunda üz-üzə gələcək. Hələlik heç bir tərəfdən İstanbulun bu qısa, amma maraqlı turnirə ev sahibliyi edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Mənbənin yazdığına görə, danışıqlar prosesi hələ tam olaraq bitməyib. Superkubok İKFF üçün önəmli turnirdi. Çünki Səudiyyə Ərəbistanında keçirilərkən federasiya 50 milyon avrodan çox gəlir əldə edirdi.
Maraqlıdı, görəsən, Türkiyədə bu məbləğ nə qədər olacaq? İstənilən halda superkubok Türkiyədə keçiriləcəyi halda türkiyəli futbolsevərlər İspaniya nəhənglərini canlı olaraq izləmək fürsəti əldə edəcək. Hətta finalda ''El Klasiko''nun baş tutma ehtimalı da var.
İstanbul son illərdə dəfələrlə avrokubokların, hətta ÇL-in də finalına ev sahibliyi edib. Ona görə İspaniya superkubokunun da bu şəhərdə keçirilməsi sürpriz olmayacaq.