Matçla bağlı mütəxəssis fikri öyrənmək istədik. Bu cütdə kim güclüdü? “Sabah”ın evə daha yaxşı nəticə ilə dönməsinə nə mane oldu? “Bayquşlar” evdə növbəti mərhələyə vəsiqəni təmin etmək üçun nələri dəyişməlidi?
Bu suallara cavab tapmaq üçün mütəxəssis Aslan Kərimovla əlaqə saxladıq:
“Əslində maraqlı bir oyun izlədik. Hesab edirəm ki, həm “Orhus”, həm də “Sabah” yüksək intensivlikdə çıxış etdi. Demək olar ki, hətta Çempionlar Liqasına layiq səviyyədə oyun nümayiş olundu. Təbii ki, hər iki komandanın həm üstün, həm də zəif tərəfləri var idi. Oyuna mərhələli yanaşsaq, ilk dəqiqələrdə “Sabah” ciddi pressinqlə qarşılaşdı. “Orhus” matçın əvvəlində yüksək təzyiq göstərirdi və bu səbəbdən “Sabah” müdafiədən oyun qurmaqda çətinlik çəkirdi. Xüsusilə ilk 10 dəqiqədə bu təzyiq açıq hiss olunurdu. İlk hissədə “Sabah”ın problemlərindən biri də öz pressinqi zamanı rəqibin müdafiədən rahat çıxması idi. “Sabah” 4-2-4 sxemi ilə pressinq edirdi. Ön xətdə dörd oyunçu – iki hücumçu və onların arxasında bəzən irəli çıxan İsayev və Umarali olurdu. Onların cinahlarında isə Velko Simiçlə Kahim Parris yer alırdı. Bu “dördlük” rəqibi qarşılayır, yarımmüdafiədə isə iki oyunçu onları dəstəkləyirdi. Lepinitsa ilə yanaşı, İsayev və ya Umarali növbəli şəkildə önə çıxır, digəri isə geridə qalırdı. Lakin bu düzülüşdə problem yaranırdı. Rəqibin boşluqlara daxil olan 3-4 oyunçusunu saxlamaq mümkün olmurdu. “Orhus” bundan çox yaxşı istifadə edir, hücum və müdafiə xətləri arasındakı boşluqlara sızaraq təhlükə yaradırdı. Bu da “Sabah” üçün çətin anlar yaradırdı və ilk hissədə müəyyən üstünlük rəqibin tərəfində idi. Ancaq hissənin ortalarından sonra “Sabah” bu təzyiqi qırmağı bacardı. Baş məşqçi Dambrauskasın göstərişi ilə ön xətdəki iki oyunçu bir qədər geri çəkildi və komanda 4-4-2 formasında müdafiə olunmağa başladı. Bu dəyişiklik boşluqların azalmasına kömək etdi. “Sabah”ın çox təhlükəli əks-hücumları var idi. Məğlubiyyətin əsas səbəblərindən biri isə yaradılan qol imkanlarının dəyərləndirilməməsi oldu. Komanda tez-tez kəskin və sürətli əks-hücumlar qururdu. “Orhus”un çox sayda futbolçu ilə hücuma çıxması əslində “Sabah” üçün üstünlük idi. Rəqib cinah müdafiəçilərini də tez-tez hücuma qoşurdu və bu zaman arxada boşluqlar yaranırdı. Xüsusilə 19 yaşlı cinah oyunçusu çox sürətli idi və hücum zamanı faktiki hücumçuya çevrilirdi. Bu isə “Sabah” üçün əks-hücum imkanları yaradırdı. Lakin son ötürmələrdə və zərbələrdə qeyri-dəqiqlik komandanı qoldan məhrum etdi. Digər tərəfdən, rəqibin üstün cəhətlərindən biri sürətli və bir toxunuşlu kombinasiyalı oyun idi. “Sabah”ın zəif nöqtələrindən biri də zaman-zaman müdafiənin mərkəzində yaranan boşluqlar idi. Solvetin hücumçunu qabaqlamaq cəhdləri bəzən alınsa da, alınmadığı hallarda ciddi təhlükə yaranırdı. Rəqibin ilk qolu da belə epizodlardan birində vuruldu. İkinci hissənin əvvəlində “Sabah” yenidən təzyiq altına düşdü. Solvetin mövqedə səhvi və rəqibin ustalıqla ötürməsi nəticəsində hesab 2:0 oldu. Bu qoldan sonra psixoloji üstünlüyün rəqibə keçəcəyini düşünmək olardı, lakin “Sabah” mübarizəni dayandırmadı və hücumlarını davam etdirdi. Komanda yenə də bir neçə dəfə 4-ə qarşı 3 vəziyyətlər yaratdı, lakin son zərbələrdə dəqiqlik çatmadı. İsayevin epizodu, Mikelsin sürətli keçidi və topun dirəyə dəyərək qapıya daxil olmaması, eləcə də Umaralinin zərbəsinin tirdən qayıtması – bunların hamısı şanssızlıqdı. Bununla belə, “Sabah” qol vurmağı bacardı və hətta ikincini də vurdu, lakin bu dəfə ofsayd üzündən qeydə alınmadı.
Ümumilikdə oyun bərabər səviyyədə keçdi. Hər iki komanda müəyyən komponentlərdə üstün idi, lakin əsas fərqi yaradan məqam qol imkanlarını reallaşdırmaqla bağlıdı. Bu baxımdan “Orhus” daha effektli idi.
Hesab edirəm ki, cavab oyunu ilə bağlı xüsusi taktiki dəyişikliklərə ehtiyac yoxdu. “Sabah”ın oyun üslubu yetərincə effektlidi. Sadəcə, bəzi detallara diqqət yetirmək lazımdı. Bakıda əsas üstünlüklərdən biri hava şəraiti və azarkeş dəstəyi ola bilər. Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq. Bundan başqa, “Sabah”ın sürətli hücumçuları yenə də əsas silah olacaq. Diqqət yetirməli məqamlardan biri isə mərkəzdə boşluqların verilməməsidi. Komanda böyük qüvvə ilə hücuma çıxarkən rəqibin əks-hücumlarına qarşı ehtiyatlı olmalıdı. Həmçinin rəqibin aut atışları və standart vəziyyətləri təhlükəlidi. Bu epizodlara xüsusi hazırlaşmaq lazımdı. Rəqibin ucaboy müdafiəçisinin zədələnməsi “Sabah” üçün müəyyən üstünlük yarada bilər. Çünki aut atışları əsasən onun üzərinə qurulmuşdu.
Cavab oyunu üçün kimin favorit olduğunu demək çətindi. Şanslar bərabərdi. İnanıram ki, “Sabah” bu fərqi aradan qaldırmaq potensialına malikdi. Bir top fərqi hələ heç nə demək deyil. Səbrli və diqqətli oyunla geridönüş etmək mümkündü”.

İSRAYIL XEYRULLAYEV