“Yəqin “Qarabağ”ın məşqçiləri rəqibin güclü tərəflərini artıq təhlil ediblər. Cavab oyununda keçmişdə tətbiq olunan səfər qolu rol oynamayacaq. Düşünürəm ki, 2 qol vurub matçı uzatmalara daşımaq mümkündü”.
Bu sözləri “Futbol+”ə açıqlamasında Aslan Kərimov deyib. Təcrübəli mütəxəssis bu gün Konfrans Liqasının pley-offunun cavab görüşləri çərçivəsində baş tutacaq “Qarabağ” - “Marsel” matçı haqda danışıb.
Aslan Kərimov Ağdam təmsilçisinin mərhələni keçmək üçün şansı olduğunu bildirib:
“Belə bir strategiya seçmək üçün gərək startdan təzyiq göstərib ilk hissədə ən azı 1 qol vurmalıyıq. Müdafiəni də yaddan çıxarmaq olmaz. Çünki belə bir komandaya qarşı kiçik səhvlərə yol versək, rəqib bağışlamayacaq. Fransadakı matçın ilk hissəsindəki oyunu burda da təkrarlamağı bacarsaq, 1 qol vurmaq üçün şanslar yaranacaq. Çünki ordakı qarşılaşmanın birinci hissəsində 2-3 real qol vəziyyəti yaratmışdıq. Turalın cinahdan təkbətək çıxdığı epizodu, Ozobiçin, Zubirin, Kadinin zərbələrini nümunə göstərə bilərəm. Niyə Bakıda da bunun öhdəsindən gələ bilməsinlər?! Bilmirəm rəqib sistemi dəyişəcək, ya yox. Öz meydanlarında 4-3-3 taktiki düzülüşündə oynayırdılar. Hücumameyilli və daha çox öndə oynayan komandadı. Bakıda Sampaoli 5-li müdafiəyə də üstünlük verə bilər. Bu baxımdan balanslı şəkildə hücum etməlidilər ki, qol buraxmasınlar. Bir qol buraxdıqları halda iş bir az çətinləşə bilər. “Qarabağ” fürsətlərdən yararlanıb 1 qol vursa, rəqibini demoralizə edəcək. İkinci qol isə matçı əlavə vaxta daşıyacaq. Bunun öhdəsindən gələ bilərlər”.