Artıq çempionluğu rəsmiləşdirən və Çempionlar Liqasının finalına vəsiqə qazanan “Kral klubu” La Liqanın 36-cı turunda evdə “Alaves”i 5 cavabsız qolla darmadağın etdi. Karlo Ançelottinin komandası çempionatda ardıcıl 4-cü görüşdə qapısını toxunulmaz saxladısa, qələbə seriyasını 9 oyuna yüksəltdi. Arda Güllər də son dönəmlərdə məhsuldarlığı ilə fanatları sevindirməkdə və yaxşı mənada təəccübləndirməkdə davam edir. 19 yaşlı türkiyəli ulduz “Alaves”lə görüşdə 62-ci dəqiqədə meydana çıxdı və komandasının 5-ci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirdi. Rodriqonun zərbəsindən sonra top müdafiəçidən dönərək sağ cinahla hücuma qoşulan Ardanın önünə düşdü. İstedadlı futbolçu bir toxunuşla yaxın küncü dəqiq nişan aldı. Onu ən birinci təbrik edən Vinisius oldu. Ançelottinin isə qoldan sonra təəccübünü gizlədə bilməməsi diqqəti çəkdi.
Qeyd edək ki, Türkiyə yığmasının üzvü La Liqada ardıcıl 2-ci qarşılaşmada fərqləndisə, bu turnirdə vurduğu qolların sayını 4-ə çatdırdı. Halbuki o, 9 qarşılaşmada və cəmi 283 dəqiqə forma geyib. Yəni Arda orta hesabla hər 71 dəqiqəyə 1 qol vurur. Bu göstəricidə o, cari mövsüm bu turnirdə hər kəsi üstələyir! İkinci pillədə onun hər 228 dəqiqədən bir fərqlənən komanda yoldaşı Rodriqo, 3-cü pillədə isə hər 390 dəqiqəyə bir qol sığışdıran “Barselona”nın gənc ulduzu Lamin Yamal qərarlaşıb. Yamalın bu mövsüm La Liqada 1954 dəqiqə meydanda olduğunu və 5 qol, yəni Ardadan yalnız 1 qol artıq vurduğunu xatırladaq. Daha bir maraqlı müqayisə odu ki, əfsanəvi Lionel Messi La Liqada keçirdiyi ilk 283 dəqiqəyə cəmi 1 qol sığışdırmışdı!
İspaniya mətbuatı da türkiyəli vunderkində tərif yağdırmaqda davam edir. “As” nəşri “Arda Gülərin bəzi hərəkətlərinin açıqlaması yoxdu. Mübarək adamdan möhtəşəm qol” sərlövhəsi atıbsa, “Marka”da bu qolla bağlı bu sözlərə yer verilib:
“Arda bütün bunları cəmi 20-25 dəqiqə meydanda olmaqla edirsə, qalanını özünüz düşünün”.
Ançelottinin də oyunsonrası açıqlaması diqqəti çəkib:
“Komandada hər kəs Ardanı çox sevir. Onun “Real”da olması hər birimizi sevindirir. Sanki onda anadəngəlmə vergi var. Çünki hətta qol vurmağa layiq olmadığı məqamlarda da topu qapıya göndərməyi bacarır. Bu da onu göstərir ki, top Ardanı sevir”.
ƏLİ





