“Əlbəttə, səfərdə 1:3 uduzmağımız rəqibin üstünlüyüdü. Çünki indi “Qarabağ” ən az 2 top fərqi ilə qalib gəlməlidi ki, oyun heç olmasa, uzatmalara getsin”.
Bu sözləri “Futbol+”ə açıqlamasında Ayxan Abbasov deyib. Təcrübəli mütəxəssis bu gün Konfrans Liqasının pley-offunun cavab görüşləri çərçivəsində baş tutacaq “Qarabağ” - “Marsel” matçı haqda danışıb.
“Sumqayıt”ın sabiq çalışdırıcısı fransızların səviyyəcə Ağdam təmsilçisindən üstün olduğunu bildirib:
“Bir şey yaxşıdı ki, indi səfər qolu qaydası yoxdu. Olsaydı, bizimkilər üçün daha çətin olardı. Amma unutmamalıyıq ki, rəqib “Marsel”di. Fransa çempionatında ikinci yerdə olan komandadı. Səviyyəcə də fərqli, üstündülər. Həm də ən böyük üstünlükləri fərdi keyfiyyətə malik futbolçularının çox olmasıdı. Ancaq “Qarabağ”ın ordakı mübarizəsi bizə ümid verir. Həqiqətən də Fransadakı qarşılaşmada “Marsel”dən daha yaxşı oynadılar. Daha üstün idik. Turu keçmək üçün bizə qol lazımdı. İlk dəqiqələrdən hücum etməliyik. Amma bunu edəndə müdafiəni də unutmamaq lazımdı. Çünki rəqibin usta oyunçuları hər an boşluqdan istifadə edə bilər. “Qarabağ”ın da, məşqçilərinin də böyük təcrübəsi var. Böyük klublara qarşı oynayıblar. Hər şey ola bilər. Evdə oynayırıq. Azarkeş kütləsi, dəstək, rəqibin son turda oynaması, “Qarabağ”ın dincəlməsi, məsafə, saat fərqi kimi amilləri fikirləşəndə, üstünlüyümüz var. İlk dəqiqələrdən təzyiq edib bir qol vura bilsək, inanıram ki, ikincini də vuracağıq”.