Olimpiya məşəlinin arpelin 24-də artıq Fransaya verildiyini və hazırda bu ölkənin ərazisində “səyahət etdiyini” xəbər vermişdik.
Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan mayın 8-də Marsel şəhərində olimpiya məşəlini yandıracaqdı. Bu barədə "L’Equipe" nəşri məlumat yaymışdı.
Doğrudan da, Marseldə XIX əsrə aid üçyelkənli “Belem” gəmisinin Yunanıstandan olimpiya alovu ilə Fransaya gəlişi münasibəti ilə bayram tədbiri keçirilib. Mayın 9-da gəmi limana yaxınlaşıb və olimpiya məşəli quruya ötürülüb. Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manadu olub. O, daha sonra bunu reper Jüliyə ötürüb. Proqram dəyişməsə, üçüncü məşəlçi Zinəddin Zidan olacaqdı. Ancaq Marsel limanına toplaşan 150 minə yaxın adam əfsanəvi futbolçunu görməyib. O, ictimaiyyətə açıqlanmayan səbəblər üzündən mərasimə qatılmayıb. Hadisələrin belə axarı Marsel əhalisini qəzəbləndirib. Onlar sosial şəbəkələrdə Zidanı ciddi şəkildə qınayıblar, hətta əfsanəvi futbolçunu təhqir edənlər də olub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.