''Fənərbaxça''nın sabiq ulduzu Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib.
Ötən yay ''Fənər''dən ayrılan tanınmış serbiyalı futbolçu geridə qoyduğumuz mövsümü BƏƏ təmsilçisi ''Əl-Vəhdə''də keçirdi. Bu klubdan ayrılan və hazırda sərbəst futbolçu statusunda olan Tadiçin ''Neymegen''ə transferi gündəmdə idi. Ancaq bu keçid baş tutmadı. Erediviziya təmsilçisi Tadiçin tələb etdiyi maaşı ödəyə bilmədi. Bunu ''Neymegen''in idman direktoru Karlos Olbers də təsdiqləyib.
37 yaşlı futbolçu karyerasını elə BƏƏ-də davam etdirmək qərarına gəlib. O, bu ölkənin başqa təmsilçisi ''Əl-Nəsr'' ilə birillik müqavilə imzalayıb. Bu klubu həm də Tadiçin həmyerlisi Miloş Miloyeviç çalışdırır.
Qeyd edək ki, Tadiçin bu yay ''Fənər''ə geri dönmək ehtimalı da yaranmışdı. Amma məşqçi kimi. Belə ki, İsmayıl Kartal ona karyerasını bitirərək öz yanında köməkçi məşqçi kimi işləməyi təklif etmişdi. Amma Tadiç bu yay butslarını mismardan asmaq istəmədi.