Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya

18.07.2026 21:00 138
Aktual / Avrokuboklar
“Sabah” aparıcı futbolçusu Aaron Maludanı itirmək təhlükəsi ilə üzləşib. “Scotsman.com”un xəbərinə inansaq, bugünlərdə “Qarabağ”dan Kamilo Duranı transfer edən “Seltik” indi də “bayquşlar”ın oyunçusuna göz qoyub. Şotlandiya çempionu 20 yaşlı vinger üçün Masazır təmsilçisinə 2 milyion funt sterlinq ödəməyə hazırdı.

Bəs, bu iddia nə dərəcədə həqiqətəuyğundu? “Sabah” qarşı tərəfdən bu yöndə təklif alıbmı? Futbolçuyla imzalanan müqavilədə müvafiq məbləğə uyğun sərbəstqalma bəndi varmı?

Bu suallarla “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisinin “Football-plus.az”a açıqlaması:

“Aaron Maluda “Sabah”ın futbolçusudu və klubla müqaviləsi var. Klubun hər hansı üzvünə marağın olması normaldı. Lakin qeyd etdiyim kimi Maluda “Sabah”ın üzvüdü və hazırda komandanın heyətində növbəti oyunlara hazırlaşır. Klubda transferlərlə bağlı hər hansı yenilik olduqda bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək. Konkret təklifin olub-olmaması haqda isə bilgi verə bilmərik”.

Maluda ötən ilin yayından “bayquşlar”ın şərəfini qoruyur. Fransalı 31 oyunda 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

KƏNAN BAHADIR