KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”

22.07.2026 13:39 630
Aktual / Avrokuboklar
Nə işdisə, “Sabah”ın Çempionlar Liqasındakı bütün rəqibləri Bakıdakı oyunun məzmununu nəzərə almadan evə çatan kimi qisasdan, məğlubiyyətin əvəzini çıxacağından danışır. “Nyu Seynts” estafeti KuPS-a verib.

Kuopio klubunun saytında yer alan yazını tam çatdırmayacağıq. Çünki əsasən reportaj xarakteri daşıyır. Amma ən önəmli məqamların altını cızmağa dəyər.

* “Bank Respublika Arena”da, hədsiz isti havada keçirilən oyunun ilk hissəsində “Sabah” aşkar üstün idi. Gözlənildiyi kimi, meydan sahibləri ilk yarıda yüksək səviyyəli oyun göstərdi, bizi uzun müddət öz qapımıza sıxdı. Oyunun əvvəlində topa heç cür nəzarət edə bilmədik.

* İkinci hissədə KuPS oyunun axarını bərabərləşdirməyi bacardı. Sonradan oyuna qoşulan futbolçular komandaya enerji qatdı. Sona yaxın Xayme Moreno hesabı bərabərləşdirmək baxımından əla şansı qaçırdı. 0:1 hesabı KuPS-u oyunda saxladı.

* KuPS-un saytı komandanın baş məşqçisi Miyka Nuutinenin bu fikirlərinə də yer verib:

“Güclü komanda bu gün yaxşı oyun keçirdi. Ancaq biz məğlubiyyətin əvəzini çıxmağa hazırıq. Bizim üçün ən vacib məqam budu ki, növbəti mərhələyə adlamaq şansımızı qoruduq. Kuopioda “artıra” biləcəyimizi anlayırıq: doğma meydan və azarkeşlərin dəstəyi bizə güclü impuls verəcək”.

* Sayt cavab görüşünün iyulun 28-də keçiriləcəyini xatırladandan sonra yazıya belə yekun vurub:

“Hədəf aydınsı: əvvəlcə hesabı bərabərləşdirmək, ardından irəli çıxmaq. Bizi növbəti avrokubok gecəsi gözləyir. “Sarı-qaralar”ın heç bir azarkeşi bu oyunu buraxmamalıdı”.