Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Sabah”a uduzan “Nyu Seynts”in baş məşqçisi Kreyq Harrison oyunsonrası mətbuat konfransında iddial açıqlama verdi. Mütəxəssis “evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq” sözləriylə “bayquşlar”a meydan oxudu.
Maraqlıdı, Harrison haqlıdımı? Uels təmsilçisi həqiqətən də cavab görüşündə lazım olan nəticəni qazana, mərhələ adlaya bilərmi?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Nyu Seynts”in avrokubokların son mövsümlərində belə uğur qazanıb-qazanmadığını araşdırdı.
Məlum oldu ki, komanda üçün son 3 mövsüm yetərincə uğursuz keçib. 2025/26 “futbol ili”ndə mübarizəyə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində başlayan “müqəddəslər” “Şkendiya” ilə ilk matçda heç-heçə edib (0:0). Cavab görüşü isə rəqibin əlavə vaxtda qazandığı 2:1 hesablı qələbə ilə nəticələnib. Belədə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə düşən “Nyu Seynts” burda da azarkeşlərini məyus edib. “Differdanj-03”ə qarşı görüşlər məğlubiyyətlərlə yadda qalıb (0:1, 0:1).
2024/25 mövsümünün də Uels təmsilçisi üçün uğurlu alındığını deyə bilmərik. KL-nin əsas mərhələsində yarışan komanda 5 məğlubiyyət, 1 qələbəyə imza atıb. Lakin “müqəddəslər” buna qədər ÇL-də “Deçiç”i mübarizədən kənarlaşdırıb (3:0, 1:1), “Ferenstvaroş”la isə bacarmayıb (0:5, 1:2). Mübarizəyə Avropa Liqasında davam edən “Nyu Seynts” “Petrokub”a da güc gələ bilməyib (0:1, 0:0). Nəticədə KL-də yarışan komanda burda “Panejevis”i mübarizədən kənarlaşdıraraq (3:0, 0:0) əsas mərhələyə yollanıb.
Nəhayət, 2023/24 “futbol ili”ndə ÇL-də “Haken”lə bacarmayan komanda (1:3, 0:2) KL-də “Esperanj”a da güc gələ bilməyib (1:1, 2:3).
Göründüyü kimi, “Nyu Seynts” son üç mövsümdə avrokuboklarda heç bir uğur qazanmayıb. Hətta cəmi 2 dəfə mərhələ adlayıb. Görünür, Harrison lap uzaq tarixdə əldə edilən uğurlara söykənir. Dünən dünəndi, bu gün bu gün… Rəqibin baş məşqçi “Sabah”a hədə-qorxu gəlmək üçün başqa yola əl atmalı, məsələn, komandasının oyununu yaxşılaşdırmalıdı…
KƏNAN BAHADIR