Ötən mövsümü 9-cu yerə başa vuran “İmişli” növbəti “futbol ili”nə hazırlığı davam etdirir. Aran təmsilçisi ötən ay Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında müsabiqə də elan etmişdi. Bu müsabiqə jurnalistlər arasında fərqli fikirləri doğurdu. Digər bir önəmli məsələ isə “pələnglər”in gələn mövsüm ev oyunlarını harda keçirəcəyi ilə bağlıdı. Axı PFL Quba Olimpiya İdman Kompleksini qəbul etməyəcək.
Klub transfer bazarında da o qədər fəal görünmür – gedənlər çoxdu, gələnlər az. Bütün bu məsələlələrlə bağlı klubun mətbuat katibi Leyla Behbudlunun fikrini öyrəndik:
“Müsabiqəyə maraq yetərincə böyükdü. Sevindirici haldı ki, iştirak etmək istəyənlərin sayı da çoxdu. Doğrudu, müsabiqənin ilk günlərində bəzi həmkarlarımız tərəfindən onun mahiyyəti tam düzgün anlaşılmamışdı. Buna baxmayaraq, klubun ideyasını dəstəkləyən və müsabiqəyə qoşulmaq istəyənlərin müraciətləri davamlı qəbul edilir. İştirakçıların yüksək marağını nəzərə alaraq, müraciətlərin qəbul müddətini iyulun 12-si, saat 00.00-dək uzatmaq qərarına gəldik. Əslində ilkin plana əsasən müraciətlərin qəbulu iyulun 6-da başa çatmalıydı. Müraciətlərin qəbulu iyulun 12-dək davam edəcək. Bu mərhələ başa çatandan sonra təqdim olunan materiallar peşəkar münsiflər tərəfindən müsabiqənin şərtlərinə uyğun olaraq qiymətləndiriləcək. Nominasiyalar üzrə qaliblərin adları iyulun 22-də açıqlanacaq. Qaliblərin mükafatlandırılması və müsabiqənin yekun tədbiri isə iyulun 24-də keçiriləcək.
Söhbət klubun qarşıdakı planlarından gedirsə, hazırda bütün diqqətimizi premyer-liqanın yeni mövsümünə hazırlığa yönəltmişik. Hazırlıq proqramı çərçivəsində komandanın səkkiz yoxlama oyunu keçirməsi nəzərdə tutulub. İyulun 10-da "İmişli" U-19 (Bakı), 17-də "Şəfa" (Bakı), 21-də "Qarabağ-2" (Bakı), 24-də "Araz-Naxçıvan" (Qəbələ), 28-də "Karvan" (Yevlax), 31-də "Qəbələ" (Qəbələ), avqustun 3-də "Sumqayıt" (Qəbələ) komandaları ilə qarşılaşacağıq. Avqustun 8-də keçirilməsi planlaşdırılan son yoxlama oyunu üçün rəqibi hələ dəqiqləşməyib. Ev oyunlarımızın hansı stadionda keçiriləcəyinə gəlincə, hazırda əsas variant Yevlax şəhər stadionudu və bu istiqamətdə danışıqlar davam edir. Ağsu şəhər stadionu da nəzərdən keçirilən variantlar sırasındadı. Lakin həmin arenanın premyer-liqanın tələblərinə uyğunlaşdırılması üçün müəyyən işlərin görülməsi vacibdi. Yevlax şəhər stadionu isə bu baxımdan artıq hazır vəziyyətdədi. Buna görə də hazırkı mərhələdə ev oyunlarımızın Yevlax şəhər stadionunda keçirilməsi daha real görünür. Bəli, komandamızdan ayrılan futbolçular var. Onların hər birinə "İmişli"nin formasını ləyaqətlə təmsil etdikləri, mövsüm ərzində komandamızın uğurları naminə əzmlə mübarizə apardıqları və xidmətləri üçün təşəkkürümüzü bildiririk. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq. Peşəkar futbolda ayrılıqlar da prosesin təbii tərkib hissəsidi. Komandamızın heyətinin formalaşdırılması istiqamətində işlər davam edir. Bir sıra futbolçularla müqavilələr yenilənib, bəziləri ilə əməkdaşlıq müddəti uzadılıb, bəzi oyunçuların isə qüvvədə olan müqavilələri davam edir. Eyni zamanda, transfer çalışmalarımız da davam edir. Artıq Seyxan Fərəcov, Bəxtiyar Həsənalızadə, Yusif İmanov, Fərid Nəbiyev "İmişli"nin heyətinə qoşulub. Yaxın günlərdə daha bir neçə yeni transferi də ictimaiyyətə təqdim edəcəyik”.
İSRAYIL XEYRULLAYEV