"Nyu Seynts" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah"a uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, Uels təmsilçisinin baş məşqçisi Kreyq Harrison oyunsonrası mətbuat konfransında iştirak etdi.
- Uzun məsaf qət edib gəlmişik. Yol bizi çox yordu. Oyunda qalmağa çalışdıq. Sərfəli nəticə qazanmaq istəyirdik. Cavab qarşılaşmasında lazım olan nəticəni əldə etməyə çalışacağıq.
- Komanda birinci hissədə daha fəal idi. Ancaq ikinci yarıda performansda eniş hiss olundu. Bunu nə ilə əlaqələndirirsiz?
- İlk hissədə daha çox güc sərf etdik. Hücumameyilli oyun tərzinə üstünlük verdik. İkinci yarıda topla daha çox oynayan "Sabah" bizi yordu. Bu üzdən, qollar buraxdıq. Rəqib ikinci hissədə daha yaxşı oynadı. Ev oyununda yaxşı nəticəyə ümid edirik.
- Növbəti mərhələ üçün ümidiniz var? Yoxsa, sadəcə azarkeşləri sevindirmək üçün qələbə qazanmağa çalışacaqsız?
- Bəli, ümidimiz var.
- Birinci qoldan sonra topu meydançaya daxil etməyə çalışarkən, qəsdən yubanırdız. Halbuki hesabda geridə idiz.
- Komandamın hədəfi vaxt itirmək deyildi. Əksinə, bura yaxşı nəticə üçün gəlmişdik. Həm hücum etmək, həm də müdafiə olunmaq istəyirdik. Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq. Çox ümidliyik.
- Belə başa düşürük ki, məğlubiyyətin yeganə səbəbi uzun məsafədi...
- Təbii ki, əsas səbəb bu deyil. Ancaq həqiqətən də uzun məsafə qət etdik. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirik. Ümid edirik ki, evdə azarkeşlərimizlə birgə uğurlu nəticə qazanacağıq.