Tomas Tuxelin hələ ki “Bavariya”dakı işinə birmənalı qiymət vermək çətindi.
Düzdü, Münhen nəhəngi ötən mövsüm çempionluq seriyasını davam etdirdi. Amma unutmayaq ki, son turda komandanın taleyi öz əlində deyildi. Bu mövsüm isə “rekordmayster” hələ də bundesliqada liderliyə yüksəlməyib. Üstəlik ölkə kubokunda komanda mübarizəni dayandırıb. Tuxel çox danışan və müsahibə verməyi xoşlayan məşqçilərdən sayılmır. Amma o, bugünlərdə Münhendə keçirilən İSPO sərgisində şəxsi və futboldankənar həyatı, eləcə də başqa məqamlar haqda danışmağa razılıq verib.
* Tənqid məsələsində mən də hamı kimiyəm. Kim tənqid olunmağı xoşlayır?! Özümü internetdən kənar durmağa, yazılanları oxumamağa öyrəşdirmişəm. Hətta ardıcıl qələbə seriyası yaxalayanda da səndən narazı qalan insanlar tapılacaq. Heç kim deyə bilməz ki, sosial şəbəkədə yazılan pis söz ona təsir etmir. Bu, istər-istəməz adama təsir edir. Məsələn, sənin haqda 100 yaxşı şərh yazılıbsa, ən azı iki-üç pis şərh də mütləq tapılacaq. Bunu oxuyan kimi həmin 100 yaxşı şərhi unudursan və beynində pis şərhlər qalır. Sonra öz-özümə deyirəm ki, başqasının fikri mənim nəyimə lazımdı? Hərçən bundan uzaq durmağa çalışarkən də tanışlarım mənə pis şərhləri, başlıqları “vatsap”da göndərirlər. Valideynlərim bunları görəndə narahat olmağa başlayır. Bütün bunlar istər-istəməz psixoloji duruma təsir göstərir. Ona görə də uzaq durmağa çalışıram. Amma bunu dilə gətirmək həyata keçirməkdən daha asandı.
* İntizam çox vacib amildi. Həm oyunçular, həm də məşqçilər üçün. Bu işlə peşəkar şəkildə məşğul olanlar həm psixoloji durum, həm də sağlamlıqlarına görə intizama fikir verməlidilər. Etiraf edim ki, mən özüm bu baxımdan çox da yaxşı örnək deyiləm. İstərdim ki, bütün mənalarda daha intizamlı, soyuqqanlı olum. Hər şeydə mükəmməl olmağa can atsam da, bu, bəzən işə yaramır. Məsələn, bəzən xeyirli olmayan qidalar yeyirəm. “Kopenhagen”ə qarşı son matçın ardından heç vaxt olmadığı qədər kolbasa yedim. Stadionun mətbəxinə getdim və orda çoxlu xırda kolbasa var idi. Hamısını xardalla birlikdə yedim. Ardınca çoxlu bulka da yedim. Şirniyyat mənim üçün ciddi problemdi. Xüsusilə də günün ikinci yarısında şirniyyatdan, şokoladdan, balaca tortdan imtina edə bilmirəm. Hərçənd bəzən daha intizamlı oluram. Bu anlarda özümlə daha çox fəxr edirəm.
* Ailəm uzun illər mənim yanımda idi. Hər dəfə mənimlə səyahət edirdilər. Birlikdə yeni ev axtarırdıq. Təəssüf ki, ötən il yoldaşımdan boşandım və şəxsi həyatımda çox ciddi dəyişikliklər baş verdi. Həmin ana qədər həyatımda hər şey normal idi. Yoldaşımın və uşaqlarımın mənimlə birlikdə səyahət etməsi xoşuma gəlirdi. Hərçənd bilirdim ki, onlar üçün bu durum heç də asan deyil. Dostlarını, məktəbi atıb hər şeyə yenidən başlamalı olurdular. Onların yanında özümü sakit və xoşbəxt hiss edirdim. Amma tədricən görürdüm ki, evdə yalqız qala biləcəyim, təklikdə kitab oxuyacağım və ya kofe içəcəyim bir otağa ehtiyacım var...
* Təbii ki, mənim doğma şəhərim də var. Valideynlərim və nənəm indiyə qədər də orda yaşayırlar. Son dönəmlərdə ora əvvəlki illərlə müqayisədə daha çox getməyə başlamışam. Qapını açıb içəri daxil olanda maraqlı hisslər keçirirəm. Orda mən, sadəcə, öz evinə gələn bir övladam. Həyatımda baş verən dəyişikliklərdən sonra bunu daha yaxşı anlamağa başlamışam. Orda qapını bağlayıram və özüm kimi oluram. Başqalarının fikirləri məni narahat etmir.
* Yaşa dolduqca maşından daha az istifadə etməyə meyl edirəm. Çünki tıxaclar adamın çox vaxtını aparır. Yeri gəlmişkən, maşının içi mənim telefonla danışa bildiyim yeganə yerdi. Valideynlərim, bacım, qohumlarım bilirlər ki, adi vaxtda telefonla mənlə əlaqə saxlamaq çox çətindi. Yalnız maşında olanda zənglərə cavab verirəm və ya özüm kiməsə zəng vururam. Həmişə çalışıram ki, evim məşq bazasına yaxın olsun. İndi yaşadığım yerlə “Zabener Ştrasse” (“Bavariya”nın bazasının yerləşdiyi ərazi – red.) arasında 15 dəqiqəlik yol var. Bu baxımdan mənim üçün ən rahat yer “Çelsi”də idi. Abramoviçin düz “Çelsi”nin bazasının yanında yaxşı bir evi var idi. Ora həmişə boş olurdu. Yanında da kottec var idi. Köməkçilərimə orda yaşamağı təklif etdim. Onsuz da Londonda qaldığım oteldə koronavirusa yoluxma halları qeydə alınmışdı. Üstəlik oteldə tək qalırdım. Yoldaşım uşaqlarla bilrikdə hələ Parisdə idi. Məktəbi orda bitirməliydilər. Ona görə də köməkçilərimlə birlikdə düz bazanın yanında yaşamağa başladıq. Evə və məşqə piyada gedib-gəlirdik.
* Səhərlər, adətən, bəzi idman hərəkətləri edirəm. Meditasiya ilə məşğul oluram. İşə başlamadan belə şeylərə vaxt ayırmağın gün ərzində mənə böyük faydası dəyir. Axşamlar isə vaxtında yatmağa çalışıram. “Netfliks”ə baxmıram. Onun yerinə kitab oxumağa üstünlük verirəm. Televizorda baxdığım yeganə şey ya futboldu, ya da idman haqda sənədli filmlər. Belə filmlər mənə çox maraqlı gəlir. Bu sahənin içində olan bir şəxs kimi, məsələn, tennisçilərin və ya qolfçuların təzyiqin öhdəsindən necə gəldiyini görmək maraqlıdı. Yaxşı serial olanda da baxıram. Son vaxtlar “Varislik” serialı ən çox bəyəndiklərimdən biridi.
* Futbolda “komanda ruhu” və ümumiyyətlə, “komanda” anlayışı çox dəyişib. İndi hər yerdə üzərində hansısa klubun forması olan uşaqlara rast gəlmək olar. Həmin formanın arxasında isə hansısa futbolçunun adı qeyd olunur. Məndə belə təəssürat yaranır ki, yeni nəsil klublara yox, konkret ayrı-ayrı oyunçulara azarkeşlik edir. Bizim vaxtımızda belə deyildi. Biz uşaq olanda klubun özünə azarkeşlik edirdik. Sevimli futbolçumuz həmin klubu tərk edəndə üzülürdük. Həmin futbolçudan küsürdük. Hətta yadımdadı ki, buna görə evdə ağladığım vaxtlar da olurdu. Amma biz heç bir halda azarkeşlik etdiyimiz klubu dəyişmirdik. Sadəcə, həmin futbolçudan üz döndərirdik. İndi isə belə deyil. Uşaqlar futbolçuya azarkeşlik edir. O, hansı kluba gedirsə, yenə də onu izləməyə çalışırlar. Demirəm ki, bu, pisdi. Sadəcə, günümüzün reallığı məhz belədi. Bu üzdən futbolçular daha çox eqolu olurlar və özlərini düşünürlər. Bu da biz məşqçilərə komanda ruhunu formalaşdırmaqda çətinlik yaradır. Hər kəs uğurda öz rolunu qabartmağa çalışır. Ona görə də məşqçi futbolçuya komandanın hər şeydən öndə gəldiyini anlatmalıdı.
* Etiraf edim ki, əvvəlki illərdə hədsiz alman təfəkkürlü idim. Yəni almanlar üçün müyyən qaydalar, davranış normaları var ki, buna həmişə əməl olunmalıdı. Amma komandanı qurmağın fərqli yolları var. Məsələn, PSJ-də həm qaydalar, həm də davranış normaları Almaniyada gördüklərimdən tam fərqlənirdi. Bu, mənim üçün oyunçuları anlamaq baxımından yeni və faydalı təcrübə oldu. Ona görə də indi kimsə mənə “Bavariya”nın hansısa futbolçusunun müəyyən davranış normalarına əməl etmədiyini deyəndə, sadəcə, gülməyim gəlir. Həmin adama “sən PSJ-də başverənləri görsən, nə deyərsən”, - deyə düşünməyə başlayıram. İndi futbolçunun bir addım atarkən bunu nə üçün etdiyini daha yaxşı anlayıram. Hətta çalışıram oyunçulara daha çox sərbəstlik verim. Amma məsələn, xaricdə işləməsəydim və bütün məşqçi karyeramı Almaniyada keçirsəydim, çox güman, oyunçulara bu sərbəstliyi verməzdim!
* Hər komandanın liderləri, superulduzları olur. Onlar komandanın qol yükünü daşıyırlar. Ona görə də digər futbolçular həmişə belə statusda olanlara yardım etməyə hazırdılar. Amma məsələ burasındadı ki, superulduz da bunun qarşılığını verməli və başqalarına hörmətlə yanaşmalıdı. Bu, çox vacib məqamdı. Bəzi futbolçular diqqət mərkəzində olmağı xoşlayır. Onların əməyini kiçiltmək olmaz. Adətən, komandada bütün qolları belələri vurur. Özlərinə qarşı çox tələbkardılar. Yüksək eqo onları irəli aparır. Məşqçi üçün belə futbolçularla dil tapmaq həyati əhəmiyyət daşıyır. Çünki həmin oyunçunu öz ideyanın doğruluğuna inandırmalısan. Digər tərəfdən diqqət mərkəzində olmağı sevməyən, az danışan, sakit superulduzlar da var. Mənim rəhbərliyim altında oynayanlardan Gündoğan, Mxitaryan, Markinyos, Tyaqo Silva, Kante, Maunt, Kovaçiç, Haverts məhz belə futbolçudu. Mən özüm də məşqçi olmağıma baxmayaraq, bu oyunçulardan çox şey öyrəndim. Onlar həm komandaya can yandırmaq, həm də liderlik etmək baxımından əla örnəkdilər.
* Məktəbdə heç yaxşı oxumurdum. Dərsdə oturub müəllimi dinləməyə heç marağım yox idi. Sadəcə, bilirdim ki, orta məktəb diplomu almalıyam. Amma hiss edirdim ki, bu, mənlik deyil. Sonra məşqçilik kurslarına getməyə başladım və birdən-birə vəziyyət dəyişdi. İlk dəfə imtahanda məhz məşqçilik kurslarında yaxşı qiymət almağa başladım. Oxumaq, dərk etmək mənim üçün asanlaşdı. Çünki hər şeyin başında futbola olan sevgim dayanırdı. Məhz məşqçilik kurlsarında həyatda ilk dəfə anladım ki, hansısa sahədə bacarığım, istedadım var. Düzdü, məşqçilik elə sahədi ki, böyük futbola keçmək üçün istər-istəməz şans da yanında olmalıdı. Hansısa məqamda bəxt də üzünə gülməlidi. Amma məşqçiliyə başlayanda daha öncə yaşamadığım hissləri yaşadım. İlk dəfə hiss edirdim ki, düzgün yoldayam. Gördüyüm işin uğurlu alınması, incəliklərini anlamağım da mənə əlavə ruh yüksəkliyi verirdi.
ƏLİ RAUFOĞLU