Bundesliqada son illərin ən maraqlı çempionluq yarışı davam edir. Həyəcan və təzyiq o qədər böyükdü ki, zirvəyə yüksələn komanda dərhal büdrəyir. Təsadüfi deyil ki, son 6 tura lider kimi daxil olanlar cəmi 1 qələbə qazanıb...
Bu dəfə bu ənənəni “Borussiya” davam etdirdi. Düşünmək olardı ki, sona 5 tur qalmış zirvədə qərarlaşan Dortmund təmsilçisi autsayder “Bohum”la oyunda asan qələbə qazanacaq. Amma hesabda çox tez geri düşən və buna çox tez də cavab verən “arılar” qalan müddətdə nə qədər çalışsalar da, müdafiəni yara bilmədilər. Hərçənd hakimin bərbad idarəçiliyi də mütləq qeyd olunmalıdı.
Xüsusilə də 65-ci dəqiqədə Adeyemiyə qarşı aşkar kobudluğa qarşı penalti verilməməsi böyük söz-söhbətə səbəb oldu. Elə son dəqiqələrdə də top müdafiəçinin əlinə dəyərkən hakimin penalti vermək üçün əsası var idi. Amma fit yenə susdu. Təsadüfi deyil ki, “Borussiya” cəbhəsi oyundan sonra “od püskürdü”. Elə hakim Saşa Ştegemann özü də matçdan sonra verdiyi açıqlamada səhvini etiraf etdi. Amma nə fayda, olan “Borussiya”ya oldu. Komanda çempionluq yolunda çox mühüm 2 xal itirdi.
Bəlkə də “Bavariya” bu tur daha ciddi rəqiblə qarşılaşsaydı, sensasiyaya ümid etmək olardı. Amma tura sonuncu pillədə daxil olan “Herta” “Alyans Arena”da 70 dəqiqə yaxşı müdafiə olunsa da, sonunu gətirə bilmədi. 2014-cü ildən başlayaraq sonuncu pillədə qərarlaşan klublara qarşı oyunlarda xal itirməyən Münhen nəhəngi bu seriyasını davam etdirdi və sona 4 tur qalmış yenidən zirvəyə yüksəldi.
Maraq üçün bildirək ki, “Herta” bundesliqada sonuncu dəfə “Bavariya”nı səfərdə 46 il öncə - 1977-nin oktyabrında məğlub edib! O vaxtdan bəri paytaxt təmsilçisi bu rəqibə qarşı Münhendə keçirdiyi 28 oyundan 6 heç-heçə, 22 məğlubiyyətlə ayrılıb. Qeyri-adi nəsə baş verməsə, “Herta” gələn mövsüm 2-ci bundesliqada oynayacaq. Son illər paytaxtın əsas qürur mənbəyi “Union”du. 3-cü pillədə qərarlaşan bu kollektivin “Bayer-04”ə qarşı oyunu qolsuz başa çatdı. Leverkuzenlilərin rəsmi matçlarda məğlubiyyətsiz seriyası 14 oyuna yüksəldisə, “Union” bundesliqa çərçivəsində evdə ardıcıl 21-ci qarşılaşmada uduzmamaqla şəxsi rekordunu təkrarladı.
ÇL-ə vəsiqə uğrunda amansız mübarizə aparan “Leyptsiq” və “Frayburq” turu minimal qələbələrlə başa vurdular. “Öküzlər”ə qələbə qazandıran Nkunku noyabrdan bəri davam edən qol həsrətinə son qoydu. Sebsatyan Hönessin “sehrli çubuğu” “Ştutqart”ı əməlli-başlı dirçəldib. Şvabiyalılar bu dəfə Münhenqladbax “Borussiya”sını evə əliboş yola salaraq bu mütəxəssisin başçılığı altılnda keçirdikləri 5-ci rəsmi oyunda da uduzmadılar.
Turun rəqəmi
10 – “Şalke-04” bu tur “Verder”lə ev oyununda fasiləyə geridə yollansa da, əzmkar qələbə qazandı. Bu geridönüşün unikallığı ondadı ki, Helzenkirhen təmsilçisinin sonuncu dəfə elitada fasiləyə geridə yollandığı matçda qalib gəlməsinə 10 il öncə - 2013-ün noyabrında rast gəlinmişdi. Ən maraqlısı isə odu ki, həmin vaxt da “Feltins Arena”nın qonağı məhz “Verder” idi! Sadəcə, indikindən fərqli “Şalke-04” həmin vaxt fasilədən sonra 3 qol vurmuşdu (3:1).
Turun ulduzu
Serj Qnabri (Bavariya) – məhsuldarlığın çox aşağı olduğu, heç bir oyunda 3-dən artıq qolun vurulmadığı və cəmi 1 oyunçunun dubl etdiyi turda ulduzu seçmək çətindi. Amma biz üstünlüyü Qnabriyə veririk. Çünki “Bavariya”nı “Alyans Arena”da növbəti xal itkisindən xilas edən və zirvəyə yüksəldən qolu məhz bu futbolçu vurdu. Bu, Qnabrinin cari mövsüm bundesliqada vurduğu 10-cu qol oldu. 27 yaşlı vinger ardıcıl 7-ci mövsüm bundesliqada 10 qol həddinə çatmağı bacardı. Hazırda turnirdə ondan başqa bunu bacaran futbolçu yoxdu! Təbii ki, bu, həm də Levandovskinin Almaniyanı tərk etməsi sayəsində mümkün olub...