2021/22 mövsümündə “Bavariya”nın hücumçusu Robert Levandovski böyük fərqlə bundesliqanın bombardiri oldu – mövsüm ərzində 35 qol vuran polşalı “Barselona”ya yollandı.
“Football-plus.az” xəbər verir ki, aparıcı forvardını itirən münhenlilər növbəti mövsümdə az qala fiasko ilə üzləşəcəkdilər: yalnız Dortmund “Borussiya”sının yarıtmazlığı onların son turun son dəqiqələrində çempionluğu təmin etməsinə yol açdı.
“Bavariya”nın son mövsümdəki snayperi Serj Qnabrinin hesabında cəmi 14 qol var. Bu üzdən Almaniya superklubunun bu yay “transfer bazarı”nda əsas hədəfinin hücumçu olması heç kimi təəccübləndirmir. Almaniyanın “Sky” telekanalı iyunun ortalarında “Bavariya”nın potensial yenilərini müxtəlif kateqoriyalara bölməklə siyahı hazırlamışdı. Məsələn, Viktor Osimhenlə (Napoli) Randal Kolo Muani (Ayntraxt) siyahıda “çox baha, ancaq arzulanan” futbolçular kimi yer almışdı. Qonsalo Ramuş (Benfika) və Rasmus Heylunn (Atalanta) “siyahıdadılar, ancaq hələ onlarla iş başlamayıb” kateqoriyasına düşmüşdü. Ən maraqlı kateqoriya isə belə adlanırdı: “qeyri-real olanlar”. Burda Romelu Lukaku (Çelsi) ilə Harri Keynin (Tottenhem) adı var idi.
Titulsuz davam edən şanlı karyera
Bəs “Sky” nədən İngiltərə yığmasının forvardının transferini bu kateqoriyaya aid edib? Hər şey sadədi: Keyn son mövsümlərdə planetin ən güclü və sabit hücumçularından biridi, 11 yaşından “Tottenhem”dədi və bu müddətdə daha adlı-sanlı klubların cəlbedici təkliflərini bir-birinin ardınca rədd edib. Ancaq belə görünür ki, ingiltərəli ulduzun “Bavariya”ya keçid şansı “qyri-realdan” bir qədər artıqdı.
Cəmi bir ay sonra 30 yaşını tamamlayacaq Keyn hələ də parlaq formadadı. Holannın xarüqələri fonunda “Tottenhem”in hecumçusunun qəhrəmanlığı bir qədər kölgədə qalıb. Ancaq boşuna: Keyn son mövsümdə 30 qol vurub. Harri mövsümün gedişində birdən-birə iki möhtəşəm rekordu yenilədi: həm “Tottenhem”, həm də İngiltərə yığması tarixinin bombardiri oldu. Bununla belə, hələ də bir dənə də titul qazanmayıb. “Bavariya”da isə titul qazanmaq şansı çox yüksəkdi.
“Mahmızlar” üçün Keyn artıq əfsanədi. Londonlular onun yoxluğunda premyer-liqada “qızıl”a iddia etməz və 4 il əvvəl olduğu kimi Çempionlar Liqasının finalında oynamazdılar. Keyn “Tottenhem” üçün klubun onun üçün etdiyindən daha artığını edib. Çoxdan London komandasının səviyyəsini aşan Harri şanlı karyerası ərzində, heç olmasa, bir titul qazanmağı haqq edib. O, yəqin ki, indi özünü incik hiss edir: ən yüksək səviyyədə bu qədər çox qol vuran futbolçular, adətən, dəfələrlə çempion olur. Keyn isə maksimum finallarda oynayıb və premyer-liqada 2-ci yeri tutub. Bəlkə artıq yeni nəyisə sınamağın vaxtıdı?!
Münhenin inadkarlığı
İndi Keynin gedişi baxımından ideal məqamdı. O, “Tottenhem”də əsas fərdi hədəflərinə çatıb və kluba loyallığını hamıya sübut edib. Üstəlik “mahmızlar” enişdədi, mövsümün sonuclarına görə hətta Konfrans Liqasına da düşməyiblər, növbəti mövsümdə o qədər də məşhur olmayan yeni məşqçinin – Angelos Postekoğlunun rəhbərliyi altında növbəti yenidənqurma mərhələsini yaşayacaqlar. Və ən vacibi: forvardın “Tottenhem”lə müqaviləsinin vaxtı bir ildən sonra bitir, belə görünür ki, müddət uzadılmayacaq. Klubun ehtiyatlı sahibi Deniel Levi Keyndən pul qazanmaq istəyirsə, onu elə indi satmaq lazımdı. Harrinin bir ildən sonra “Tottenhem”i havayı tərk etmək riski var.
“Bavariya” da bütün bunları çox gözəl anlayır. “Bild” yanvarda Keynin münhenlilərin hücum xəttini gücləndirmək üçün prioritet variant olduğunu xəbər verəndə çoxları bunu ciddiyə almadı. İndi isə həqiqətən dalğa qalxıb: nüfuzlu və etibarlı insayderlərin yazdıqlarına inansaq, “Bavariya” artıq “Tottenhem”ə futbolçunu bonusları nəzərə almadan 70 milyon avroya satmağı təklif edib, gözlənildiyi kimi, londonlular boyun qaçırıblar. ESPN iddia edir ki, klub liderinə onu satmaq arzusunda olmadığını çatdırıb. Ancaq hər şey tezliklə dəyişə bilər.
O da bildirilir ki, Keynlə “Bavariya” artıq keçidlə bağlı şifahi razılıq əldə edib, odu ki, ən çətin vəzifə Levini dilə tutmaqdı. Münhenlilər artıq 93 milyon avroluq ikinci təklifi hazırlayır, ancaq çətin ki, “mahmızlar” bunu da asanlıqla qəbul edə. Çox güman, biz geniş miqyaslı transfer dastanının başıanğıcındayıq, hansı ki, yalnız yayın sonunda bitə bilər. Hətta bəlkə də qışda. Sadəcə, onda transfer məbləği xeyli aşağı düşəcək. Axı belədə Keynin müqavilə müddətinin sonuna cəmi yarım il qalacaq.
İngiltərəlinin dilemması
Keyn üçün bu yay taleyüklü olacaq. O, “Tottenhem”dən getməsə, hansısa ciddi titul qazanmaq şansını önəmli dərəcədə azaldacaq. Əlbəttə, Harri üç-dörd ildən sonra şərti Şəudiyyə Ərəbistanına və ya MLS-ə yollana, orda titullar qazana bilər. Ancaq tarixin ən güclü ingiltərəli forvardlarından birinin ambisiyaları və potensialı daha yüksəkdi. “Tottenhem”in qarşıdakı mövsümdə canlanacağına və titullar uğrunda mübarizəyə qayıdacağına inanmaq hədsiz çətindi. Çox güman, “mahmızlar”ı növbəti “boz” mövsüm gözləyir və yenə Keyn “kənddə birinci oğlan olacaq”. İngiltərə yığmasının kapitanı üçün əsas dilemma da elə budu: nəzəri cəhətdən karyerasının sonuna qədər “Tottenhem”də qala və azarkeşlərin gözündə ölümsüzləşə bilər, ancaq heç bir titul qazanmadan. Bəs belədə o özü karyerasını uğurlu sayacaqmı? Françesko Totti də əslində qazandığından daha çox titul qazana bilərdi (hərçənd o, heç olmasa, İtaliya çempionu və kubokun qalibi olub), əvəzində onun adı “sadiqlik” ifadəsinin sinoniminə çevrildi. Keyn hələ ki oxşar yolla gedir, yalnız heç bir titulu olmadan.
“Bavariya”da ingiltərəlinin hər şeyi olacaq: yəqin ki, Tomas Tuxel komandanın oyununu ona uyğunlaşdıracaq, hücumçu özü də güclü çempionata asanlıqla öyrəşməlidi, axı bundesliqada komandaların orta səviyyəsi premyer-liqa ilə müqayisədə daha aşağıdı. Keyn alman torpağındakı elə ilk mövsümündə dərhal bir neçə mükafat, eləcə də Çempionlar Liqasını qazana bilər. Ancaq bu transferə doğru uzun yol var. Keyn centlmendi, əlbəttə, “Tottenhem”in məşqlərini boykot, transferini kütləvi informasiya vasitələri üzərindən tələb etməyəcək. Onun bu mümkün zəifliyindən isə Levi yararlana bilər. Bəlkə də məhz indi Keyn danışıqlarda daha aqressiv olmalı və özünü “Tottenhem”in yaşıl meydandakı oyunlarında olduğu kimi aparmalıdı.
Premyer-liqa rekorduna 47 qol qalır
2014/15 mövsümündən başlayaraq Keyn bir dəfə də İngiltərə çempionatının bombardirləri sırasında 6-cı pillədən aşağı düşməyib. “Tottenhem”in forvardı üç dəfə bu mübarizənin qalbi, üç dəfə ikincisi olub. Premyer-liqa çərçivəsində keçirdiyi 320 oyunda 213 qol vurub ki, bu da turnirin tarixində 2-ci nəticədi. Harri yalnız 260 dəfə fərqlənən Alan Şirerdən geri qalır. Fəaliyyətdə olan futbolçulardan top-10-a ən yaxını isə Məhəmməd Salahdı – 14-cü yer, 139 qol.
premyer-liqa tarixinin bombardirləri
oyunçu ölkə komanda oyun qol
Alan Şirer İngiltərə Blekbern, Nyukasl 441 260
Harri Keyn İngiltərə Tottenhem, Norviç 320 213
Ueyn Runi İngiltərə Everton, MY 491 208
Endi Koul İngiltərə Nyukasl, MY, Blekbern, Fulhem, MS, Portsmut, Sanderlend 414 187
Serxio Aquero Argentina MS 275 184
Frenk Lempard İngiltərə Vest Hem, Çelsi, MS 609 177
Tyerri Anri Fransa Arsenal 258 175
Robbi Fauler İngiltərə Liverpul, Lids, MS, Blekbern 379 163
Cermeyn Fedo İngiltərə Vest Hem, Tottenhem, Portsmut, Sanderlend, Bornmut 496 162
Maykl Ouen İngiltərə Liverpul, Nyukasl, MY, Stok Siti 326 150