İspaniya yığması iyunun 18-də Xorvatiyanı əsas və əlavə vaxtı qolsuz başa çatan finalda penalti seriyasında üstələyərək ilk dəfə Millətlər Liqasında qalib gəldi. Bu, pireneyrilərin son 11 ildə qazandıqları ilk tituldu.
Maraqlı fakt o oldu ki, titul həsrətinə bu müddətdə “qırmızı qəzəb”ə başçılıq edən Xulen Lopetegi və Luis Enrike yox, çoxlarının tanımadığı Luis de la Fuente son qoydu. İndi 61 yaşlı məşqçi ilə tanış olmağın əsl məqamıdı.
Futbola atasının sayəsində bağlandı
De la Fuente İspaniyanın şərab istehsalı ilə məşhur olan La Rioxa vilayətinin ən böyük rayonlarından Aroda dünyaya gəlib. Onun ailəsi şərabçılıqla məşğul olmurdu, müxtəlif sahələrdə işləməklə dolanışığını təmin edirdi. Luisin atasının iş yerini tez-tez dəyişməsi “Atletik”in üzvü olmasına heç bir maneə törətmirdi: klubun üzvlük haqqını ödəyir və komandanın ev oyunlarını izləyirdi. Ata De la Fuente bir gün Bilbaodakı qələbədən sonra o qədər içmişdi ki, oğlunu stadionun ətrafında qoyub harasa getmişdi...
Valideyninin futbola olan ehtirası gələcəyin məşqçisinin taleyini əvvəlcədən müəyyən etmişdi: Luis 1977-ci ildə “Atletik”in akademiyasına qəbul olundu, bir ildən sonra 17 yaşında ikinci heyətə dəvət edildi, 5 ildən sonra isə artıq əsas heyətdə oynamağa başladı. Əfsanəvi hücumçu Aqusti Qainsa həmin illərdə vacib fiqur sayılırdı. O, gənclərin əsas komandaya uyğunlaşması işinə cavabdeh idi: o, Luisin müdafiənin sol cinahında oynamasına səbəbkar oldu, halbuki yeniyetmə futbolçu bir neçə il vinger mövqeyində çıxış etmişdi. Baş məşqçi Xavyer Klemente sonradan bunu etiraf etmişdi: mövqeyi dəyişməyəcəyi halda De la Fuenteni əvəzedicilərin sıralarında saxlayacağını demişdi.
Məşqçiliyə İruleqinin sayəsində başladı
Luis “Atletik”də olduğu 7 il ərzində 146 matçda meydana çıxdı, iki dəfə çempion oldu, bir dəfə isə ölkə kuboku ilə superkubokunu qazandı.
Qeyd edək ki, həmin dövrdə “dubl” edən komandaya avtomatik superkubok verilirdi. 1987-ci ildə “Sevilya”ya yollandı, 4 ildən sonra “Atletik”ə qayıtdı, 1993-cü ildə “Alaves”də qərar tutdu və bir ildən sonra karyerasını başa vurdu. De la Fuente məhz bu klubda məşqçi olmaq qərarını verdi. Bu qərara gəlməsinə Xose Antonio İruleqinin çox təsiri oldu. Onu hələ də İspaniya futbolunun bütün tarixi ərzində ən yaxşı motivator sayır.
İruleqi hətta 1997-ci ildə “Vilyarreal”a təyinat alandan sonra Luisi öz korpusuna dəvət etmişdi, lakin ondan mənfi cavab almışdı: De la Fuente artıq “Portuqalete”yə başçılıq edirdi, rəhbərliyə klubda bütün proseslərə nəzarət etmək imkanı qazanacağı halda komandanı 3 il çalışdıracağına söz vermişdi. Bosslar onun bu şərtini yerinə yetirdilər, məşqçi plana əməl etdi, daha bir il yarıhəvəskar komandanın başında oldu, 2001-ci ildə isə “Sevilya”nın strukturuna dəvət aldı. 4 ildən sonra “Atletik”ə qayıtdı, klubun 19 yaşadək futbolçulardan ibarət komandasını qəbul etdi. Burda o dərəcədə uğurlu işlər gördü ki, tezliklə nəinki ikinci komandaya təyinat aldı, hətta arabir əsas komandada baş məşqçinin səlahiyyətlərini də icra etmək şansı qazandı.
O, 2019-cu ildə verdiyi müsahibəsində məşqçiliyə yeniyetmələrlə işləməklə başlamasına görə məmnunluğunu belə ifadə etmişdi:
“Yeniyetmə oyunçuları çalışdırmağı həmişə xoşlamışam. Ona görə ki, onlara nəsə öyrədə bildiyimi hiss etmişəm. Mənim peşəmin əsas mahiyyəti yalnız topu meydanda necə hərəkət etdirməyi göstərmək deyil, həm də öz nümunəmdə idmanın gənclər üçün doğru seçim olduğunu sübut etməkdi. Bəziləri yeniyetmə yaşlarında bütün həyatını futbola həsr etməyə şübhəli nəzərlərlə baxırlar. Bu normaldı”.
Klub futbolunu niyə tərk etdi?
De la Fuente 2011-ci ildə riskə əl atdı – “Alaves”in baş məşqçi vəzifəsini qəbul etdi. İlk təcrübə çox uğursuz alındı: 2-ci divizionda komandanı yalnız 9 oyuna çıxardı, 4 qələbə qazandı və istefaya göndərildi. Bundan sonra karyerasına iki il çəkən fasilə verən məşqçi özü ilə bağlı vacib qərara gəldi. O, daha klub futbolunda işləmək istəmədiyini özü üçün müəyyən etdi. Bunun üçün əsasları da vardı: ona görə, bu sahədə məşqçiyə çox da inam bəslənilmir, prinsipləri həyata keçirmək üçün lazımi qədər vaxt verilmir, üstəlik çalışdırıcı daha böyük təzyiq altında olur. De la Fuente bundan sonra klub futbolunda emosional planda normal işləyə bilməyəcəyini anladı.
Onunla yolları “Alaves”də birləşən Karlos İndianonun dedikləri maraqlıdı:
“Bu, çox yaxşı adamdı, ola bilsin ki, hətta məşqçi olmaq üçün daha üstün keyfiyyətlərə malikdi. Amma onun işə yanaşma metodu oyunçuların xoşuna gəlirdi. Biz heç də həmişə yaxşı oynamırdıq, lakin Luis futbolçulara həmişə hörmətlə yanaşırdı, odalətli münasibət göstərirdi və hamıya oynamaq imkanı verirdi. Yaxşı xatırlayıram, oyunlardan birində meydana 18 yaşlı futbolçunu buraxdı. Amma yeniyetmə böyük təzyiq altında olduğu üçün normal oynaya bilmədi. Matçdan sonra məşqçidən həmin oyunçuya niyə şans verdiyini soruşduq. Bizə belə cavab verdi: “Ola bilsin ki, bu, komandadakı ilk və sonuncu oyunudu. Rəhbərlik onu satmağı planlaşdırır. Yaxşısı budu, oğlanı debütü münasibətilə təbrik edin”.
İFF ilə əməkdaşlıq və əsas komandaya təyinat
De la Fuente 2013-cü ildə İspaniya Futbol Federasiyası (İFF) ilə əməkdaşlığa başladı. Onun “Sevilya”nın gənclərdən ibarət komandasındakı fəaliyyəti, xüsusilə də əsas heyətə cəlb etdiyi Xesus Navas və Antonio Puerta ilə uğurlu işi diqqəti cəlb etmişdi. Federasiyanın təklifini qəbul edən mütəxəssis 9 il ərzində ölkənin müxtəlif yaş qruplarından olan yeniyetmələr və gənclərdən ibarət yığmalarında çalışdı və hər komandada uğurlu fəaliyyəti ilə təriflər qazandı. İki il əvvəl olimpiya yığması ilə nail olduğu gümüş mükafat onun məşqçilik karyerasında zirvə nöqtəsi oldu.
“Marca” qəzeti Olimpiada-2021-dən dərhal sonra İFF-nin prezidenti Luis Rubialesin De la Fuenteni əsas yığmada görmək istədiyi ilə bağlı xəbər yaymışdı. Milli komandanın DÇ-2022-dəki uğursuzluğundan sonra baş məşqçi Luis Enrikeyə kimin xələf olacağı ictimaiyyətdə çox da müzakirə olunmadı. Hərçənd səbəbkar ölkənin əsas komandasına təyinatına çox təəccüblənmişdi. İlk mətbuat konfransında sevincini bu cümlələrlə ifadə etmişdi: “Evdə idim, mənə zəng edildi və Luis Enrikeni əvəzləmək təklifi aldım. Nə deyim? Sevincimdən ağlayırdım...”
Məlumunuz olsun ki, Unay Simon, Pau Torres, Mark Kukurelya, Mikel Merino, Rodri, Daniel Olmo, Brayan Xil, Mikel Oyarsabal, Marko Asensio, Yeremi Pino və Daniel Sebalyos yeniyetmə yaşlarında don Luisin sərəncamında olublar. Artıq onların hamısı əsas yığmada çıxış edir. Luis Enrike komandaya çağırdığı hər bir gənclə bağlı De la Fuentedən məsləhət alıb. Yığmaya bu ilin yanvarında təyinat alan məşqçi artıq Xoselu, Fran Qarsiya, Robin Le Norman və David Qarsiyanın debütünə şərait yaradıb.
“Bu, hələ başlanğıcdı. Biz gələcəyin komandasını qururuq”, deyə don Luis yetirmələrinin imkanlarına inamını ifadə edir.
Onun komandası necə oynayır?
Əsas yığmanı yarım il əvvəl qəbul edən təcrübəli mütəxəssis bu müddətdə, demək olar ki, ciddi dəyişikliklərə gedə bilməzdi. Bu, xüsusilə onun daim oyunçularla təmasının olmadığını nəzərə alarkən praktiki cəhətdən mümkün deyildi. Odu ki, İspaniya yığması hələ də Luis Enrikenin müəyyən etdiyi xətlə irəliləyir: ilk dəqiqələrdən təşəbbüsə yiyələnir və topa böyük ölçüdə nəzarət edir. Amma bu, heç də yeni çalışdırıcının 5 aylıq fəaliyyəti ərzində heç nəyi dəyişmədiyi anlamına gəlmir. Belə desək, De la Fuente dəqiq cərrahi müdaxilələrlə komandada nəsildəyişmə prosesinə hazırlaşır. Bu proses artıq Serxio Busketsin beynəlxalq karyerasını başa vurması ilə başlayıb.
Don Luisin ilk və əsas uğuru İspaniya yığmasını konkret vəziyyətə tez uyğunlaşmağı bacaran komandaya çevirməsidi. Bu komanda meydana 4-3-3 standart düzülüşü ilə çıxır, matçın gedişində sxem vəziyyətə uyğun olaraq dəyişir. Dəqiq desək, rəqib ispanların ilkin taktikasına uyğunlaşmağa başlayandan - 30-cu dəqiqədən sonra məşqçi ilkin sxemi başqası ilə əvəzləyir.
AÇ-2024-ün Norveç ilə martın 25-də Malaqada keçirilən seçmə oyunundan misal göstərək. Matça 4-3-3 düzülüşü ilə başlayan De la Fuentenin komandası ilk hissədə 4-1-4-1 sxeminə keçmiş, sonra 4-2-3-1 düzülüşünü, daha sonra 4-2-2-ni seçmişdi. İkinci hissəyə 4-2-3-1 düzülüşü ilə start verən pireneylilər norveçliləri növbəti dəfə bu sxemə uyğunlaşmağa vadar etmişdilər. Nəticədə ev sahibləri 3:0 hesablı qələbə qazanmışdılar. Göründüyü kimi, De la Fuentenin komandası oyunboyu taktikanı bir neçə dəfə dəyişməklə rəqibi çaş-baş sala bilmişdi.
Yığmanın əsas oyunçusu Rodri sayılır. Baş məşqçi bütün sistemləri onun ətrafında qurur. Yeri gəlmişkən, “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Millətlər Liqasının ən yaxşı oyunçusu seçildi.
De la Fuente Xorvatiya ilə final matçından əvvəl belə demişdi:
“Fikrimcə, Rodri ilə Luka Modriç öz ampluasında dünyanın ən yaxşı futbolçularıdı. Luka bizim işimizi ağırlaşdıracaq, amma bu çətin çağırışı qəbul etməyə hazırıq”.
Nəticədə Modriçə milli komanda ilə ilk titulunu qazanmaq imkanı vermədi. Titulu özü qazandı!