"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda ÇSKA ilə heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Matç ilk dəqiqələrdən gərgin oldu. Çox yaxşı komandaya qarşı oynadıq. Birəbir mübarizələri yaxşı yerinə yetirən rəqib idi. Baxımlı oyun alınmadı. Amma hər iki komanda üçün tanışlıq oldu. ÇSKA bizi bir az çətinliyə saldı. Fərqli-fərqli sistemlərlə oynadı. Bizim üçün xoş oldu. Səhvlərə yol verdik. Futbolçular ümumi oyun ritmindən çıxmadı. Cavab matçı maraqlı olacaq. Bu dəfə daha çox düşünmək lazım gələcək.
- Hava şəraiti oyuna təsir göstərdi?
- Şərtlər hər iki komanda üçün eyni idi. Amma azarkeşlər üçün havanın sərin olması daha yaxşı olardı. Çox isti idi. Belədə futbolçular çox enerji itirir. Belə rəqiblərə qarşı az enerji ilə istədiyini edə bilmirsən. Daha sərin hava olsa, azarkeşlər daha baxımlı matç izləyəcəkdi.
- Elvin bu gün çox istəkli idi. Bununla start heyətinə qayıtmaq istəyinin mesajını verir? Lanqanın zədəsi ciddidi?
- Hələ əsas heyəti tam formalaşdırmamışam. Elvin bu cür davam etsə, niyə start heyətində şans verməyim? Dəyişikliklər olacaq.
- Vaxtı ilə Bolqarıstan komandası olan "Ludoqorets"ə evdə uduzsaz da, səfərdə 7:2 hesabıyla qalib gəlmişdiz. Bu, həminki "Qarabağ"dı, yoxsa körpünün altından çox sular axıb?
- Rəqiblər həmişə dəyişir. İstər heyət, istərsə də oyun baxımından... Futbol o qədər inkişaf edib ki... Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə yanaşır, hamı bizə fərqli gözlə baxır. Biz bunu hiss ediriksə, ancaq daha yaxşı olmalıyıq. Fikrimiz, işimiz, niyyətimiz həmişə budu. Ola bilər ki, bu gün alınsın, sabah yox.
- Bolqar jurnalistlər ÇSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik etdi. Bu heç-heçə sizin üçün nə deməkdi? Cavab oyununda sürpriz ola bilər?
- Səfərdə oynadılar, evə sərfəli nəticə ilə dönürlər. Niyə sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə sevincli idilər. Bildiyimə görə, son vaxtlar komandadan narazılıq var idi. Amma bugünkü oyun üçün razı qalıblar. Normaldı. Cavab oyununa gəlincə, Sofiyaya qələbə üçün yollanacağıq. Hər iki komandanın bacarığı eynidi. Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun. ÇSKA-nın da bizə qalib gəlməyə gücü çatar. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörmət etdiyi futbolçu olub. İndi fərqli sistemlər oynadır. Deməli, rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Biz onlara qalib gələ bilərik, onlar da bizə.
- Rəqiblər nə qədər güclü olsa da, “Qarabağ” adətən saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün belə olmadı. Bu, yeni futbolçuların uyğunlaşma prosesindən keçməsi ilə bağlıdı?
- Səbəb çoxdu. Həm yeni kollektiv, həm ümumi hazırlıq səviyyəsi, həm də rəqib... ÇSKA müdafiə xəttində çox bacarıqlı kollektivdi. Həmçinin, sürətli əks-hücumları var. Birəbir müdafiə olunmaqdan həzz alırdılar. Bəzi problemlərin səbəblərini özümüzdə axtarmalıyıq.